Menu
Geri İrəli

2015-ci ildə Sumqayıtdan parlamentə kimlər gedəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 1,495 dəfə • 2 şərh
Share Button

parlament-seckilerParlament seçkilərinə hələ çox var, amma həm də az. İstənilən halda, siyasi düşərgələr öz namizədlərini müəyyən etməyə və onların piarını aparmağa başlamalıdır. Və artıq qismən bu prosesin başladığını hiss etmək olur.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlar və məntiqi təhlillərə əsasən növbəti seçkilərin namizədlərini və onların şanslarını aydınlaşdırmağa çalışacağıq.

Əvvəlcə başlayaq şəhərimizin hazırkı deputatlarından.

Leyla Abdullayeva. Ötən seçkilərdə Sumqayıtın keçmiş icra başçısı Vaqif Əliyevin kadrı kimi MM-ə düşən Leyla xanım 4 il ərzində 2015-ci il üçün yüksək perspektiv yaratmayıb. Şəhərin 18 saylı məktəbinin direktoru media ilə münasibətdə də yetərincə açıq görünmür. Təəssüf ki, bu məktəbə daxil olmaq üçün jurnalist vəsiqəsi kifayət deyil, bu yaxınlarda orada direktor müavini tərəfindən əməkdaşımıza deyildiyi kimi: “Məktəbin yiyəsi yoxdur?! Kimdən icazə alıb, içəri daxil olursunuz?!! L.Abdullayevanı seçiciləri də sıx-sıx görə bilmir. Odur ki, xanım deputatımız 2015-ci ildən güman ki, yalnız məktəbdə olacaq.

Musa Qasımlı. Tarixçi alim ölkə miqyasında tanınan simadır. Ancaq onun millət vəkili kimi ötən 4 ildə sumqayıtlıların sevimlisinə çevirildiyini deyə bilməyəcəyik. Ümumiyyətlə, bir çox seçiciləri M.Qasımlını tarixçi alim kimi tanısa da, onun millət vəkili olduğunu bilmir. Musa müəllimi biz şəhər yığıncaqlarında və “Azərikimya”nın tədbirlərində tez-tez görə bilərik. İnsafən o, media ilə təmaslara da həmişə açıqdır.

Ancaq növbəti seçkilərdə onun şansı Sumqayıtda yüksək deyil. Güman ki, son seçkilərdə son anda seçildiyi dairəyə “yönləndirilən” M.Qasımlının bu dəfə Sumqayıtdan namizədliyi verilməyəcək.

Muxtar Babayev. “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan M.Babayev həm də şəhərimizi Milli Məclisdə təmsil edir.

Ədalət naminə, qeyd etmək lazımdır ki, Muxtar Babayev ötən 4 il ərzində öz elektoratının rəğbətini qazana bilib. Millət vəkili kimi də tez-tez seçiciləri ilə görüşən M.Babayev “Azərikimya”nın fəaliyyəti ilə də reytinqini artırmaqda davam edir.

Qurumun sosial aksiyalara aktiv qoşulması, bu aksiyaların keçirilməsi üçün təşəbbüslərlə çıxış etməsi, belə tədbirlərin əsas təşkilatçısı olması həm də Müşahidə Şurasının sədrinin bu istiqamətdə həssas münasibətinin ifadəsidir. Əlavə edək ki, M.Babayev xarizması və nümunəvi məmur etikası ilə də seçilir.

Odur ki, M.Babayevin yenidən şəhərimizin 4 deputatından biri olacağı şübhə doğurmur.

Hacı Salayev. Şəhərdə iş adamı kimi tanınan H.Salayev həm də yaxşı əlaqələrə malikdir. Müstəqil namizəd kimi parlamentə seçilən H.Salayevə hakimiyyətin də isti münasibət göstərdiyi bildirilir. Bəlkə də xatırlatmağa lüzum var ki, H.Salayev bu yaxınlarda tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum oldu. Bəziləri bu qohumluq əlaqəsinin onun qazancı olduğunu deyirsə, bəziləri “AST Telmanın məlum “Milyarderlər İttifaqı”ndakı iştirakını xatırladaraq H.Salayevə də bunun mənfi təsiri olacağını güman edirlər.

Ehtiyatda olan polkovnik-leytenant əgər bu yaxınlarda mətbuatda iddia olunan kimi yüksək vəzifəyə, məsələn, nazir postuna təyin olunmasa, yenidən şəhərimizi parlamentdə təmsil edəcək.

Beləliklə, növbəti parlament seçkilərində şəhərimizdən seçilmiş ən azı 2 deputatın əvəzlənəcəyi asan proqnoza gəlir.

Bəs maraqlıdır, həmin iki deputatın yerinə hansı yeni simaların gəlməsi gözləniləndir?

İlk olaraq qeyd edək ki, YAP-ın və müxalifət düşərgəsinin namizədlərinin dəqiqləşdirilməkdə olduğu bildirilir. Məlumatlı mənbənin məlumatına görə, Yeni Azərbaycan Partiyasının bu seçkilərdə Musa Qasımlının və Leyla Abdullayevanın əvəzinə üç namizədi var: Elmar Xəlilov, Ceyhun Məmmədov və adı hələ tam olaraq dəqiqləşməmiş qadın. Bəs onlar kimdir?

Elmar Xəlilov Sumqayıt Dövlət Universitetinin müəllimi və YAP-ın Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavinidir. İxtisasca tarixçidir. YAP-çı tarixçi son 2 ildə əlamətdar günlərlə bağlı ayrı-ayrı strukturların keçirdiyi tədbirlərdə, eləcə də mətbuatda mütəmadi çıxış edir. E.Xəlilovun parlament arzusunu yaxın ətrafına etiraf etdiyi də bildirilir.

Ceyhun Məmmədov isə YAP-ın Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvüdür. C.Məmmədov isə son dönəmlərdə şəhər icra başçısının da qatıldığı şəhər tədbirlərində çıxış etmək etimadı göstərilən azsaylı gənclərdən biridir. Gənc YAP-çı bundan əvvəl partiyanın gənclər təşkilatının sədri olub.

Əgər şəhər rəhbərliyinin və Sumqayıt şəhər təşklatının sədri Asif İmaməliyevin tövsiyəsi olsa, bu iki nəfərin 2015-ci ildə YAP-ın təmsil edəcəyi ehtimal edilir. Ancaq onlardan birini qadın namizədin əvəzləyəcəyi də məntiqli görünür. MM-də gender balansının təmin edilməsi zərurəti YAP-ın Sumqayıtdan da bir qadın namizədlə seçkiyə gedəcəyini deməyə imkan verir. Bu qadın namizədlə bağlı hələ ki, qətiləşmiş qərar yoxdur. Ancaq bu mövzuda redaksiyamızı bilgiləndirən mənbə bir neçə nəfərin adını çəkib: Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının bu yaxınlarda təyin olunmuş müavini Lalə Hacıyeva, 11 saylı məktəbin direktoru Ofelya Babayeva, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt təşkilatının sədri Mətanət Məhərrəmova.

Müxalifət partiyalarının namizədlərinə gəlincə, bu düşərgədən hər partiyadan bir namizədin irəli sürüləcəyi ehtimal edilir. Ancaq bu barədə qəti danışmaq hələ tezdir. Ancaq Müsavat partiyasının keçmiş millət vəkili İkram İsrafil, AXCP-dən İsa Qurbanovun bu yöndə istəkləri olduğu müxalifət düşərgədən gələn xəbərlər arasındadır.

Bundan başqa müstəqil namizədlərlə bağlı da müəyyən bilgilər var. Onlardan biri son parlament seçkilərində Qubadlı rayonundan namizədliyini vermiş, ancaq MM-ə düşə bilməyən Anar Qasımlıdır. A.Qasımlı vəkildir və son bir neçə ildə ölkədə ən qalmaqallı məhkəmə proseslərinin bir neçəsində tərəflərdən birinin vəkili olub. Gənc vəkil xüsusilə jurnalist Eynulla Fətullayevin məhkəmə prosesində daha çox tanınıb.

Başqa bir namizəd isə jurnalist Eyvaz Qocayev olacaq. “Sumqayıtxeber.com” saytının baş redaktoru olan E.Qocayev şəhərdə ictimai fəal gənc kimi yetərincə tanınır. Müxtəlif layihə və tədbirlərin təşkilatçısı kimi də tez-tez adı çəkilən E.Qocayevin 41-ci dairədən mübarizəyə qoşulacağı gözlənilir.

Vüsal Mətləboğlu,  168saat.com

Facebook Şərhləndirmə:
Share Button

“2015-ci ildə Sumqayıtdan parlamentə kimlər gedəcək?” yazısına 2 cavab

  1. elçin deyir:

    Mən deyərdim ki, tamamilə birtərəfli yazıdır.Bircə Musa Qasımlı həm ictimaiyət ,həm də media tərəfindən tanınır. 1990-1992 ci illərdən televiziyalarda görünüb. Qalan hansı deputat tanınır. və onlar hansı işləri görüblər,kimin yadına gəlir ki, onlar Milli Məclisdə nə vaxtsa çıxış etsinlər və ya televiziyaya müsahibə versinlər

  2. sevda deyir:

    terifledyiniz millet vekillerinin bawa duwmurem hansi iwlerinden daniwirsiz? Ele onlarin hansinnin yanina bir xahiwcun gedirsen adamin aqzinda vurub qaytarirlar

Şərhinizi yazın