Menu
Geri İrəli

“Seymur öldürüləndən sonra binanın qarşısına atılıb”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2011 • Baxış sayı: 376 dəfə • 1 şərh

Sumqayıtdakı müəmmalı ölümlə bağlı yeni təfərrüatlar

Rəsmi məlumatlarda, Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 3a saylı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edildiyi bildirilən 1981-ci il təvəllüdlü Seymur Adilovun ölümündəki qaranlıq mətləblər barədə “Azadlıq”ın ötən sayında yazmışdıq. Qeyd etmişdik ki, sözügedən ünvanda Seymurun meyiti aşkarlananda mobil telefonu üstündə olsa da, nömrə yoxa çıxıb. Həmçinin sənədlərlə dolu portmanat da itib. Bu azmış kimi, 9-cu mərtəbədən özünü atan insanın baş nahiyyəsindən başqa heç bir yerində xəsarət izi olmayıb. Bütün bunlar isə istər-istəməz müəyyən şübhələrə yol açır.

Müəmmalı hərəkətlər

Dünən 12-ci mikrorayonda mərhumun üç mərasimi idi. Olayın təfərrüatlarını öyrənmək üçün bir daha sözügedən ünvanda olduq. “Azadlıq”ın ötən sayında mərhumun valideynlərinin fikirlərini çatdıraraq, qeyd etmişdik ki, onlar övladlarının qətlə yetirildiyini düşünürlər. Bu qənaətə gəlmək üçün əsas kimi, nömrənin itməsi, portmanatın yoxa çıxması kimi şübhəli məqamlara istinad edirlər. Onlar həmçinin müəllim işləyən Seymurun belə bir düşüncə sahibi olmadığını bildirirlər.
Dünən Seymurun dostlarıyla söhbətləşmək qərarına gəldik. Dostları isə kifayət qədər məlumata malik olmadıqlarını vurğuladılar. Bildirdilər ki, “qardaş” dedikləri Seymurun ölümünün gerçək səbəbləri onlar üçün də maraqlıdır. Söhbət zamanı onların müəyyən çaşqınlıq içində qaldıqları da meydana çıxdı. Məsələn, dostu Zaur deyir ki, sonuncu dəfə Seymurla ölümündən bir gün öncə görüşüb. Hadisənin baş verdiyi andan (20 fevral axşamüstü) bir neçə saat sonra Seymurun öldüyünü eşidib. Seymurun son zamanlar kimlərləsə probleminin olmadığını, ümumiyyətlə, onu 13-cü mikrorayonun həndəvərində görmədiyini söyləyir. Lakin bir qədər sonra Seymurun, meyiti tapıldığı yerdə bir neçə dəfə olduğunu bildirir.
Seymurun başqa bir dostu Asif isə onunla sonuncu dəfə 14 fevralda görüşdüyünü deyir. O vaxtdan Seymur dünyasını dəyişənə qədərsə, onunla nə görüşdüyünü, nə də zəngləşdiyini bildirir. Ölüm xəbərini isə Zaurdan axşamüstü öyrəndiyini vurğulayır. Amma bir qədər sonra Seymurun ölüm xəbərini hadisənin ertəsi gün – fevralın 21-də aldığını deyir.

Prokurorluq söz verdi

Lakin yasda söhbətləşdiyimiz, lakin adının çəkilməsini istəməyən bir nəfərdən öyrəndik ki, Seymurun 14 fevral – Sevgililər Günü ərəfəsində 13-cü mikrorayonda yaşayan bir qızın qohumlarıyla mübahisəsi düşüb. Məlumatı verən şəxs deyir ki, bütün bu olanlardan Seymurun yaxın çevrəsində olan yoldaşları məlumatlıdır: “Onlar Seymurun kimlərlə problemi, nə kimi söhbətləri olduğunu çox dəqiq bilirlər. Amma nədənsə çəkinirlər. Ola bilsin dostlarına kimlərsə təzyiq edir”.
Yasda söhbətləşdiyimiz başqa birisində isə bu qənaət formalaşıb ki, Seymur öldürüləndən sonra həmin binanın qarşısına atılıb: “9-cu mərtəbədən özünü atan adam parça-parça olmalıdır. Amma elə bir şey yoxdur. Deməli, döyülərək öldürülüb. O ərazi çox sıx olduğundan orada hansısa insident baş versə, hamı bunu görə bilərdi. Ən azı, ona görə ki, yaxınlıqda daim taksilər olur. Yalnız meyiti görüblərsə, deməli, öldürüləndən sonra həmin yerə atılıb”.
Seymurun atası Nəriman Adilov deyir ki, iki gün əvvəl onu prokurorluğa çağırıblar: “Onlara dedim ki, bu gün (dünən) üç mərasimidir, gələ bilmərəm, and-aman elədilər ki, mütləq görüşməliyik”.
Prokurorluğa gedən N.Adilov orada yaxşı qarşılandığını deyir: “Hətta işi aparan müstəntiqə irad bildirildi ki, niyə ləng hərəkət edir. Sonra Seymurun bizdə olan qanlı paltarlarını istintaqa təhvil verməyimizi xahiş etdi. Söz də verdi ki, iş ədalətlə aparılacaq və tez bir zamanda məsələ araşdırılacaq”.

Ramin DEKO, “Azadlıq” qəzeti

Facebook Şərhləndirmə:

““Seymur öldürüləndən sonra binanın qarşısına atılıb”” yazısına bir cavab

  1. XANIM deyir:

    ALLAH REHMET ELESIN. 12DE HANSI BINADAN OLUB?

Şərhinizi yazın