Menu
Geri İrəli

«Azərikimya» İB -də «Sumqayıt həqiqətləri» kitabının təqdimat mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2011 • Baxış sayı: 347 dəfə • Şərh yoxdur

Avqustun 4-də «Azərikimya» İB-nin akt zalında kimyaçıların və şəhər ziyalılarının – elm, təhsil, mədəniyyət və mətbuat nümayəndələrinin iştirakı ilə fəlsəfə elmləri doktoru, Azərbaycanın Əməkdar müəllimi Həsən Sadıqovun və filologiya elmləri doktoru Rama­zan Məmmədovun Sumqayıtın dünənini və bugününü, həmçinin 1988-ci ilin fevral hadisələrinin törənmə səbəblərini,  erməni fitnəkarlığını və xəyanətkarlığını  əks etdirən ikicildlik «Sumqayıt həqiqətləri» kitabının təqdimat mərasimi keçirilmişdir.

Bir vaxtlar beynəlmiləl bir şəhər kimi tanınan, 70-ə yaxın millətin nümayəndələrinin yaşayıb-çalışdığı Sumqayıtın sosial-iqtisadi, demoqrafik inkişafını kifayət qədər dolğunluqla əks etdirən fakt və məlumatların toplandığı, eyni zamanda ermənilərin xəyanətkar məq­səd­lə­rinə xid­mət edən və onların qabaqcadan hazırladığı ssenari əsasında törə­dilmiş hadi­sə­lərin yaranma səbəblərini üzə çıxaran, SSRİ-nin süqutuna aparan hə­min döv­rün xa­o­tik siyasi mənzərəsini yaradan əsər haqqında tədbir iştirakçılarına qı­sa infor­masiya verilmiş, Sumqayıtla bağlı erməni təbliğat maşınının bu gün də öz fəa­liy­yətini iftira və uydurmalar əsasında geniş davam etdirməsi, bunun qarşısının alınması, erməni təbliğatına qarşı ideoloji mübarizəni həm ölkə daxilində, həm də xaricdə güclən­dir­məyin, bu işi ardıcıl olaraq və daim aparmağın vacib olduğu diqqətə çatdırılmışdır.

Sumqayıtın yaranma tarixinin, onun sosial-iqtisadi, mədəni, demoqrafik inkişafının ilk təd­qiqatçı olaraq şəhərin beynəlmiləlçilik ənənələrini təbliğ edən professor H.Sadıqov və onun həmkarı professor R.Məmmədov kitab üzərində işləyərkən erməni millətçilərinin hələ şəhər yenicə salınmağa başlarkən xalqımızın genofonduna, onun sağlam gələcə­yinə qarşı yönəldilmiş fitnəkar əməllərini üzə çıxardıqlarından danışmış, SSRİ-nin erməni mənşəli neft-kimya sənayesi nazirinin insan həyatı üçün ən təhlükəli olan lindan kimi isteh­salatların bilərəkdən Sumqayıtda inşa edilməsinə qərar verməsinin xalqımıza qarşı çoxmərhələli bioloji genosid planının tərkib hissəsi olduğunu diqqətə çatdırmışlar.

Tədbirdə çıxış edənlər «Sumqayıt həqiqətləri» kitabının xalqımız haqqında erməni iftira və uydurma­larının qarşısının alınmasında, 1988-ci ilin fevralında törədilmiş hadisələ­rin bütün reallığı və obyektivliyi ilə dünya oxucularına çatdırılmasında, gələcək nəslin hərbi-vətənpər­vərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağını bildirmişlər.

«Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Muxtar Babayev öz çıxışında sumqayıtlı alimlərin erməni ideologiyasının ifşa­sı­na yönəldilmiş əsərinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmiş, lakin bu istiqa­mət­də işi daha geniş bir cəbhə ilə aparmağın, ölkənin hərbi-iqtisadi qüdrətinin artırılması ilə yanaşı, xalqımızın, xüsusilə də yetişməkdə olan nəslin güclü elmi potensiala, yüksək siyasi şüura və çevik intellektə malik olmasının həm bu gün, həm də gələcək üçün son dərəcə vacib olduğunu  vurğulamışdır.

Görüşün sonunda müəlliflər tədbir iştirakçılarının çoxsaylı suallarına cavab vermiş, oxuculara avtoqrafları ilə «Sumqayıt həqiqətləri» kitabını bağışlamışlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın