Menu
Geri İrəli

17 saatlıq Minsk danışıqlarının şok sonucları

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2015 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur

img1744909“Normand dördlüyü”nün Ukraynaya dair tarixi anlaşması; Fevralın 15-dən müharibə dayandırılır; Rusiya qoşunları ölkə ərazisindən çıxarılır; Ukrayna mərkəzsizləşməyə və yeni Konstitusiyaya gedir, Donbasın bəzi rayonlarına xüsusi status vəd edir, lakin ölkənin Qərbə, NATO-ya inteqrasiya yolu açıq saxlanılır…

Srağagün axşam Belarusun paytaxtı Minskdə Ukrayna böhranı ilə bağlı aparılan və dünyanın diqqət mərkəzində olan danışıqlar dünən səhər başa çatıb. “Normandiya dördlüyü” adlanan formatda bir araya gələn Ukrayna, Rusiya, Fransa və Almaniyanın  rəhbərləri – Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel problemin həlli üzrə diplomatiya və danışıqlar tarixində rekord sayıla biləcək müddətdə – 17 saat müzakirə aparıblar.

Öncə ikitərəfli, sonra isə “dördlük” formatında bir araya gələn liderlərin müzakirələrinə az sonra 4 ölkənin xarici işlər nazirləri də qoşulub. Lakin danışıqların yekunu sayıla biləcək ortaq sənədin razılaşdırılması olduqca çətin olub və tərəflərin toqquşan maraqları üzündən ciddi maneələrlə müşahidə olunub. Paralel surətdə Donbas böhranı üzrə üçlü Təmas Qrupu (Ukrayna,  ATƏT-in səlahiyyətli nümayəndələri və iki separatçı qurumun – DXR və LXR-in təmsilçiləri) çərçivəsində danışıqlar gedib.
Danışıqların sonunda “Normand dördlüyü” sənədi ümumən razılaşdıra bilib və az sonra o, imzalanmaq üçün Donetsk və Luqansk separatçılarının da təmsil olunduğu Təmas Qrupuna təqdim edilib. Çünki separatçıların da sənədə imza atması nəzərdə tutulurdu. Anlaşmadan öncə kiçik fasilədə görüş barədə açıqlama verən prezident Poroşenko Rusiya tərəfinin bəzi təkliflərini qəbuledilməz adlandırıb.
***
Ertəsi gün – fevralın 12-si səhər saatlarında sənəd Təmas Qrupunun üzvləri tərəfindən imzalanıb. O sırada anlaşmaya Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atıblar.
Sənəddə əsas müddəalar kimi, fevralın 15-dən (saat 00:00-dan) etibarən atəşin dayandırılması və fevralın 16-dan gec olmayaraq ağır silahların və hərbi texnikanın təmas xəttindən geri çəkilməsi, bütün qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi, bu prosesin isə 14 günə sona çatması, təhlükəsizlik zonasının yaradılması, 19 gün ərzində “hamının hamıya” prinsipi üzrə əsirlərin və girovların mübadiləsi, hərbi amnistiyanın verilməsi, Ukraynada konstitusion islahatların aparılması, o cümlədən hakimiyyətin mərkəzsizləşməsi və ilin sonunda ölkənin yeni konstitusiyasının qəbul edilməsi, Donbasın separatçıların nəzarətində olan rayonlarına xüsusi statusun verilməsi, regionun yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması; bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT müşahidəsi altında Ukraynadan çıxarılması öhdəlikləri əksini tapıb. Bundan əlavə, öhdəliklər sırasında sənəddə separatçıların nəzarət elədiyi rayonlara rus dilindən istifadə və Rusiya regionları ilə transsərhəd əməkdaşlığı hüququnun tanınması da var.
Eyni zamanda tərəflər Minsk anlaşmasının gerçəkləşməsi üçün kompleks tədbirlərlə bağlı razılığa gəliblər. Bu xüsusda prezident Poroşenko Ukrayna sərhədçilərinin 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhədin hazırda separatçıların əlində olan hissəsinə nəzarəti bərpa edəcəyini bildirib. O da bəlli olub ki, fevralın 15-də Ukrayna və Rusiyanın Baş Qərargah rəisləri atəşkəs rejiminə əməl olunmasına nəzarətlə bağlı görüş keçirəcəklər.
#a#
***
Müzakirələrin yekunundan az sonra kansler Angela Merkel Almaniya mediasına açıqlamasında danışıqları Ukrayna böhranının çözümü yolunda böyük addım adlandırıb. Kameraların qarşısına keçən Putin isə ilkin təəssüratını bildirərək, “Ən əhəmiyyətli mövzuda razılığa gəldik” – deyib və 15 fevraldan etibarən atəşkəs elan edildiyini təsdiqləyib.
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynnmayer isə liderlərin sənədə imza atmadığını, lakin anlaşmanı şifahi şəkildə təsdiqlədiyini bəyan edib. “Biz sənədin yerinə yetirilməsini öz vədlərimizlə təsdiqlədik” – əlavə edib nazir.
***
Müşahidəçilərə görə, Minsk zirvəsi, İkinci Cahan savaşından sonra dünyanın bölüşdürüldüyü Yalta konfransından sonra edilən ən uzun danışıqlar olub. Minsk anlaması qısa müddətdə Ukraynanın cənub-şərqində Rusiyanın körüklədiyi qanlı müharibəyə son qoyarsa, şübhəsiz ki, ciddi sənəd kimi tarixə düşəcək.
Lakin Minsk bəyannaməsinin imzalanmaması anlaşmanın möhkəmliyi və uzun müddətliliyi baxımından şübhələr yaradır. Məsələ ondadır ki, Rusiya tərəfi özünün hətta yazılı vədlərinə xilaf çıxdığını dəfələrlə əyani nümayiş etdirib. Onlardan biri də ötən ilin sonlarında yenə məhz ATƏT vasitəçiliyi ilə əldə olunan üçlü razılaşma idi.
Kreml bu dəfə öz vədinə sadiq qalacaqmı? Yaddan çıxarmaq olmaz ki, Ukrayna tərəfi Donbasın bəzi rayonları üçün əlavə statusa razılıq versə də, yazılı Minsk anlaşmasında ölkənin ərazi bütövlüyünə təminat var və rəsmi Kiyev NATO-ya, Avropa Birliyinə inteqrasiya etməyəcəyi barədə heç bir müddəa, öhdəlik götürməyib.
musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın