Menu
Geri İrəli

22 il ərzində ilk dəfə…

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2011 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

Etilen-polietilen zavodunun “EP-300” kompleksində 22 il ərzində ilk dəfə olaraq etilenin çıxımı layihə normasına çatdırılmışdır

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun “EP-300” istehsalatının istismara verilməsindən xeyli müddət – 20 ildən də artıq bir zaman ötməsinə baxmayaraq, polietilen alınması üçün qiymətli kimyəvi məhsul sayılan etilenin çıxımı yalnız bugünlərdə layihə norması səviyyəsinə çatdırılmışdır. Respublikanın neft-kimya kompleksi Dövlət Neft Şirkətinin struktur tərkibinə daxil edildikdən sonra «Azərikimya» İstehsalat Birliyinin kollektivi etilenin layihə norması səviyyəsinə çatdırılmasını öz qarşısına mühüm bir vəzifə kimi qoymuş və bu məsuliyyətli işin öhdəsindən qısa bir zamanda – 8 ay ərzində layiqincə gələ bilmişdir. 2010-cu ilin iyul-avqust aylarında EP-300 istehsalatında yüksək səviyyədə keçirilmiş əsaslı təmir bunun üçün mühüm əhəmiyyət kəsb etmişdir. Keçmiş illərdən fərqli olaraq ötən ilki əsaslı təmir zamanı istehsalatın avadanlıq və mexanizmlərinin bütün hissələri dəqiqliklə təftiş olunmuş, nəticədə uzun illər ərzində diqqətdən kənarda qalmış bir sıra ciddi qüsur və çatışmamazlıqlar aşkar edilmişdir. Məhz bu amillər texnoloji qurğunun istehsalat fəaliyyətinə olduqca mənfi təsir göstərirdi. Son 22 il ərzində texnoloji proseslərə ilk dəfə olaraq ingibitorların tətbiq edilməsi də bu mühüm nailiyyətin əldə olunmasında ciddi rol oynamışdır. Boru kəmərlərində, istilikdəyişdiricilərdə, müxtəlif mexanizm və qovşaqlarda yaranan polimer çöküntülərinin nəticəsində vaxtaşırı qəzalara, istehsalatın növbədənkənar dayandırılmasına, xammalın, yarımfabrikat­ların, enerjidaşıyıcıların və materialların, həmçinin əməyin qeyri-istehsal sərfinə səbəb olan tıxacların aradan qaldırılmasında məhz ingibitorların müstəsna əhəmiyyəti olmuşdur. Texnoloji prosesdə yüngül qaz benzininin və digər fraksiyaların yeni xammal növləri kimi istifadəsi də etilen çıxımının layihə səviyyəsinə çatdırılmasına mühüm təsir göstərən amillərdən biridir. Bundan əlavə əsaslı təmir zamanı və ondan sonrakı dövrdə istehsalatda bir çox texniki yeniliklər həyata keçirilmiş, karbohidrogenlərin hidratlaşması reaktorlarında katalizator dəyişdirilmişdir ki, bu da əmək məhsuldarlığının və məhsul istehsalı həcminin artırılmasında müsbət rol oynayır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın