Menu
Geri İrəli

“Mantı istəmişdi, bişirə bilmədim” – İtkin düşən sumqayıtlı neftçinin ailəsi ilə REPORTAJ (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2016 • Baxış sayı: 3,187 dəfə • Şərh yoxdur
img2275412İtkin neftçi son fotosunu nəvələri ilə çəkdirib.
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən 10 nəfərdən biri Sumqayıt şəhər sakinidir.
ARB 24-ün əməkdaşları, şəhərin 14-cü məhəlləsində yaşayan həmin neftçinin ailəsində olub.
Əslən Tərtər rayonunun Düyərli kəndindən olan Qurbanov Vidadi Cümşüd oğlu 2 oğul atasıdır. 59 yaşlı Vidadi 36 ildir ki, neft-qaz sahəsində çalışıb və ömrünü bu sahəyə həsr edib. Azərbaycan Sənaye İnstitutunu bitirən Vidadi Qurbanov  bir müddət Türkmənistanda  işləyib. 1992-ci ildən isə Sumqayıtda yaşayıb.
Etibar Qurbanov – Vidadi Qurbanovun oğlu:
“Hadisə olmamışdan bir gün əvvəl – ayın 14-də əlaqə saxlamışdıq. Dedi ki, inşallah, ayın 19-da gələcəm, 5 gün istirahəd edib qayıdacam. Demədi ki, hava pisdir. Dedi ki, hər şey yaxşıdır, narahat olmayın, evdən muğayat olun”.
Vidadi Qurbanov  “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində 2010-cu ildən etibarən çalışır. O, burada operator vəzifəsini icra edib.
İtkin düşən neftçinin həyat yoldaşı Şölə İbrahimova Vidadi Qurbanovla son danışığını belə xatırlayır:
“Ayın 14-ü, günortadan sonra danışmışam. Gecə də zəng elədim, dedi ki, yaxşıyam. Uşaqlarını, nəvələrini soruşdu, dedi ki, özünüzdən muğayat olun. Dedim, sən özündən muğayat ol. Dedi, yox e, hər şey yaxşıdır, gələcəm, 5 gün qalıb, qayıdacam”.
Şölə İbrahimova peşmandır. Ona görə yox ki, Vidadi Qurbanovla ailə həyatı qurub. Ona görə ki, sonuncu dəfə həyat yoldaşının ondan sevdiyi yeməyi bişirməyi xahiş edəndə o, bunu etməyib. Hazırda buna görə özünü qınayır: “Mantı istəyirdi, bir onu bişirə bilmədim. Dedi ki, mənə mantı hazırla. Mantını çox sevirdi. Dedim ki, yeni il qabağı bişirərəm, tək çatdıra bilmirəm, get restorandan al”.
Vidadi Qurbanovun böyük oğlu itkin düşənlər arasında olan atasından soraq almaq məqsədi ilə iki gündür ki, Bakıdadır. İndi hər kəsin gözü televizorda qulağı isə səsdədir. Vidadi və digər itkin düşən neftçilərdən gələcək hər hansı bir xəbəri səbrsizliklə gözləyirlər.
Ramiz İbrahimov – Vidadi Qurbanovun qaynı: “Balalarına, yoldaşlarına sadiq adam idi. Saf insan idi.
Vidadi Qurabanov nəvəsini çox istəyirdi. Ailə üzvləri deyir ki, Vidadi işdən nə qədər yorğun gəlsəydi belə, nəvəsi ilə oynayardı. Vidadinin çəkdirdiyi son fotosu da elə nəvələriylə olub. İndi bu balacanın gözləri yol çəkir. Hələ də babasının bir gün qapını açaraq içəri girəcəyini gözləyir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın