Menu
Geri İrəli

İbrahim Emin: ““YUXU”nun ən böyük üstünlüyü onda idi ki, doğma dildə oxuyurdu”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2013 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur
“Pulumuz olmadığına görə fransız qadınla gedə bilmədik”Publika.Az-ın “Ev Havası” layihəsinin növbəti qonağı əfsanəvi “YUXU” rok qrupunun yaradıcısı və bassisti İbrahim Emindir.
- Rok qruplar mətbuatdan qaçır, müsahibə vermək istəmir. Həmçinin siz də müsahibə vermək üçün uzun zaman çək-çevir etdiniz.
- Yox, müsahibələrim olub. Amma rok kütləyə hesablanmayıb. Rok qruplar mediatik olmasa daha yaxşıdır. Mediatik olmaq daha çox müğənnilərə xasdır. Roku kütləviləşdirsək, əsl mahiyyəti itər.
- Hazırda nə işlə məşğulsunuz? “YUXU” bitdimi?
- Yeni qrup yaratmışıq. “SİRR”qrupu. Ölkənin ən istedadlı rokçularını ora toplamağa çalışırıq. 2003-cü ildə İstanbuldan qayıdanda düşündüm ki, gəncləri toplayıb qrup hazırlamaq lazımdır. İndi bir albomumuz hazırdır. Albomun üz qabığını hazırlayıb İstanbula aparacağam.
- Roka əvvəlki maraq qalıb?
- Rokla başqa tərzi qarışdırmaq olmaz. Demirəm ki, rokla pul qazanmaq olmaz. Təbii ki olar. Rok etirazdır. Gördüyünü danışmaqdır. Rok nə musiqiçiyə, nə də dinləyənə asan başa gəlmir. Rok elə bir janrdır ki, onun aludəçisi olan gənc sonradan zövqsüz musiqiyə qayıda bilməz. Əvvəlkindən də çox maraq var. Gənclər arasında, həmçinin orta yaş qrupu arasında roksevərlər çoxdur. Mediada çox görünən rok qruplarını tam qəbul edə bilmirəm.
- Rok qruplarının mediatik olmasında pis nə var ki? Rok ortada görünməyəndə təbii olaraq zövqsüz musiqi özünə daha çox yer tapacaq.
- Musiqi seçimi bilirsiniz nəyə oxşayır? Siz saytınızda hər tipdə material təqdim edirsiniz. Hansısa oxucu sizə zəng edib hansısa materialla bağlı narazılıq edəndə ona verəcək cavabınız var. Siz deyəcəksiniz ki, seçim çoxdur, istədiyini oxu. Dinləyicinin zövqü yoxdursa, efirdə bütün günü rok verilsə də, o, gedib yenə də zövqsüz musiqiyə qulaq asacaq.
- Televizora baxırsınızmı?
- Arada xəbərləri izləyirəm. Televizora ancaq kompüterim xarab olanda baxıram. Fikirləşirəm ki, indi çoxları mənim günümdədir.
- Televizordan uzaqlaşmaq xeyirlidirmi?
- Azərbaycan televiziyalarında elə proqramlar var ki, ona baxmaq olmaz. Bu gənc nəsli uçuruma apara bilər. Evlilik proqramları, bir dəstə qadının yığışıb ağladığı proqramlar çürük gələcək yetişdirməyə xidmət edir. Hələ bir xanım aparıcı var, Xoşqədəm Hidayətqızı. O, kimisə axtarır. Amma məncə onu da kimsə axtarmalıdır ki, proqram adı ilə insanların psixologiyasını korlamasın. Bütün dünyada itkin qohumları axtarmaq üçün proqramlar var. Ancaq onların məqsədi insanlara kömək etməkdir, körpə uşaqları efirə yığıb ağlatmaq yox.
- Rokla məşğul olan adamın dərin mütaliəli olması vacibdir?
- O, kütləyə danışır. İntellektual səviyyələri olması vacibdir. Rokerlər xüsusi təbəqədir. Panklar, hippilər, satanistlər, kommunistlər, rokerlər çox oxuyur. Bu da təqlidlə, əda ilə bağlıdır. Belə təbəqələrin içinə düşənlər daha çox əyalətdən gələnlər olur. Onlar da nə təqdim edildisə, onu da qəbul edirlər.
- Roker mütləq qulağı sırğalı, dəri geyimdə, dəmirlərin içində olmalıdır?
- Bu təqliddir. Harada yazılıb ki, roker mütləq dəmirin içində itib-batmalıdır? Əsas sənətdir. Biz Türkiyədə işlədiyimiz vaxt ən məşhur, səviyyəli rok qruplarda çıxış edirdik. Çox tezliklə məşhurlaşmışdıq. Çox sevilirdik, bizə hörmətlə yanaşırdılar. Lakin elə rok klublar olurdu ki, bizi ora buraxmırdılar. Çünki, görünüşcə standart rokerə oxşamırdıq. Bizim qulağımızda çoxlu sırğalar, dəmirlər yox idi. Saçlarımız yerlə sürünmürdü. Bütün bu sadaladıqlarım klişələr, standartlardır.
- Bəs içki? Roker, sənətçi mütləq içməlidir?
- Mənim elə roker tanışlarım var ki, nəinki içki, heç siqaretə də yaxın durmurlar. Ancaq elə məqamlar var ki, içkisiz ötüşmək olmur. Təsəvvür edin ki, səhnədə oxuyursunuz:
Mənfi səslənir adım mənim.
Yoxdur dünyada
mənim hörmətim.
Bu sətirləri oxuyursan. Və səni anlamırlar. Məcburən içirsən.
- İçki istedadı artırır?
- Yox, qətiyyən. Onda gərək, bütün alkoqoliklər roker olsun.
- Bəs narkotika? Rokerlərin narkotikadan ölməyi sanki, boyunlarına biçilib.
- Mən narkotikanın nə olduğunu bilmirəm. Heç kimə də belə bir şey etməyi məsləhət görmürəm.
- “YUXU”nun Sumqayıtda yaranmağı sizcə, təsadüfi idi?
- Qətiyyən. Sumqayıt fəhlə şəhəri idi. Hər millətdən var idi. Həm də Hacı Zeynalabdin Tağıyev (“Nasosnı”) qəsəbəsinin yaxınlığında idi. Bu qəsəbədə hərbi baza var idi. Xaricdən plastinkalar gətirib satırdılar. Gecə saat 12-ni gözləyirdik ki, xarici radio-dalğaları – BBC-ni, “Amerikanın səsi”ni tutub roka qulaq asaq. Biz qrupu yaratdığımız vaxt Bakıda 80-dən çox rok-qrup var idi. Ancaq “YUXU” seçildi.
- “YUXU”nun bəxti onda gətirdi ki, televiziyaya çıxmaq şansı qazandı.
- “YUXU” efirə elə-belə, asanlıqla çıxmadı. Biz 1989-cu ildə keçirilən festivalın qalibi olmuşduq. Məsələ burasındadır ki, bizdən başqa festivala başqa rok-qrup gəlməmişdi. Festivala kimi çağırırdılarsa gəlmirdi. Festivalda iştirak eləmək konsert qədər asan deyildi. Festivalda edilən səhv bağışlanmazdı. “YUXU”nun ən böyük üstünlüyü onda idi ki, doğma dildə oxuyurdu. Həm də bizim gitaraçımız gitarada folk ştirxlər edə bilirdi. Həm də elə sözlər seçirdik ki, xaricilərin də qulağına yatımlı olurdu. Məsələn, bizim “bəd”lə, ingilislərin “bad”i eyni səslənir, mənası da eynidir.
- Türkiyə sizi necə qarşıladı?
- Çox gülməli. Onlar təsəvvür edə bilmirdi ki, müharibə gedən ölkədə rok ola bilər. Elə bizim də düşüncəmiz Türkiyə barədə fərqli idi. Biz elə bilirdik ki, Türkiyə Əfqanıstan kimi bir yerdir. Amma gedəndə gördük ki, Türkiyə Əfqanıstana yox, Amerikaya oxşayır. Sovet adamı ilə Türkiyədəki adamın düşüncəsi təbii olaraq eyni cür ola bilməzdi. İlk müraciət etdiyimiz rok-klubda dedilər ki, axşam gələrsiniz, ən yaxşı rokçularımız oxuyacaq. Bir az sıxıntı keçirdik. Axşam gələndə gördük ki, ən yaxşı aparaturaları var. Görüntüləri də əsl roker görüntüsü. Onlar oxumağa başlayan kimi sakitləşdik. Başa düşdük ki, bizdən yaxşısı yoxdur. Həmin rok-klubu biz dirçəltdik.
- Bəs sizə kömək etməyə söz verən fransız xanımın axırı necə oldu?
- Hə.. Madam Paskal. Mətbuatda Madam Paskal və bizim iş birliyimizlə bağlı çox qəribə sözlər yazdılar. Hərdən oxuyub öz-özümə gülürəm. Madam Paskal bizim qrupa kömək etmək üçün əlindən gələni etdi. Guya yazırlar ki, Madam Paskal bizə albom çıxartmağı söz verib, ancaq yerinə yetirməyib. Bizim o zaman çoxdan albomumuz var idi. Hətta ikinci albomu çıxartmağa hazırlaşırdıq. İkinci albomun hər şeyi hazır idi. Albomun yazılmasında Rafiq Babayevin də zəhməti olmuşdu. Bunu Siyavuş Kərimi də təsdiqləyə bilər. Madam Paskal Rusiyada musiqi təhsili almışdı. Radioda bizim mahnılarımızı eşitmişdi. Tanış olmaq üçün Bakıya gəlmişdi. Ona qəribə gəlirdi ki, müharibə gedən ölkədə belə rok-qrup yaranıb. Hətta danışırdı ki, Bakıya bizimlə tanış olmaq gəlmək istəyəndə həmvətənləri ona deyib ki, Bakı təhlükəlidir, getməsin. O isə, Bakıya gələndən sonra dedi ki, mən Fransa ilə müqayisədə Bakıda təhlükəsizlikdəyəm. Bizi Parisə dəvət etdi.
- Ancaq Parisə gedib çıxa bilmədiniz.
- Çətin dövr idi. Elə oldu ki, bəzi ölkələrə Sovet pasportu ilə keçmək qadağan edildi. Rafiq Babayev də məsləhət gördü ki, çıxıb gedək. Amma bizim yol xərclərini ödəməyə pulumuz olmadı. Ona görə də, Fransaya gedə bilmədik. Fransaya yox, İstanbula getdik. Madam Paskal İstanbula gəlib bizi tapdı. İstanbulda albomumuz çıxandan sonra türklər dedi ki, hara gedirsiniz? Gavur məmləkətinə? Biz də demək olar ki, aldandıq.
- Türkiyədə qaldığınıza peşmansınız?
- Yox, deməzdim. Bu haqda danışsam, söhbətimiz siyasiləşəcək.
- Yaşı iyirmidən aşağı roksevərlər sizi tanıyır?
- Hətta, 17 yaşında roksevərlər də var ki, harada görsələr yaxınlaşırlar. Kim maraqlanırsa, tanıyır. Sadəcə olaraq, indi hər şey dəyişib. İnsanların danışıqları, düşüncə tərzi dəyişib. Bu daha çox rayondan gələn axının sayəsində oldu. Roku qəbul edə bilməyənlər də var.
- Rokçuların özü də PR, tanıtım, rok təbliğatı üçün heç nə etmir.
- Mənim yeganə məqsədim odur ki, “Sirr” qrupunu dünya səviyyəli qrup vəziyyətinə gətirim. Bunun üçün əlimizdə hər cür imkanımız var. Yaxın müddətdə çox yaxşı nəticələrimiz olacaq.
- Bakıda gənclərin əylənməsi üçün şərait var? Söhbət klublardan, rok barlardan gedir.
- Var, amma məni qane edəcək səviyyədə deyil. Bakıdakı klublar əvvəlcə yaxşı reklam edilir. Gənc də düşünür ki, onu gözəl musiqi, əyləncə gözləyir. Bir müddət sonra həmin klubların “zayı” çıxır. Həm də azərbaycanlı ailələrdə bu cür yerlərə münasibət də fərqlidir. Valideynlər razı olmur ki, uşaqları kluba getsin.
- Bəs siz necə düşünürsünüz, yeniyetmə gənci valideyn kluba ürək rahatlığı ilə buraxa bilər?
- Türkiyədə işlədiyimiz vaxt iş səhərə yaxın bitirdi. Bir də görürdüm ki, yeniyetmələr avtobus və metroların işə başlanacağı saatı gözləyir. Onlardan soruşurdum ki, bu saata qədər barda nə iş görürlər? Valideynləri axtarmırmı? Deyirdilər ki, valideynim məndən arxayın olmasa buralara buraxmaz. Hər şey valideynlə uşaq arasındakı münasibətdən asılıdır.

- Bəs rokla folku, popu bir-birinə qarışıdırıb təqdim etməyi qəbul edirsinizmi?

- Qəbul edirəm. “YUXU”da folkdan işarələr çox idi. Amma bununla ehtiyatla davranmaq lazımdır. Popla rokun qarışığında qaydalara əməl edilmədikdə dinləyicini itirmək ehtimalı çoxdur. Sebastiyan Baxın böyük bir kompozisiyasını təkbaşına ifa etmişəm. Çox uğurlu alınıb. İmprovizə yaxşı hadisədir. Ancaq gərək, hər iki tərzi biləsən.
- Rokun inkişafı, geniş meydan alması üçün regionlarda konsert necə seçim olardı?
- Yaxşı ideyadır. Regionlarda gənclərin gündəlik həyatı elə də maraqlı deyil. Əyalət sayılmasa da, yaşadığım Sumqayıt şəhərinin Corat və Saray kəndlərindəki vəziyyəti görürəm. Gənclər əyalətlərdə əylənmir, gənc həyatı keçirmir. Hər gün eyni simaları görür, eyni işlərlə məşğul olurlar. Onlar üçün rok göydəndüşmədir. Nə konsert olursa olsun, fərqi yoxdur. Əyalətlərdə gənclərin inkişafı üçün çox işlər görmək olar.
- Rok qruplar arasında birlik yoxdur. Birgə iş üçün heç nə eləmək istəmirlər.
- Sənətdə qohum-əqrəbalıq olmur. İstedadın varsa qalacaqsan, bacarmırsansa ortadan çıxmalısan. İstedad, zəhmət yoxdursa alınmaz.
- İnanclı insansınız?
- Mən Allahın varlığına, idrak mərkəzinin olduğuna inanıram. Mənim üçün inanc vacibdir. Elə yerlər var ki, dinin varlığı orda mütləqdir. Yadplanetlilərin varlığına inananlar da var. Əgər, yadplanetlilərin varlığına inansaq, təsəvvür edin ki, bir planetdən digərinə bir nəfərin gəlməsi üçün sürtünmə prosesində nə qədər qüvvə sərf edilir. Bu möcüzədir. Hər şeyin “yuxarılardan”, bir yerdən idarə edildiyinə inanıram.
- Roka şeytan musiqisi deyənlər də var.
- Bunu ancaq cahillər deyə bilər. Dünyada krişnaçı, protestant, müsəlman rok qrupları var. Şeytanilik deyəndə həmin insanlar nəyi nəzərdə tutur, bilmirəm.
- Roku dinləyən zaman ekstaz həddinə çatmağı nəzərdə tuturlar.
- Roku və ya başqa musiqini dinlədikdə ekstaz həddinə çatmırsansa, deməli, musiqi dinləmirsən. Musiqi səni alıb aparmalıdır. Rok idrak qapaqlarını açmalıdır. Rok haqda informasiyası olmayan adamlar bəzən belə nağıl danışır.
- Ramşteyni dinləyib aqressivlik göstərən gənclər də var axı.
- Ramşteynin oxuduğu rok deyildi. Necə ki, bir zamanlar Maykl Ceksonu hazır model kimi təqdim etdilər, Ramşteyn də elə proyektlərdən idi. Ramşteynin klipləri pornoqrafiyaya daha çox oxşayır. Ramşteyn məqsədli yaranmışdı. İndi də gördüyünüz kimi ortada yoxdur. Onlar alman millətçilərini qızışdırmaq üçün hesablanmışdı.
- Rok millətçiliyi qəbul edir?
- Ən sərt kommunist, liberal belə ürəyinin dərinliyində millətçidir. Özünə hörmət edən biri millətini başqasının tərəfindən alçalmağa qoymaz. Ona görə ki, haqqı yoxdur. O, bunu bilir, anlayır. Özünə liberal deyənlər də, bayrağını, millətini başqa ölkədə görəndə ürəyi atlayır. Millətçilik isə ümumilikdə sonu fiasko olan məhfumdur. Millətçilik doğru yol ola bilməz. Sən başqası ilə özünə fərq qoyursan. Bunun axırı ola bilməz. Millətçi-rokçu təcrübəsi Almaniyada ağır nəticələr verdi. Alman xalqı hər dövrdə belə gedişlərdən istifadə edir. Nəticədə isə uduzur. Millətçi-rokçular kimi faşist və terrorist yetişdirdilər. Dünyada sarsılmaz və yeganə dəyişməyən bir şey var, o da insanpərvərlik, insanı sevməkdir.

Günay Muradlı
Fotolar: Nuron
Facebook Şərhləndirmə:

Şərhinizi yazın