Menu
Geri İrəli

«Sumqayıt»ın qələbəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2011 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan futbol çempionatının birinci dəstəsinin güclü və perspektivli debütantı olan «Sumqayıt» futbol komandası artıq dördüncü dəfədir ki, uğursuzluq nə olduğunu bilmədən turnir cədvəlində inamla irəliləməkdədir. Özgə meydançalarında qazandığı qələ­bələr seriyasını, nəhayət ki, öz meydançasında da davam etdirməyə başlamış «Sumqayıt» ötən bazar günü M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda «Şuşa-09» komandasını qəbul edərək, onu 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdır.

Komandanın bir-neçə təcrübəli oyunçusunun zədəli olduğundan meydançaya çıxma­dığına baxmayaraq, sumqayıtlılar bütün qüvvələrini səfərbərliyə almış, gərgin idman mübarizəsi şəraitində keçən oyunda dəfələrlə əlverişli qol vəziyyəti yaratmış və onlardan birini uğurla reallaşdıra bilmişlər. Bu, matçın 60-cı dəqiqəsində baş vermişdir. Perspek­tivli idmançı, «futbol civəsi» kimi özünəməxsus cəldlik və çevikliklə meydançanın hər ye­rində görünərək, topa yiyələnməyi bacaran Əsgər Abbasovun qoşulduğu  sürətli hü­cum­ların birində topu qəbul edən hücumçu Həsən Allahverdiyev rəqibin müdafiə xəttini çox ustalıqla və qətiyyətlə yararaq, öz məharətli qolu ilə sumqayıtlı pərəstişkarlarını sevin­dirmişdir.

«Sumqayıt» koman­dası hazırda 36 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmışdır.

Komandanın növbəti oyunu şənbə günü – aprelin 9-da yenə də doğma şəhər­də, M.Hüseynzadə adına şəhər stadionunda keçiriləcəkdir. «Sumqayıt» həmin gün Qusarın «Şahdağ» komandasını qəbul edəcəkdir. Xatırladaq ki, çempionatın birinci dövrəsində qusar­lıların qonağı olmuş «Sumqayıt» Qusarda öz rəqibi üzərində inamlı qələbə qazan­mışdı. Bu səbəbdən  oyunun son dərəcə gərgin və maraqlı keçəcəyi gözlənilir.

Hamınızı bu oyuna tamaşa etməyə, koman­damıza dəstək olmağa dəvət edirik. Oyun saat 15-00-da başlanacaqdır. Giriş pulsuzdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın