Menu
Geri İrəli

Əli Hüseynov: “Bu işi görmək üçün hansısa ölkənin universitetində 15 il təhsil almaq lazım deyil” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2009 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

Eli-Huseynov

Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov son günlərin ən çox müzakirə mövzusu olan “Kütləvi informasiya vasitələri haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara təklif olunan əlavə və dəyişiklikləri eksklüziv olaraq APA-ya şərh edib.

- Milli Məclisdə yaxın günlərdə müzakirəyə çıxarılması gözlənilən “Bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentə hansı təşəbbüs subyekti tərəfindən təqdim olunub?

- Bu sənədlər toplusu mənim rəhbərlik etdiyim Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanaraq təklif edilib. Bu bizim komitənin layihəsidir. Burada xüsusi olaraq komitənin adındakı dövlət quruculuğu anlayışını önə çəkmək istəyirəm.

- Bura konkret olaraq, hansı sənədlər daxildir?

- Bura “Kütləvi informasiya vasitələri haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Qrant haqqında” qanunlara və İnzibati Məcəlləyə təklif olunan əlavə və dəyişikliklər daxildir. Biz bu sənədləri parlamentə paket şəklində təqdim edəcəyik.

- “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan əlavə və dəyişikliyin mahiyyəti nədir?

- Bu qanunun iki maddəsinə əlavə və dəyişikliklər təklif edilir. Qanunun 8-ci maddəsinə “İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimlərinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilməsi” kimi müddəanın daxil edilməsi təklif edilir. Din dövlətdən ayrıdır. Burada məqsəd dini etiqad azadlığının məhdudlaşdırılması deyil. Söhbət dini ibadət yerlərinə rəhbərlik edən din xadimlərinin təyinatından gedir. Yəni müvafiq icra hakimiyyəti orqanı insanların dini etiqad azadlığına müdaxilə etmir. Yəni burada məsələnin mahiyyəti tənzimlənmədədir. Qanunun 21-ci maddəsinə təklif olunan dəyişiklik “İslam dininə aid ayin və mərasimlərinin aparılması yalnız Azərbaycanda təhsil alan, Azərbaycan vətəndaşı tərəfindən həyata keçirilə bilər” adlı müddəadır. Söhbət ancaq dini təhsildən gedir. Hər bir insanın istənilən yerdə təhsil almaq hüququ var. Biz dini ayin və mərasimlər deyəndə məscidlərdə və ibadət yerlərində həyata keçirilən tədbirləri nəzərdə tuturuq. Yəni hər hansı yas mərasimi və ya tədbirdən söhbət getmir. Azərbaycanda həm Heydər Əliyevin hakimiyyəti, həm də İlham Əliyevin hakimiyyəti dövründə tolerantlıq mövcud olub. Bu gün ölkədə Bakı İslam Universiteti fəaliyyət göstərir. Bundan başqa, dini təhsil verən dörd mədrəsə də var. Bu müəssisələrin maddi-texniki bazası dünyanın istənilən belə yönümlü məktəblərinin təchizatından geri qalmır. Yəni, İslam dini ilə bağlı təhsil almaqdan ötrü Azərbaycanda çox gözəl imkan var. Biz hüquqi və dünyəvi dövlətdə yaşayırıq, əhalinin əksəriyyəti müsəlmanlardır. İslam dini uzun əsrlərdir ki, Azərbaycanda mövcuddur. Azərbaycan xalqı dünyanın istənilən müsəlman ölkəsinin əhalisindən elmli, savadlı, bacarıqlı və monoteist təfəkkürlüdür. Bizim insanlar müqəddəs kitabı oxumaq və anlamaq imkanındadır. Bu gün hər bir azərbaycanlının evində Qurani-Kərim var. Sual olunur, belə bir şəraitdə İslam dinini kənardan gəlib öyrətməyə nə ehtiyac var? Mən bütün bunları bir vətəndaş kimi deyirəm. Azərbaycan xalqının hələ İslam dinindən öncə mövcud olan abidələrində müqəddəs dini kitablarda ehtiva olunan dəyərlər öz əksini tapıb. Yəni bu ölkədə İslam dinini kənardan gəlib öyrənməyə ehtiyac yoxdur. Kim belə düşünürsə, getsin bu düşüncəsini öz ölkəsində tətbiq etsin. Bəlkə də İslamın və digər səmavi dinlərin mövcud olmadığı yerlərdə bu işi görmək olar. Bizim ölkədə ənənəvi dinlər tarixən mövcud olub. Azərbaycanda hamıya məlum olan həqiqəti yenidən öyrənməyə lüzum yoxdur. Bizim bu sahədə kifayət qədər tanınmış alimlərimiz və mütəfəkkirlərimiz var. Bu o deməkdir ki, xalqımızın milli təfəkküründə həmişə dini, mənəvi dəyərlərə hörmətlə yanaşmaq xüsusi yer tutub. Vaxtilə təqib olunan bir çox dinin nümayəndələri məhz Azərbaycana sığınıblar. Hər zaman dini təfəkkürünü ifadə etmək baxımından təqib olunan bütün xalqlar Azərbaycanda məskən tapıblar. Bu bizim tariximizdir və tolerantlığımızla fəxr edirik. Çoxlarından yaxşı bildiyimiz İslamı başqa yerdən gəlib kiminsə öyrətməsinə heç bir ehtiyacımız yoxdur. Ona görə də ancaq Azərbaycanda təhsil alan Azərbaycan vətəndaşlarına ölkədə dini ayinlərin aparılması etibar oluna bilər. Hesab edirəm ki, qanuna təklif olunan dəyişiklik Bakı İslam Universitetinin dolayısı ilə təkmilləşməsinə təkan olacaq. Ancaq kimsə Azərbaycan hüdudlarından kənarda yüksək dini təhsil alıbsa, qətiyyən narahat olmasın. Onların fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Belə adamlar buyurub Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Milli Elmlər Akademiyasında və digər sahələrdə fəaliyyətlərini göstərə bilərlər. Yenə də deyirəm ki, söhbət yalnız ibadət yerlərində dini ayinlərin aparılmasından gedir. Bu işi görmək üçün hansısa ölkənin universitetində 15 il təhsil almaq lazım deyil. Yeri gəlmişkən, bir məsələyə də münasibət bildirmək istəyirəm. İslam dinini yaymaq istəyənlər bu dinin mahiyyətinə fikir versinlər, müsəlman qardaşlığını yada salsınlar və görsünlər ki, torpağı işğal olunan müsəlman – Azərbaycan xalqını hər yerdə dəstəkləmək lazımdır. Onlar bu məsələyə daha çox fikir versələr, yaxşı olar. Qoy onlar Qurani-Kərimin məhz bu baxımdan müsəlmanların üzərinə qoyduğu öhdəlikləri yerinə yetirsinlər. Yəni məncə əlavə şərhə ehtiyac yoxdur.

- Bəs, “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər nədən ibarətdir?

- Mən bu qanunun 12-ci maddəsinə təklif olunan bircə dəyişikliyi sizin diqqətinə çatdırmaq istəyirəm. “Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi, ictimai qayda üçün təhlükə törədən, irqi, dini, milli ayrı-seçkiliyi təşviq edən, habelə mənəviyyatı təhqir edən qeyri-hökumət təşkilatlarının yaradılmasına yol verilmir”. Biz birləşmək azadlığını hörmətlə yanaşırıq. Ancaq ictimai təhlükəsizlik və ümumiyyətlə, təhlükəsizliyin təminatı məsələsi bütün ölkələrdə prioritetdir. Layihənin məğzi ondan ibarətdir ki, hansısa təşkilatın fəaliyyət göstərməsi üçün heç bir problem yoxdur. Ancaq bu məsələ tənzimlənməli və nizama salınmalıdır. Qeydiyyatsız fəaliyyət yolverilməzdir. O nə fəaliyyətdir ki, qeydiyyatı yoxdur? Bu fəaliyyət şəffaf olmalı, nizamnaməyə söykənməli və maliyyə hesabatına əsaslanmalıdır. Bu prosedurlardan sonra heç bir problem yoxdur. Xarici təşkilatlara gəlincə, burada məsələ bir qədər fərqlidir. Amerikanın özündə də milli QHT-lərin fəaliyyəti ilə xarici QHT-lərin fəaliyyət bir-birindən fərqlənir. Yəni orada xarici hüquqi şəxslərin fəaliyyəti ilə bağlı ayrıca qanun var. Bu işdə xüsusi prosedur nəzərdə tutulur. Bu gün Azərbaycanda hər hansı bir təşkilat təsis edib, onun filialını Amerikada yaratmağa cəhd edin. Bizim qanunvericiliyə təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, xarici beynəlxalq təşkilatlar Azərbaycanda fəaliyyət göstərirlərsə, bunu tənzimləyən hökumətlərarası müqavilələr olmalıdır. Məsələn, Azərbaycanla ABŞ hökuməti arasında belə bir müqavilə var. Burada söhbət hansısa konkret təşkilatdan getmir. Bu işdən narahat olan bəzi beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycanda qeydiyyatdan keçməyiblər. Buyursunlar, onlar da qeydiyyatdan keçsinlər. Burada söhbət hansısa beynəlxalq təşkilata süni yolla mane olmaqdan getmir. Qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, dövlət qeydiyyatına alınmaq üçün müraciət edən QHT bu qanunun müddəalarına uyğunluğu, habelə onların cinayət yolu ilə əldə olunan pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqənin yoxlanılması üçün dövlət qeydiyyatı orqanı müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Yəni dünyanın əksər demokratik və təhlükəsizliyə önəm verən ölkələrinin qanunvericiliyində bu müddəalar var. Əgər bu hallar yoxdursa, həmin təşkilat buyursun, gəlib fəaliyyət göstərsin. Heç kim sadaladığım problemləri olan təşkilatları öz ölkəsində görməyə razı olmaz. Əgər rəyi tələb olunan dövlət orqanı həmin təşkilatların fəaliyyətində yuxarıda sadaladığım yolverilməz cəhətləri müəyyən edərsə, bu təşkilatların qeydiyyatından imtina olunur. Bu dəyişikliklər eyni zamanda, bəzi məsələləri təkmilləşdirir. Məsələn, “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən, yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan, əvvəl təsis edilən digər mətbu nəşrlə eyni ada malik olan, adı ilə əhalini yanılda bilən, habelə mənəviyyatı, milli və dini hissləri təhqir edən mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə qaydasında istehsalına və yayımına xitam verilən mətbu nəşrin təsisçisinə məhkəmənin qərarı ilə 5 ilədək müddətə digər mətbu nəşr təsis edilməsi qadağan edilə bilər. Belə bir oxşar dəyişiklik “Qeyri-hökumət təşkilatları haqqında” qanunda da var.

QHT-lərin adında dövlət orqanlarının adından istifadə oluna bilməz, QHT adlarında Azərbaycanın görkəmli şəxslərinin adı onların yaxın qohumlarının vərəsələrinin icazəsi olmadan, istifadə oluna bilməz. Bir çox ölkələrdə firma adlarının, ümumiyyətlə, hüquq şəxslərin adlarının qorunması ilə bağlı xüsusi qanun var. Vaxtilə mənim tərəfimdən belə bir layihə parlamentə təqdim olunsa da, təəssüf ki, dəstəklənmədi. Ümidvaram ki, bu dəfə təklif etdiyimiz məsələ dəstəklənəcək. Ümidvaram ki, QHT-lər bu məsələləri düzgün qiymətləndirəcək və vəziyyəti mürəkkəbləşdirməyəcəklər.

- Mümkünsə, İnzibati Məcəlləyə təklif olunan dəyişiklik barəsində məlumat verərdiniz.

- Məsələn, hansısa QHT qeydiyyata alınmadan fəaliyyət göstərərsə, inzibati məsuliyyət nəzərdə tutulur. Buna görə müvafiq dövlət orqanı QHT-nin fəaliyyətinin qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Qanunu pozanlara qarşı cərimələr tətbiq olunacaq. Bu cərimələr fiziki şəxslər üçün 800-dən 1000 manatadək, vəzifəli şəxslər üçün 5 000 manatadək, hüquqi şəxslər üçün isə 50 000 manatadək ola bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin isə bu qanunu pozduğuna görə inzibati qaydada ölkədən çıxarılması təklif olunur. Bizim adıçəkilən qanunlara təklif etdiyimiz dəyişikliklər Milli Məclisin iyunun 19-da keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

LENT.AZ
“İslam dininə aid ayin və mərasimlərinin aparılması yalnız Azərbaycanda təhsil alan, Azərbaycan vətəndaşı tərəfindən həyata keçirilə bilər”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın