Menu
Geri İrəli

20 Yanvar dairəsində canlı sipər qurulub – REPORTAJ

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 305 dəfə • Şərh yoxdur

9412739_2Metro keçidinin çıxışında Sumqayıta sərnişin axtaran sürücülər sakinlərin dincliyini əllərindən alıb.

20 Yanvar dairəsi və ora birləşən küçələr əsaslı təmir olunaraq, nisbi gözəllik ruhuna bürünsə də, bu gün damı yenilənən, amma şəhərin ortasında keçmişin dağınıq, səliqə-sahman gözlənilməyən kolxozbazarlarını xatırladan «Velotrek» Ticarət Mərkəzinin çevrəsi Bakının qanı axan yarasıdır. Səliqə-sahmanın olmaması və şəhərin əlaqədar orqanlarının buna əhəmiyyət verməməsi bir yana, buradakı rayonlara və şəhər ətrafına sərnişin daşıyan şəxsi minik avtomobilləri problemin üstünə problem gətirməkdədirlər. Çünki küçə kənarlarında park edilən maşınlar tıxac yaratdıqları kimi, sürücülər də piyada səkilərini kəsib dayandıqlarından, ərazidən keçən şəhər sakinləri olmazın əziyyətini çəkir. Əlbəttə, bütün bunlar Sumqayıta və ətraf qəsəbələrinə sərnişin daşıyan «xalturşiklərin» ipə-sapa yatmayan sürücülərinin davranışı ilə müqayisə oluna bilməz. Çünki onlar tam sərbəst və kimsə tərəfindən nəzarət edilməyən hərəkətləri ilə, istəsə də, istəməsə də, əraziyə yolu düşən hər kəsin diqqətini çəkir. Deməli, nə baş verir: 7-8 «xalturşik» metronun «Velotrek»in qarşısına çıxışını sözün əsl mənasında zəbt edib. Saralanıb çıxışı bağlayan həmin sürücülər imkan vermirlər ki, sakinlər metroya düşsünlər və ya çıxsınlar. Pilləkənlərin başında hər bir kəs mütləq bir anlıq ayaq saxlayıb, həmin sürücülərdən yol vermələri üçün mərhəmət gözləməlidir. Özləri də dilboğaza qoymadan «Sumqayıta bir nəfər», «Saray yollu ilə iki nəfər», nə bilim «Avtovoğzaladək bir yer qaldı» və sair şüarlarla bağırırlar. Vay o günə ki, kimsə mənim kimi təsadüfən kiməsə metronun bu çıxışında görüş təyin edə, beş dəqiqə orada dayanması yetər ki, sürücülərin bağırtısı başında ağrı qoparsın. Var gücləri ilə qışqıraraq özlərinə sərnişin toplayan, hətta bəzən müştəri uğrunda yoldaşları ilə mübahisə edən həmin sürücələrin səsindən 30-40 metr aralıda telefonda danışmaq belə olmur.
Elə zənn etməyin ki, ərazi dövlətin nəzarətindən kənardadır, əsla. Şəxsən mən orada olanda metronun çıxışını bağlayan həmin işbazlardan 5-6 addım aralıda post-patrul xidmətinin maşını (PPX) dayanmışdı, içində də iki cavan serjant oturub, dincəlirdilər. Maraqlıdır ki, qulaq yırtan qışqırıqlar həmin serjantların əsəbinə qətiyyən təsir göstərmirdi. Hə, yeri gəlmişkən, həmin vaxt 20 Yanvar dairəsində PPX ilə yanaşı Dövlət Yol Polisinin əməkdaşları, eləcə də Nəqliyyat Nazirliyinin imüfəttişləri də iş başında idilər. Çünki DYP əməkdaşları yol qaydalarını pozan piyadaları saxlayıb, cərimə yazmaqla öz işlərini görürdülər, Nəqliyyat Deportamentinin işçiləri isə, sadəcə maşını körpünün altında saxlayıb, dayanmışdılar. Yəni ərazidə qayda-qanun yaradacaq qurumların hər birinin əməkdaşları orada idilər. Amma ya bu çirkin mənzərəni görmək istəmirdilər, ya da babalı öz boyunlarına, «xeyir-duanı» özləri vermişdilər sürücülərə…
Maraqlı bir məqam da vardı: əvvəllər Tbilisi prospektinin 20 Yanvar dairəsinə qovuşan hissəsində Sumqayıt və ətraf qəsəbələrə sərnişin daşıyan şəxsi minik avtomobilləri dayanardı, indi isə gözə dəymirdilər. Elə isə bu «xalturşiklər» adamları nə ilə aparacaqlar? Yoxlamaq qərarına gəlib, gözlədim. Metrodan çıxan hicablı xanımın qarşısını kəsən sürücülərdən biri, deyəsən, müştərisini tapmışdı. Söhbət edib, sövdələşdilər və ikilikdə meydanın əks tərəflərinə çıxışı olan yeraltı keçidə endilər.
20 Yanvar dairəsinin qarşı tərəfinə – Ailə Sağlamlıq Mərkəzinin binasının qarşısına gəldik. Sən demə həmin sürücülər maşınlarını guya Nəqliyyat Deportamentinin əməkdaşlarından gizlətmək üçün burada saxlayırlarmış. Metronun çıxışında «tutduqları» müştəriləri də gətirib burada oturdurlarmış maşına…
Amma bir müştəri də lazımmış, ona görə də sürücü yenidən özünü verdi metronun çıxışına. İndicə maşına oturan sərnişin xanım isə, deyəsən isti olduğu üçün, düşüb kölgədə dayndı. Mən də fürsət bilib yaxınlaşdım ona. Vəsiqəmi göstərib, jurnalist olduğumu, onları isə reportajımın personajı olaraq seçdiyimi dedim. Hicablı xanım maraqla dinlədi və «heç bir problem yoxdur» dedi.
Özünü Nailə kimi təqdim edən xanım bildirdi ki, Sumqayıtın 17-ci rayonunda yaşayır, Bakıda firmada işlədiyi üçün həftənin 5 günü bu yolu gəlib-gedir. «Əslində, avtobusla gəlib-gedirəm, balaca maşınlardan çox istifadə etmirəm. Amma bəzən vacib işim olanda, yaxud da işə gecikən vaxtlar taksiyə otururam» deyən xanım əlavə etdi ki, bu gün tələsməsə də, hava çox istidir, avtobusa minmək üçün avtovoğzala getməyə taqəti yoxdur. Nailə xanım onu da qeyd elədi ki, metronun Nizami stansiyasından 20 qəpik verib bura gəlib, buradan da əlavə 20 qəpik verməklə avtovoğzala getsə və oradan da Sumqayıt avtobusuna verəcəyi pulu üst-üstə gələndə 1 manat edir. Ona görə də bu bir manatı verib «Mercedes»də rahat getmək daha yaxşıdır.
Müsahibimiz başqa bir maraqlı hadisədən də söz açdı. Dedi ki, metro keçidinin çıxışını zəbt edən sürücülər onların hərəkətinə mane olurlar. Təbii yolu ilə getdiyi halda sıralanmış sürücülərdən keçmək üçün icazə istəmək isə nə haqqa sığır, nə də qanuna: «İki-üç ayın söhbətidir, qaynımla bərabər şəhərdən gəlib, Sumqayıta getmək üçün maşın axtarırdıq. Həmin çıxışda sürücülərdən biri bizə öz maşını ilə getməyimizi təklif etdi və biz də razılaşdıq. Birdən sürücü məni maşına istiqamətləndirmək üçün qeyri-ixtiyari qolumdan tutdu. İnanın ki, qaynım onu öldürəcəkdi, birtəhər sakitləşdirdik. Birbaşa avtovoğzala işləyən avtobus marşrutları məhduddur. Şəhərin hər istiqamətindən bir avtobus gedərsə avtovoğzala, insanlar da yolun əziyyətindən bezib burada «xalturşiklərin» əsirinə çevrilməzdilər».
Sumqayıtlı «xalturşikləri» metronun çıxışı qarşısından birdəfəlik uzaqlaşdırmaqla, orada səliqə-sahman yaratmaq olmazmı? Niyə bir dəstə adamın haray-həşiri susdurulmur? Ərazi balansında olduğu üçün Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-in İnformasiya Təminatı və Təhlil sektorunun müdiri Xəlilov Ramin bildirdi ki, bu məsələyə bir neçə qurum tərəfindən münasibət bildirilə bilər. Ona görə də təklif etdi ki, bizi narahat edən məsələ barədə icra hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən onlara müraciət ünvanlayım. Onlar da yaxın günlər ərzində sorğuya cavab hazırlayıb, göndərərlər…
Sürücülərin özbaşınalığının qarşısı hüquqi müstəvidə də alına bilər. Əlaqə saxladığım Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidovun cavabı qısa və konkret oldu: İnşallah, vaxt gələr, qayda-qanun yaratmaq növbəsi ora da çatar…
Biz də bunu arzu edirik, amma nəticəni tez görmək istərdik. Heç olmaya, adından bəlli, bu meydanın torpağını-daşını qanına boyamış şəhidlərimizin ruhuna hörmət olaraq orada sakitlik yaradaq…

Vüsal Tağıbəyli, hafta.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın