Menu
Geri İrəli

ƏLİ NƏCƏFXANLI: ” MƏNİ BU SEVDAYA ÇƏKMƏ TƏZƏDƏN ”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2013 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

sumqayitxeber.com saytı sumqayıtlı şair-publisist Əli Nəcəfxanlının bir neçə şeirlərini oxuculara təqdim edir:

eli

 

 

 

 

 

 

 

 

 

AYRILIQLARA

Baxdım gözlərinə həsrət öncəsi,

Gül açdı könlümün kədər qönçəsi.

Sənli xatirələr–qəm düyünçəsi,

Götürüb gedirəm ayrılıqlara…

Sən ki bir mələkdin kövrək baxışlı,

Qara bulud oldun şimşək çaxışlı.

Səni qəlbi qanlı, gözü yağışlı

İtirib gedirəm ayrılıqlara…

Gündə görüşərdim gül çöhrə ilə,

Necə xoşbəxt idim bu töhfə ilə!..

İndi son məktubu üç nöqtə ilə

Bitirib gedirəm ayrılıqlara…

 

MƏNİ BU SEVDAYA ÇƏKMƏ TƏZƏDƏN


Mən biçin şəhidi – başaq kimiyəm,
Bağrımın başını sökmə təzədən.
Süddən ağzı yanan uşaq kimiyəm,
Məni bu sevdaya çəkmə təzədən.
O əsən ilahi bir mehdi, əsdi,
Təzədən əsdirmək cəhdin əbəsdi.
Bir yaxşı söz də var: həvəsdi-bəsdi,
Məni bu sevdaya çəkmə təzədən.
Sənli xatirələr quru çiçəkdir,
Əl vursan, ovulub töküləcəkdir.
O gözəl günlərə sən qələm çəkdin,
Məni bu sevdaya çəkmə təzədən.
Toxunma, qoy elə bu vamda yanım,
Özcənə hücrəmdə, yuvamda yanım.
Arada keçilməz divar dayanıb,
Məni bu sevdaya çəkmə təzədən.

Çoxmu gəzəcəksən izimlə belə?
Oynama duyğumla, hissimlə belə.
Bu qapı açılmaz tilsimlə belə,
Məni bu sevdaya çəkmə təzədən.

 

MƏNIM FƏSILLƏRIM

İlboyu “sən” adlı fəsli yaşaram,
Təqvim fəsilləri nəyimə gərək.
Üzündə gül açsa, baharım gəlir,
Dolsan bulud kimi, payızdı demək.
Həlim baxışından boylanır mənə
Ömrümün-günümün ən gözəl yayı.
Qəzəb qığılcımı yansa gözündə,
Şaxtalı-çovğunlu qışım başlayır.
Dəyişkən havaya öyrəncəliyəm,
Gah qarlı düzdəyəm, gah güllü bağda.
Məni sinoptiklər bağışlasınlar,
Fəsil tanımıram səndən qıraqda.

 

QİSMƏT


Qumar dediyində əllərim boşdu,
Tumar deyilən də qismətimdə yox.
Yollar çala-çuxur, eniş-yoxuşdu,
Hamar deyilən də qismətimdə yox.
Yavan çörəyi də yemədim asan,
Uğurum hər dəfə gecikən oldu.
Tutmaq istədimmi gül yarpağından,
Əlimi dalayan gicitkən oldu.
Yubanan sevincə yanaşdım soyuq,
Bağrıma basmağa mən ar elədim.
Kəsə yoxuşları həyatım boyu
Nədənsə özümdən kənar elədim.
“Sağ ol”um sağlığım gedincə gəldi,
Ödülüm arxadan atılan daşmış.
Mənzil uzun oldu, zaman gödəldi,
İlahi, yerişim necə yavaşmış.
Gedən qatarların dalınca baxdım,
Gələn qatarlar da mənlik deyilmiş.
Ha vurdum, ha böldüm, toplayıb çıxdım,
Həllini bildiyim tənlik deyilmiş…

 

YETƏR, QAYIDIRAM

Açdım diri gözlə bu səhəri də,
Kipriyi kipriyə vurmadım, gülüm.
Demişdim biryolluq unudacağam,
Sözümün üstündə durmadım, gülüm.
Qapıda, divarda, pəncərələrdə,
Kitabda, dəftərdə mən səni gördüm.
İşığın Ay kimi düşdü üzümə,
Bütün tərəflərdə mən səni gördüm.
Gözümdən itmədin bir an da belə,
Hissimi, duyğumu zəbt eləmisən.
Sanki ayrılanda sən bilə-bilə
Yaddan çıxmamağı əhd eləmisən.
İçdiyim şərab da kara gəlmədi,
Şüşədən, badədən baxırdın mənə.
Başımı balıncın altına saldım,
Ordan da, vay dədə, baxırdın mənə.
Bir dənəm, bir mənəm, bir də xəyalın,
Həsrətin cəhənnəm əzabı imiş.
Səni sevə-sevə tərk eləmişəm –
Bu zülüm Allahın qəzəbi imiş.
Yetər, qayıdıram bu saat, bu an,
Məni sevgimizin başına döndər.
Bir də ki, bacarsan, qapıda gözlə,
Bilim ki, sovuşdu bu qəza-qədər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın