Menu
Geri İrəli

Ərzaq alarkən nələrə diqqət edirik?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2013 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Sumqayıtlı alıcılar ərzaq alarkən məhsulun keyfiyyətinə necə, hansı meyarlara əsasən diqqət edirlər? Aldıqları məhsullardan razı qalırlarmı? Bu mövzuda şəhərimizin sakinləri arasında kiçik bir sorğu keçirdik. Buyurun, bu da respondentlərimizin cavabları:

Azər Novruzov (28 yaş, Farmasevt):

- Ərzaq alarkən ilk növbədə istehsal tarixinə, tərkibinə və hansı ölkəyə məxsus olduğuna fikir verirəm.

Istərdik ki, milli istehsalımız olan ərzaqlardan istifadə edək. Ancaq müəyyən ərzaqlar var ki, Avropa istehsalı işlətmək daha məqsədəuyğundur. Bu da keyfiyyətdən irəli gəlir.

Narahat olduğumuz  ilk ərzaq bərəkətimiz olan “zavod çörəkləridir”. Daimi olaraq televizorda gostərilir ki, çörək hansı şəraitdə – antisanitar vəziyyətdə bişirilir. Elə ərzaqlar var ki, bunların istehsal tarixini uzatmaq məqsədiylə tərkibinə kimyəvi maddələr vurulur. Bu da insan orqanizminə müxtəlif təhlükələr törədir. Əvvəlki illərə baxanda, artıq satışda köhnə tarixli məhsullar aşkar olunmur, bəlkə də var, amma mən rastlaşmıram…

Hikmət Səfərəliyev (29 yaş hüquqşünas):

- Ərzaq alarkən mən birinci növbədə tarixinə baxıram. Bir də ki, hansı firmanın məhsulu olduğuna. Yeyəndən sonra da keyfiyyətinə baxıb müqayisə edirəm başqa məhsullarla…

Maya Dadaşova (22 yaş, tələbə):

- Tələbə olduğumdan alış-verişi özüm edirəm. Ərzaq alarkən ilk öncə məhsulun çeşidinə, daha sonra qiymətinə və tarixinə diqqət yetirirəm. Bundan başqa məhsulun miqdarı və yerləşdirildiyi qab da önəm daşıyır. Daha çox şüşə qablarda olan məhsullara üstünlük verirəm. Belə məhsullar keyfiyyət baxımından digərlərinə nisbətən daha üstün və təhlükəsiz olur. İstehsal edilən ölkəni də bilmək maraqlı olardı.

Leyla Bayramova (32 yaş, müəllimə):

- Əvvəlcə getdiyim mağazaya diqqət yetirirəm. Bundan sonra ərzağın tarixinə baxıram. Dadına və keyfiyyətinə də baxıram, qane etsə alıram. Ümumiyyətlə, keyfiyyətli məhsular çoxdu.

Zeynəb Abdullazadə (21 yaş, tələbə):

- Ərzaq alarkən ilk növbədə onun istehsal tarixinə, keyfiyyətinə fikir verirəm. Daha sonra isə qiymətinə diqqət yetirirəm. İndiki dövrdə bazarda keyfiyyətsiz məhsullara da rast gəlmək olur.

Babək Nağıyev (35 yaş, müəllim):

- Ərzaq alarkən birinci növbədə tarixinə, daha sora keyfiyyətinə fikir verirəm. Ərzaq alarkən əsas qiymət deyil keyfiyyətdi. Necə deyərlər, az ye, təmiz ye.  Ərzaqda ucuza getmək olmaz.

Əfsanə Muradova (19 yaş, tələbə):

- Ərzaq alarkən ilk öncə diqqət yetirdiyim onun keyfiyyəti və saxlanma müddətidir. Əsasən fikir verdiklərim ət və süd məhsullarıdır. Ərzaq alarkən bir şeyə də fikir vermək lazımdır ki, məhsulun tərkibində hansı maddələr var.

 Nadir Məmmədov ( 51 yaş, sürücü):

- Mən ərzaq alarkən ən əvvəl istehsal tarixinə və hansı ölkənin məhsulu olduğuna baxıram. Fikrimcə, ərzaq alarkən pula qənaət etmək olmaz. Ucuz ərzaqdan keyfiyyət gözləməyə dəyməz axı.

Türkanə Abbasova (38 yaş, psixoloq):

- Ərzaq alarkəm əsasən Rusiya istehsalı olan məhsullara üstünlük verirəm. Çünki Rusiya istehsalı olan ərzaqlar daha keyfiyyətli olur. Qiyməti də elə də baha deyil, normaldı. Bir məslətim də var ki, insanlar ərzaq alarkən böyük marketlərə üz tutsunlar. Belə marketlərdə həm çeşid çoxdu, həm də istehsal tarixi təzə olur.

 Ülviyyə Əbdürrəhmanova (39 yaş, dərzi):

- Ərzaq alarkən ilk növbədə onun qiymətinə, daha sonra məhsulun saxlanma yerinə və tarixinə fikir verirəm. Daha çox əhalinin istifadə etdiyi, reklam olunan məhsulları alıram. Bir də ərzaq alarkən çalışıram ucuz və böyük marketlərə üz tutum. Çünki burada həm qiymət cibə uyğundur, həm də çeşid daha çoxdur.

“168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın