Menu
Geri İrəli

“Şərq” bazarının sahibi ilə bazarın ətrafındakı özəl obyektlərin sahibləri qarşı-qarşıyadır

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2011 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri 9-cu mikrorayonda – “Şərq bazarı” adlanan ərazidə müxtəlif təyinatlı 66 obyekt mövcuddur. Həmin obyektlərin sahiblərinin hər birinə isə vaxtilə mülkiyyət hüququnu təsdiq edən sənədlər verilib – çıxarış, texniki pasport, qeydiyyat vəsiqəsi və s.
Xatırladaq ki, bu obyektlər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1994-cü il tarixli 933 nömrəli sərəncamı əsasında tikilib. Belə ki, həmin sərəncamla ərazidə fərdi şəxslərin vəsaiti hesabına açıq bazarın və ticarət obyeklərinin tikilməsinə qərar verilib. O vaxtdan indiyə kimi 24 obyekt sahibi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi ilə, qalan obyektlərin isə hər biri texniki pasportla təmin edilib.
İndi isə “Şərq bazarı”nın keçmiş müdiri, indiki “RHD” şirkətinin təsisçisi Rəşid Babayevin sahibkarlara məxsus obyektləri özəlləşdirmək istəməsi ciddi narazılığa səbəb olub. Hər halda, R.Babayevin belə niyyətdə olmasını obyekt sahibləri iddia edir. Bir neçə dəfə “Şərq bazarı”nın müdiri sayılan Rəşad Babayevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirilməsinə cəhd etdik, lakin cəhdlərimiz bir nəticə vermədi. Köməkçilər hər dəfə bizim kimliyimizi soruşub, “jurnalist” cavabı aldıqdan sonra onun hazırda yerində olmadığını söylədilər. Ancaq sözügedən sahibkarlarla – obyekt sahibləri ilə görüşdük. Onlar bildirdilər ki, Rəşid Babayev onlara məxsus obyektlərin sənədlərinin qanunsuz olduğunu iddia edir. Əvvəllər “Şərq bazarı” tikilərkən bu ərazilər boş qalmışdı. R.Babayev isə müəyyən məbləğdə pul alaraq, həmin ərazidə sahibkarların yeni obyektlər tikməsinə icazə verib. Bununla yanaşı, sahibklarlar hər ay ona müəyyən məbləğdə pul ödəyəcəklərini də öz öhdələrinə götürüblər: “Biz bu obyektləri tikən zaman Rəşid Babayev bildirdi ki, tikin, işlədin, axırda da bu obyektlər hamısı özünüzə qalar. Biz burdakı hər şeyi öz vəsaitimiz hesabına tikmişik və keçmiş icra başçısından texniki pasporta kimi almışdıq”.
Lakin “Şərq bazarı”nın müdiri bizim mağazalarımızı qanunsuz sayaraq əlimizdən alıb, yerində 2 mərtəbəli, tələblərə uyğun mağazalar tikdirəcəyini bildirib.
O halda sual oluna bilər ki, əgər bu gün həmin obyektlər qeyri-qanuni tikili hesab olunursa, son 15 ildə, yəni 1996-2010-cu illər ərzində bu mağazaların qanunsuz fəaliyyət göstərdiyini heç kim başa düşməyib? Qanunsuzdursa, sahibkarlar bu sənədləri necə və hansı yolla əldə ediblər? Sahibkarlardan bir neçəsi isə hətta Rəşid Babayevin “qanunsuz” adlandırdığı bu tikililəri elə özündən aldıqlarını bildirirlər.
Məlumata görə, bu günlərdə Sumqayıt şəhər icra başçısının müavini sahibkarı qəbul edib. Mağaza sahiblərinin sözlərinə görə, o da məsələyə birmənalı münasibət bildirməyib: “Həmin obyektlərin bizə aid olduğunu icra başçısının müavininə sübut edəndən sonra o dedi ki, bu məsələni sonra araşdırarıq”.

Elmir Ağayev, “168saat”
P.S. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın