Xaricdən telefon gətirənlərin işi çətinləşir

891

Mobil telefonlar üçün “ağ” və “qara” siyahılar hazırlanıb

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IMEI-kodları “qara siyahı”da olan mobil cihazlara telekommunikasiya xidmətləri göstərənlərin cərimələnməsinə dair İnzibati Xətalar Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiqləyib. Dəyişikliklərə görə, məcəlləyə bununla bağlı müəyyən cəza nəzərdə tutan 180-2 və 180-3 maddəsi əlavə olunur.

Dəyişikliklərə əsasən, mobil operator tərəfindən IMEI kod nömrələri qara siyahıda olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər 2 min manat miqdarında, hüquqi şəxslər isə 10 min manat miqdarında cərimə ediləcəklər.

Nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 min manat miqdarında, hüquqi şəxslər isə 20 min manat miqdarında cərimə ediləcək.

180-3 maddəsi telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının təmin edilməməsi ilə bağlıdır. Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər 5 min manat miqdarında, hüquqi şəxslər isə 25 min manat miqdarında cərimə edilir.

Nəzərinizə çatdıraq ki, bu istiqamətdə yeniliklər hələ təqribən 2 il öncə özünü ciddi şəkildə göstərməyə başladı. Belə ki, öncə Nazirlər Kabineti «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nı təsdiqlədi və Azərbaycanda istifadə olunan bütün mobil telefonlar və digər mobil cihazlar qeydiyyata alındı. «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»na əsasən, ölkədə mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıqlar mobil cihazların qeydiyyat sistemində (MCQS) qeydiyyata alındı. Əlavə edək ki, MCQS Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazlar barədə göstəricilərin daxil edildiyi informasiya sistemidir. MCQS Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qurulur və bura mobil operatorların telekommunikasiya şəbəkələri qoşulur.
İndi isə bir az ətraflı… Sözügedən qərara əsasən, MCQS-ə mobil telefonun bir sıra göstəriciləri daxil edilib. Bura mobil telefonların IMEI-kod adlanan beynəlxalq identifikasiya nömrəsi, telefonun mobil şəbəkə (abunəçi) nömrəsi, SİM kartın seriya nömrəsi, eləcə də mobil cihaz tipinin təsdiq kodu aiddir. Qaydalara görə, MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə görə bir neçə kateqoriyaya bölünüb. “Ağ siyahı”ya daxil olanlar qanuni qeydiyyata alınan, “qara siyahı”ya daxil olanlar isə qanuni qeydiyyata alınmayan cihazlardır. Qaydaya görə, mobil operatorlar “qara səhifə”də olan mobil cihazlara xidməti məhdudlaşdırmalıdırlar. Başqa sözlə, MCQS-da qeydiyyata düşməyən mobil cihazlardan istifadə etmək praktiki olaraq mümkün olmur. “Boz səhifə”yə daxil olan cihazlar isə “ağ” və “qara səhifə”lərə düşməyənlərdir.

Qaydalara əsasən, IMEI-kodaları “ağ səhifə”də olan mobil cihazlar yalnız uyğunlaşdırıldığı mobil (sellülar) telefon nömrələri ilə istifadə edilir. Başqa sözlə, belə telefonları yalnız qeydiyyatdan keçdikləri telefon nömrələri ilə istifadə etmək mümkündür.

Ölkəyə satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları idxal edən şəxslər idxal etdikləri, ölkə daxilində belə cihazların istehsalı ilə məşğul olanlar isə istehsal etdikləri mobil cihazlar barədə göstəriciləri təqdim etməklə həmin cihazların qeydiyyatı üçün qeydiyyat mərkəzinə müraciət etməlidirlər.

Artıq Azərbaycana mobil telefonu şəxsi istifadə məqsədilə gətirənlər də onların qeydiyyata alınması üçün bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət etməlidirlər. Mobil cihazların qeydiyyatı ilə bağlı qaydalar ölkəyə poçt vasitəsilə göndərilən cihazlara da aiddir.

Ərizədə göstərilmiş IMEI-kodun “ağ səhifə”də olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin IMEI-kodu dərhal “qara səhifə”yə daxil edilir və bu barədə müraciət edən şəxsə rəsmi məlumat göndərilir. Mobil cihaz istifadə edildiyi halda isə abunəçiyə aidiyyəti mobil operator tərəfindən qısa mesaj göndərilir, mobil operatorlar qara səhifəyə daxil edilmiş IMEI-kodları üzrə mobil cihazların fəaliyyətini 24 saat ərzində məhdudlaşdırırlar.

Yeni qaydalara görə, mobil telefonu itən və ya oğurlanan şəxs həmin telefona xidmət göstərilməsinin məhdudlaşdırılması üçün qeydiyyat mərkəzinə müraciət edə bilər. Bu müraciət nəticəsində telefona xidmət kəsilir. Həmin cihazdan istifadəyə icazə verilməsi üçün də (məsələn, telefon tapıldıqda) abunəçi eyni qayda ilə qeydiyyat mərkəzinə müraciət etməlidir.

Qərara əsasən, bu günədək istifadə olunan mobil cihazların qeydiyyatında problem olmayacaq. Eyni zamanda, MCQS-nin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların IMEI nömrələri qeydiyyat mərkəzi tərəfindən mobil operatorların təqdim etdikləri məlumatlar əsasında “ağ səhifə”yə daxil edilir. MCQS-də qeydiyyata alınmış mobil cihazların istifadəçiləri dəyişdikdə, həmin cihazların təkrar qeydiyyatı tələb olunmur.

 

Elnur Ağayev, “168 saat” qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər