Menu
Geri İrəli

“Azərdəmiryolbank”da baş verənlərin Sumqayıt filialı ilə əlaqəsi yox imiş

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Mart 2010 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

azerdemiryolbank“Azərdəmiryolbank”ın filial rəhbəri həbs olunub. Bankın Gəncə filialının rəhbəri Fərid Quliyev Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək və saxta sənəd əldə etmə maddələri ilə ittiham olunur. Onun bankdan qanunsuz yolla 3 milyon manat vəsait götürdüyü bildirilir.

Bu arada “Azərdəmiryolbank”la bağlı daha bir cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılır. “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının rəhbəri Tural Bayramov dələduzluqda, vəzifə saxtakarlığınında ittiham edilir. Bankın Daxili Audit Departamenti tərəfindən 2009-cu il fevralın 25-də Şamaxı filialının xəzinəsində aparılmış yoxlama zamanı 388.796 manat və 30.478 dollar məbləğində pulun, həmçinin bir bağlama girov qızıl əşyalarının filialın xəzinəsindən götürülərək mənimsənilməsi aşkar edilib.

İstintaq zamanı müəyyən edilib ki, “Azərdəmiryolbank” ASC-nin Şamaxı filialının müdiri Bayramov Tural Zakir oğlu qulluq mövqeyindən istifadə etməklə, etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və ya israf etmə yolu ilə talayıb.

Ölkə mətbuatının verdiyi məlumata görə, sözügedən bankın daha bir əməkdaşı bir qrup vətəndaşı aldadaraq onların külli miqdarda pulunu mənimsəyib. Rəhilə Həsənzadə “Azərdəmiryolbank”ın Sabunçu rayon filialından 60 nəfəri aldadaraq, onların adına 200 min manat kredit götürüb. Rəhilə Həsənzadə həmin pulları götürdükdən sonra ölkədən qaçıb. Qeyd edək ki, Rəhilə Həsənzadə Türkiyəyə gedib. Onun aldatdığı şəxslər isə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə şikayət ediblər. Onların müraciətlərinin araşdırılması isə Bakı Şəhər Baş Polis İdarəsinin Tədqiqat Şöbəsinə tapşırılıb. Hazırda bu cinayət işi üzrə də araşdırma davam edir.

Bundan başqa, Bakının müxtəlif rayonlarında sözügüdən bankla müştərilər arasında qarşılıqlı məhkəmə iddiaları üzrə proseslərin getdiyi bildirilir.

Bankın Sumqayıt şəhər filialının müdir müavini Cabir Sultanov isə “168 saata”a bildirib ki, Sumqayıt filialında bu cür faktlar yoxdur: “Əslində bankla müştərilər arasında müəyyən problemlərin olması qaçılmazdır. Bank krediti verir, vətəndaş onu qaytarmayanda son variant olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalırıq”.

Vüsal, “168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın