Menu
Geri İrəli

Gülər Əhmədovanın istintaqı ilə bağlı ilginc detallar

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2013 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

Sabiq deputat məhkəməsində kimləri ifşa edəcək; istintaqa onun əleyhinə ifadə verənlər arasında şok isimlər var

guler-ehmedova1

 

 

 

 

 

 

 

 

 

 

Qəzetimizin ötən saylarında xəbər vermişdik ki, sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı istintaq materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Əlisultan Osmanova göndərilib. Oktyabrın 21-nə təyin olunan hazırlıq iclasında isə G.Əhmədovanın vəkili Əfsər Talıbovun müvəkkilinin həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müraciət ediləcəyi gözlənilir.

20 cilddən artıq olan cinayət işi ilə bağlı bəzi eksklüziv məlumatlar əldə etmişik. İstintaq orqanlarındakı mənbəmizin bildirdiyinə görə, iş üzrə ifadə verəcək yüzlərlə şahid var. Bunların sırasında G.Əhmədovanın yaxın ətrafı, qohum-əqrəbası ilə yanaşı, vaxtilə rəhbərlik etdiyi “Mərkəz” qəzetinin, Respublika Uşaq Fondunun işçiləri də olub. Əldə etdiyimiz məlumatlara görə, şahidlərdən daha çox G.Əhmədovanın iş prosesində davranışları, şəxsi həyatı ilə bağlı detallar soruşulub. Bundan başqa, sözügedən iş yerlərindəki maliyyə durumu, gəlirlər kimi məsələlər də işçilərə sual olaraq ünvanlanıb. Müstəntiq Emzar Qocayev həmçinin G.Əhmədovanın nümayəndəsi Zülfiyyə Bayramovanı da dindirib və onun məhkəmədə ifadə verəcəyi gözlənilir.
Şahid qismində dindirilənlər arasında sabiq deputatın həyat yoldaşı Fikrət Əhmədov və oğlu Toğrul Əhmədov da olub. F.Əhmədovdan daha çox İstanbulda qaldığı “Beynova” hotelində Sevinc Babayeva ilə görüşməsi faktı soruşulub. F.Əhmədov istintaqa ifadəsində səyahət məqsədilə İstanbula getdiyini və orada da köhnə tanış kimi S.Babayeva ilə görüşdüyünü bildirib.
İstintaq materiallarında həmçinin S.Babayevanın İstanbula gəlişi zamanı ordakı vasitəçilərlə danışığa girən T.Əhmədovun da mesajları var. Həmin mesajlarda T.Əhmədov S.Babayeva haqqında “misafirimiz” deyə bəhs edib və onun qarşılanması, yerləşdirilməsi üçün ordakı bəzi şəxslərlə mesajlaşıb. Sabiq deputatın oğlu da istintaqa ifadəsində bu hərəkətini anasının bir rəfiqəsinin İstanbulda rahat olması üçün etdiyini, sonuncunun ölkədən qaçmasından xəbərsiz olduğunu deyib.
G.Əhmədovanı ilkin dövrdə ancaq vəkil Ə.Talıbov müdafiə edəcək. Məhkəmə prosesinin gedişində daha bir vəkilin müdafiəyə qoşulacağı gözlənilir. Mənbəmiz bildirdi ki, G.Əhmədovanın müdafiəsində əsas xətt ABU-nun sabiq rektoru Elşad Abdullayevin ifşası olacaq. Vəkil Ə.Talıbov E.Abdullayevdən narazı tələbələri, onların valideynlərini prosesə şahid qismində dəvət edəcək və “bu cür dələduzun dediklərinə etibar etmək olmaz” xətti əsas götürüləcək. Bundan başqa, sabiq deputatın vəkili E.Abdullayevin məhkəməyə gətirilməsini tələb edəcək.
İstintaq materiallarında G.Əhmədovanı ifşa edən xeyli şahid var. Onlar daha çox E.Abdullayevin yaxın ətrafı və Sevinc Babayevanın oğlu, anası, bacısıdır. Sonuncular S.Babayevanın zəhərlənməsi, ölkədən çıxarılması prosesində G.Əhmədovanın rolunu qabardıblar. Adını öyrənə bilmədiyimiz bir qadın şahid isə sabiq deputatı ifşa edib. Həmin qadının E.Abdullayevin yaxın ətrafında olduğu, amma sabiq rektor tərəfindən zərərçəkən durumuna düşdüyü bildirilir.
Bu arada sabiq deputatın məhkəmədə E.Abdullayev və S.Babayevanın oğlu Ayxan Məmmədovdan başqa ifşa obyekti olmayacaq. Mənbə bildirir ki, G.Əhmədovanın hakimiyyət əleyhinə hər hansı bəyanat verəcəyi gözlənilmir: “Çünki o, prosesin siyasiləşməsinin əleyhinədir”.
S.Babayeva tərəfindən yazıldığı iddia edilən məktub, habelə mərhumənin Bakını tərk etməzdən əvvəl G.Əhmədovaya yazdığı son mesajlar da müdafiə tərəfinin əsas silahlarından sayılır.
Bu arada sabiq deputatın məhkəmədə mediaya hücum edəcəyi də gözlənilir. G.Əhmədova həbsinin əsas səbəbkarları kimi müstəqil medianı, xüsusən də “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini görür. Onun fikrincə, daim mediaya yaxşı münasibəti olsa da, bu məqamda qəzetçilər ona arxadan zərbə endiriblər. Belə ki, yazdığı statusları, verdiyi açıqlamaları tirajlayan media orqanları bununla da həbsi tezləşdiriblər.
Sevinc TELMANQIZI, Yeni Musavat
Facebook Şərhləndirmə:

Şərhinizi yazın