Vətən müharibəsindən sonra Azərbaycan üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir

564

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərək bir sıra mühüm məqamlara toxundu. Ölkə başçısı çıxışında həm paytaxt Bakının, həm də hazırda yenidənqurma dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirlik və qədimliyin sintezinin yaradılmasına diqqət çəkib. Bir daha əminlik ifadə olundu ki, Qarabağı, Şərqi Zəngəzuru bərpa edərək biz istədiyimizə nail olacağıq.

Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək üçün bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı, işğaldan azad edilmiş Şuşa şəhərində münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.

Bakı tarixi simasını qorumaqla müasirləşib

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Dayanıqlı şəhər inkişafı Vətən Müharibəsindən sonra daha böyük əhəmiyyət kəsb edirş. Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Ermənistan qəsdən şəhər və kəndləri dağıdıb, bütün mədəniyyət və dini abidələri talan edib.

Azərbaycanın 9 şəhəri, yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, xarici mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzulini azad edəndən sonra Azərbaycan ordusu bayrağımızın dalğalanacağı bir bina da tapmadı. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olub və dağıntıların miqyasını sənədləşdiriblər.

Azərbaycan müasir şəhər planlaşdırılması həyata keçirir

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq etməklə müasir şəhər planlaşdırılması həyata keçirir.

Məcburi köçkünlərimiz 30 ildir ki, Ermənistanın işğalından əziyyət çəkib, öz doğma torpaqlarından məhrum ediliblər. Məcburi köçkünlərin qayıdışı ilə bağlı ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. Bu ilin may ayından Ağalı kəndinin ilk sakinləri öz doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Ölkəmizin yenidənqurma prosesində məqsədi keyfiyyət və sürətin vəhdətidir.

Azərbaycan səkkiz aydan da az vaxt ərzində işğaldan azad edilmiş Füzuli şəhərində hava limanı tikib. İşğaldan azad edilmiş Zəngilan və Laçın rayonlarında daha iki hava limanı tikilir. Artıq azad edilmiş bəzi şəhərlərin baş planları hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunub saxlanmasına əsaslanır. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün tamamilə yeni şəhər inşa olunur. Sahəsi 200 hektar olan Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir və investorlar və sahibkarlar üçün açıqdır. Zəngilan şəhərinin təbiətə inteqrasiyası, park şəhərinə çevrilməsi məqsədi ilə salınır.

Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azərbaycanın məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlər qurmaqdır.

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək vacibdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığına inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsihəyata keçirilib.

Azərbaycan müharibə səhifəsini çevirmək istəyindədir

Prezident İlham Əliyev bir daha çıxışında bölgədə sülh və əməkdaşlığın vacibliyini vurğuladı. Ölkə başçısı bildirdi ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.

Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizləmə ilə başlayır. Kütləvi minalanma üzləşdiyimiz ən böyük problemdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını gecikdirir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa işlərini sürətlə həyata keçirir. Müharibədən sonrakı dövrdə qısa müddət ərzində əldə olunmuş uğurlar onu göstərir ki, çox keçmədən bu ərazilər bərpa olunacaq. Burada müasir şəhərlər, kəndlər qurulacaq. 30 ilə yaxın öz yurdlarından ayrı düşən soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar.

 Hümbət Quliyev, Sumqayıt Regional Sahibkarlığın Araşdırma Mərkəzinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər