Menu
Geri İrəli

“Azərikimya” İstehsalat Birliyi soyqırım şəhidlərini Şamaxıda andı

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2013 • Baxış sayı: 433 dəfə • 1 şərh

«Azərikimya»İstehsalat Birliyinin kollektivi 1918-20-ci illərdə erməni daşnaklarının millətçilik, antitürk siyasətinin qurbanlarının xatirələrini Birliyin müəssisə və idarələrində, daha sonra isə əhalisinin böyük bir hissəsinin amansız işgəncələrə, qırğınlara məruz qaldığı Şamaxıda keçirdikləri silsilə tədbirlərlə yad etdi.

İlk öncə xatirə tədbirləri Birliyin «Üzvi sintez» və Mexaniki-təmir zavodlarında, «Kimyalayihə» İnstitutunda, Təmir-tikinti, Nəqliyyat və Xüsusi texnika İdarələrində, həmçinin Anbar təsərrüfatında keçirilmişdir. Anım mərasimlərində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra erməni daşnaklarının yüz illərlə davam edən antitürk siyasətinin xalqımız üçün son dərəcə faciəli olan ağır nəticələri barədə danışılmış, arxivlərdə uzun illər gizli saxlanılan soyqırım faktları nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Salyan, Quba, Lənkəran,  Göyçay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur və Naxçıvan mahallarında erməni vandalları görünməmiş vəhşiliklər törətmiş, bir-neçə gün davam edən qırğın və dağıntılar zamanı minlərlə Azərbaycan kəndi yerlə-yeksan edilmiş, 100 minlərlə həmvətənimizin həyatına son qoyulmuşdur.

Tədbirlərdə diqqətə çatdırılmışdır ki, azərbaycanlıların öz doğma yurd-yuvalarından qovulduğu, repressiyalara məruz qaldığı həmin günlər dünya tarixinin ən qanlı səhifələrindəndir və bütünlükdə həmin soyqırım erməni daşnaklarının təxminən 200 ildən artıq davam etdirdiyi, düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məkrli antiazərbaycan siyasətinin kütləvi deportasiya və qırğınlarla müşayiət olunan davamıdır. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər tarixi şəkillər və sənədli kinosüjetlərlə nümayiş etdirilmişdir.

Ötən şənbə günü – martın 30-da isə kimyaçıların, həmçinin Sumqayıt ziyalılarının – elm, təhsil, mədəniyyət və səhiyyə işçilərinin, şəhər ağsaqqallarının və YAP şəhər təşkilatı gənclərinin böyük bir qrupu Şamaxıya səfər etmişdir. Sumqayıtlılar Türkiyə generalı Nuru Paşanın rəhbərlik etdiyi, 95 il əvvəl Azərbaycana qardaş köməyinə gəlmiş xilaskar ordunun tərkibində erməni silahlı dəstələrinə qarşı mərdliklə vuruşaraq, ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş türk zabit və əsgərlərinin Acıdərə ərazisindəki məzarı önünə əklil qoymuş, xatirələrini ehtiramla yad etmişlər. Sonra abidə-kompleksin önündə tanınmış sumqayıtlı şair-dramaturq, əslən Zəngəzur elindən olan, Qarabağ mövzusunda əsərləri tamaşaya qoyulmuş Əvəz Mahmud erməni vəhşiliklərindən və türk qardaşlarımızın böyük xilaskarlıq missiyasından söhbət açmışdır.

Sumqayıtlılar daha sonra Şamaxıdakı Heydər Əliyev Mərkəzində olmuş, orada erməni vəhşiliklərini əks etdirən sənədli-xroniki filmə baxmış, Şamaxı qırğınlarının dəhşətli və geniş miqyaslı olduğu barədə faktlarla tanış olmuşlar. Yüzlərlə yerli adamların – uşaqların və qocaların, qadınların sığındığı, lakin daşnaklar tərəfindən diri-diri yandırıldıqları Cümə məscidini ziyarət edən sumqayıtlılara Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələri və muzey işçiləri tərəfindən erməni vandallarının Şamaxıda və onun ətraf ərazilərində yerləşən 60-a yaxın kənddə minlərlə adama divan tutduqları, onları amansızlıqla qətlə yetirdikləri, kəndləri-obaları xarabazarlığa çevirdikləri haqqında geniş məlumat verilmişdir.

Sumqayıtlılarla birlikdə Şamaxı səfərində iştirak edən və yerli sakinlərlə təəssüratını bölüşən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev xüsusi olaraq vurğulamışdır ki, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 20 ildə apardıqları uğurlu xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılaraq, onların siyasi riyakarlıqları, saxtakarlıqları, özgə torpaqlarına göz dikərək, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə daha geniş tanıdılmışdır və nikbinliklə bildirmişdir ki, haqqın-ədalətin, Azərbaycanın zəfər çalacağı gün uzaqda deyil.

 

Səfərdən hazırlanmış foto reportajı təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:

““Azərikimya” İstehsalat Birliyi soyqırım şəhidlərini Şamaxıda andı” yazısına bir cavab

  1. Məhəmməd deyir:

    Şəhidlərimizə rəhmət,onları unutmayanlara isə can sağlığı arzulayıram.

Şərhinizi yazın