Vətən müharibəsi şanlı tariximizdir

336

Milli mücadilə səlnaməsində ən önəmli yer tutan təqvim tarixi – 27 sentyabr 2020 – ci il hər birimiz üçün unudulmazdır, qürur anlarının yaşandığı məqamdır.
Müqəddəs missiya ilə, haqq işi uğrunda başlanan Vətən müharibəsi şanlı tariximizdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu düşməni torpaqlarımızdan təmizləyərək, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Həqiqət qalib gəldi.
Zehinlərə, yaddaşlara, tarix kitablarına Ali Baş Komandan, qalib ordu, güclü xalq və qüdrətli dövlət epitetləri həkk olundu.
2020 – ci il sentyabrın 27- dən Qarabağ uğrunda başlanan döyüşlər noyabrın 9 – da ordumuzun zəfəri ilə başa çatdı. 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. 2022 – ci il, avqustun 26- da Laçının Zabux və Sus kəndləri də tam nəzarətə götürüldü. 30 ilə yaxın sahibləri üçün qəribsəmiş yurd yerlərində yenidən müqəddəs üçrəngli bayrağımız dalğalanmağa başladı. Prezident İlham Əliyevin 2 dekabr 2020- ci il tarixli sərəncamı ilə şəhidlərimizə ehtiram əlaməti olaraq hər il sentyabrın 27- si Anım günü kimi qeyd edilir.
Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin açılışı, həmçinin Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidənin ucaldılması nəzərdə tutulur. Əlbəttə, Azərbaycan bu böyük Zəfəri qazanana qədər itkilər də verdi.
Qələbə qurbansız ötüşmür. İllah da, qarşında namərd, hiyləgər böyük güclərə arxalanan və 30 il ərzində güclü istehkamlar quran düşmən dayanmışsa.Amma,döyüş ruhlu,qələbə əzmli, vətənpərvər igidlərimiz bütün əngəlləri aşaraq zəka ilə gücün mükəməl vəhdətini nümayiş etdirdilər. Ordumuzun zəfər yürüşü qarşısında tab gətirə bilməyən ermənilər təxribata əl atmaqdan başqa çarə tapmadılar. Dinc mülki şəxsləri hədəfə alaraq müharibə cinayəti törətdilər.Şəhərlərimizi ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutdular.Bunun nəticəsində də 100 – ə yaxın mülki şəxs həlak oldu, 400 – dən çoxu yaralandı, 2406 fərdi ev, 92 çoxmərtəbəli bina, 423 mülki obyekt zərər çəkərək yararsız hala düşdü.
Ermənilər tərəfindən basdırılmış minalar bərpa işlərini ləngidir, mülki əhali üçün təhdid yaradır. Bu günə qədər 150 – dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarəti alıb. 67 məsciddən 65- i tamamilə dağıdılıb və yaxud da heyvan saxlamaq üçün məkan olaraq istifadə edilib.
Müharibə ərəfəsində siyasi konyukturalı, qərəzli beynəlxalq televiziya kanalları və agentliklərin suallarına dürüst və kəsərli cavab verən Prezident İlham Əliyev həm də diplomatiya cəbhəsində möhtəşəm qələbə əldə etdi, erməni xislətinin anatomiyasını, erməni düşüncəsinin xəritəsini dünyaya göstərdi.
“Mən hər zaman qazilərin yanındayam!” Bu sözləri Prezident İlham Əliyev qazilərlə görüşdə söyləmişdi. Canını Vətənə fəda edən əbədiyaşarların ailəsi, qazilər xüsusi diqqət mərkəzində saxlanılır. Dövlət qurumlarının bütün potensialı bu istiqamətdə səfərbər edilib.Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, döyüş yollarının xatırlanması yönündə müxtəlif fundamental, peşəkar layihələr gerçəkləşir. Ali Baş Komandanın sərəncamı ilə “Zəfər” və ” Qarabağ” ordenlərindən əlavə daha 15 yeni medal təsis edilib.
Qazilərə dəstək, şəhid ailələrinə qayğı – dövlət siyasətinin prioritet istiqamətidir.Bu ilin sonuna kimi Bakı, Sumqayıt, Abşeron ərazilərində şəhid ailələri üçün yeni mənzillərin tikintisinin başa çatdırılması planlaşdırılıb. Qazilərin müalicəsinin və digər problemlərinin həllinə önəmli dəstək vermiş ” YAŞAT” fonduna 75 milyon vəsait toplanıb.
Anım günləri ərəfəsində ulu öndər Heydər Əliyevin ” Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kəlamını və böyük sevgi ilə ” Azərbaycan ” şeirini söylədiyini xatırlayıram. Ulu öndərin ideya və tövsiyyələri, arzuları Ali Baş Komandan İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Bu tarixi qələbə ilə Prezident gözümüzü yaşardan qürur anını bizə bəxş etdi. Gücümüzü dünyaya bəyan etdi və bir daha Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, əzəlidir, dönməzdir” çağırışının təntənə məqamını yaşatdı.

Var olsun Müstəqilliyimiz!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər