Menu
Geri İrəli

40 il əvvəl Sumqayıtda kimyaçı alimlərlə 1 aprel zarafatı: “Bəxtiyar Vahabzadə ilə görüş”

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2014 • Baxış sayı: 543 dəfə • Şərh yoxdur

BV-1Bu, 1971-ci ilin aprelində olmuşdu. Bir gün əvvəl işin sonuna yaxın “partizanlıq” edərək, qabaqcadan rəhbərliklə razılaşdırmadan (o vaxtlar “qoruq-qadağa”nın, subordinasiyanın nə olduğunu bilmirdim), elm adamlarına xoş bir sürpriz etmək istəyi ilə sabah – yəni aprelin 1-də görkəmli şair Bəxtiyar Vahabzadə ilə görüş keçiriləcəyi barədə işlədiyim institutun – akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının foyesində tuşla yazdığım kiçik bir elan asmışdım. Sabahın nə vəd edəcəyini dəqiq bilməsəm də, istəyim baş tutmadıqda böyük bir elmi-tədqiqat institutunun elm adamları ilə “1 aprel zarafatı”nın heç də yaxşı sonluqla bitməyəcəyinə əmin idim.

Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsinin tələbəsi olaraq laborant kimi çalışdığım bu elm ocağında ciddi elmi axtarışlarla məşğul olan yüzlərlə adamı işindən ayırıb, onları poeziya aləminə cəlb etməyin nə dərəcədə məsuliyyətli olduğunu dərk etməyin özü belə narahatlıq doğurmaya bilməzdi. Ancaq onu da yaxşı bilirdim ki, sumqayıtlılar yalnız işlə, əməklə, “qazovka” ilə deyil, həm də yeri düşəndə poeziya ilə də nəfəs almağı xoşlayırlar. İnstitutda da kimyaçıların çoxu şeiri, ədəbiyyatı sevir, hətta yeri gələndə Nizami, Füzuli, Aşıq Ələsgər, S.Vurğun, M.Müşfiq, B.Vahabzadə yaradıcılığından söhbət açır, onların poeziyasından nümunələr söyləyir, hətta hərdən ədəbiyyat, şeir-sənət biliciliyi, “mənəmliyi” ilə mübahisəli müzakirələr də aparırdılar. Bir sözlə, elm adamları arasında şeir həvəskarları az deyildi.
O dövrdə Sumqayıt həqiqətən poeziya ilə nəfəs alırdı. Təsadüfi deyil ki, məhz burada SSRİ-də ilk nümunə olaraq şair Əli Kərimin adını daşıyan Poeziya klubu yaradılmışdı və Moskvanın, Leninqradın, hətta uzaq Novosibirskin tanınmış şair və yazıçıları bu şeir-sənət ocağının fəaliyyəti ilə yaxından tanış olmaq üçün Azərbaycana təşrif gətirərək, 25 yaşı yenicə tamam olmuş, lakin öz istedadı ilə Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə kimi poeziya korifeylərinin diqqətini cəlb etmiş gənc şair Vaqif İbrahimin rəhbərlik etdiyi klub üzvləri ilə görüşür, onların seir məclislərində, mədəniyyət evlərində, müəssisələrdə keçirilən ədəbi tədbirlərdə həvəslə iştirak edirdilər.
İnstitutun nüfuzlu alimlərindən olan kimya elmləri doktoru, professor Mustafa Salahov və şeir-sənət vurğunu olan bəzi elmi işçilər də Poeziya klubunun təşkil etdiyi ədəbi məclislərin fəal iştirakçıları idilər. Bəxtiyar müəllimlə keçiriləcək görüş barədə ilkin olaraq məlumatı olan yalnız onlar idi. Çoxlarının arzuladığı bu görüş barədə elan ortalığa “qəfil” çıxsa da, onun təşkilinə artıq neçə gün idi ki hazırlıq görürdüm – mənim təklifimlə bir-neçə gənc işçimiz görkəmli şairimizin şeirlərini söyləmək üçün əzbərləyir, ondan avtoqraf almaq ümidilə kitablarını toplayır, şairin Vətən və məhəbbət mövzusunda yaradıcılığı ilə bağlı ona suallar verməyə hazırlaşırdılar. Ən mühüm məsələ isə, əlbəttə ki, belə bir görüş üçün B.Vahabzadənin özünün razılığını almaq idi. Axı, o zaman heç yerdə dərc olunmamış, lakin gizli şəkildə əl-əl gəzən, vətən, el-oba haraylı “Gülüstan” poeması, həmçinin “Etiraf”, “Dörd yüz on altı”, “Qiymət “ poemaları, “Azərbaycan oğluyam”, “Ana dili”, “Barmaqlar”, “Özümdən narazıyam”, “Yadındamı?”, “Bir salama dəymədi?” və s. şeirləri dillər əzbəri olan, şeirlərinə bu gün də xalq arasında populyar olan, sevilən mahnılar bəstələnmiş, bununla belə “Bir ondan razıyam ki, özümdən narazıyam” deyən, zamanla, dövranla barışa bilməyən, tarixin haqsızlıqlarına qarşı üsyan edən, bu səbəbdən dissident hesab olunan, hər addımı izlənilən şairin oxucularla görüşünün keçirilməsi o vaxtlar ilk növbədə onun özü üçün heç də asan başa gəlmirdi. Təsadüfi deyil ki, uzun illər Sovet DTK-sında çalışmış və şairin həbsdən xilasında müstəsna rol oynamış ulu öndər Heydər Əliyev çıxışlarının birində bunu gizlətmədən, etiraf edib demişdi ki, “ən böyük dissident Bəxtiyar Vahabzadə idi, onun həbs olunması məsələsi qoyulmuşdu. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun”.
Odur ki, belə bir mübariz, üsyankar, vətənpərvər şairin görüşünün şəhər rəhbərliyi ilə də razılaşdırılmadan keçirilməsi də risqlı idi. Lakin, gənc olmasına baxmayaraq, belə məsələlərdə tədbirli, səriştəli olan, mənim xahişimlə görüşlə bağlı Bəxtiyar müəllımin razılığını alan Vaqif İbrahim Poeziya klubunun sədri kimi bu məsuliyyəti öz üzərinə götürmüşdü.
Geniş məlumat yaymadan görüş üçün müəyyən hazırlıq aparmağıma baxmayaraq, aprelin 1-də səhər işə gələrkən həyəcanlı idim. Səbrsizliklə şairi qarşılamağa hazırlaşırdım. Lakin günortaya təyin olunmuş görüş vaxtına çox az qalsa da, Bəxtiyar Vahabzadə və Vaqif İbrahim gəlib çıxmamışdılar. Narahatlıqla 4-cü mərtəbəyə – görüşün keçiriləcəyı akt zalına qalxanda heyrətdən çaşıb qaldım. İynə atsan da, yerə düşməzdi – nəinki azərbaycanlı, hətta rus, yəhudi, erməni əməkdaşlar belə şairi görmək, onu dinləmək istəyi ilə salonu doldurmuşdular, ayaq üstə də xeyli adam var idi. Həmin anda mən Bəxtiyar Vahabzadənin xalq tərəfindən necə sevildiyinin, onun poeziyasına necə böyük maraq göstərildiyinin şahidi olmaqla yanaşı, öz üzərimə nə dərəcədə böyük məsuliyyət götürdüyümü də daha aydın və bütün ağırlığı ilə hiss etdim. İnstitut əməkdaşlarının sevimli şairi necə böyük intizarla gözlədiklərini görüb, dərhal aşağı düşdüm, taksi saxlayaraq, Vaqif İbrahimin Bəxtiyar Vahabzadəni qarşılayacağı yerə – şəhər Partiya Komitəsinin qarşısındakı Lenin meydanına tələsdim. Yol boyu düşünürdüm ki, əgər birdən Bəxtiyar müəllim müəyyən səbəbdən (o vaxtlar keçirdiyi əsəbiliklərin nəticəsi olaraq tez-tez səhhətində nasazlıqlar da olurdu) gələ bilməsə, onda institut kollektivindən üzr istəyib, deyəcəyəm ki, bu “1 aprel zarafatı” idi. Təbii ki, əslində bütöv bir kollektivlə belə bir “zarafat” qətiyyən yolverilməz idi və bununla mən hamının gözündən düşə bilərdim, həm də… haqlı olaraq işdən çıxarılardım.
Bunları düşünərək, meydana yaxınlaşanda Vaqif İbrahimin nigarançılıqla Bəxtiyar müəllimi gözləyərək, saatına baxdığını gördüm. Şair gecikirdi – görüş vaxtından artıq 15 dəqiqə keçmişdi. Bəlkə, Allah eləməmiş, xəstələnmişdi, gəlməyəcəkdi? Nigarançılıqla bir-neçə dəqiqə də ötdü. Birdən meydanda “Volqa” maşını göründü. “QAZ-24”-dəkinin Bəxtiyar müəllim olduğunu görüb, sevinclə ikimiz də maşına doğru qaçdıq. Şair bizimlə görüşüb, gecikdiyi üçün üzrxahlıq edərək, maşınına dəvət etdi. Artıq nigarançılığım aradan qalxmışdı, sevinc və rahatlıq içindəydim. İnstitut kollektivi qarşısında ömürlük üzqaralığından qurtarmışdım…
Bəxtiyar müəllim hələ də – dağılışmadan yarım saata qədər intizarla onun gəlişini gözləyənlərin alqışları altında zala daxil oldu və hamını mehribanlıqla salamlayıb, gecikdiyi üçün üzrxahlıq etdi.
İnstitutun o zamankı partiya təşkilatı katibi Bəxtiyar Vahabzadəni və Vaqif İbrahimi yuxarı – “rəyasət masası” arxasına dəvət etdi. Mən zalda əyləşmək üçün yer axtarırdım ki, birdən Bəxtiyar müəllimin məni səslədiyini eşitdim. Tamamilə gözləmədiyim və buna qətiyyən iddialı olmadığım halda şair məni də yuxarı dəvət edirdi (o, Poeziya klubunun Sumqayıtda təşkil etdiyi görüşlərdə mənim də ilk qələm təcrübələrimi dinləmiş və hətta 19-20 yaşlı bir gənc üçün xoş olan fikirlər də söyləmişdi). Xalqımızın sevilən bu böyük şairi ilə eyni masa arxasında oturmağımı heç zaman fikrimə belə gətirməsəm də və özümü buna layiq bilməsəm də, Bəxtiyar müəllim, yəqin ki, daha çox institutun gənc bir nümayəndəsi kimi mənim də “yuxarıya” çıxmağımı istəyirdi. Buna razı olmayaraq, boyun qaçırmağa çalışsam da, şairin təkidli dəvətinə etinasızlıq, hörmətsizlik olmaması üçün, həm də “özümüzünkülər”in “ürək-dirək” verdiklərini görüb, sıxıla-sıxıla da olsa “səhnə”yə qalxmalı oldum.
İnstitutun “partiya katibi” görkəmli şairi bir daha elm kollektivi adından ehtiramla salamlayaraq, onun özü və yaradıcılığı haqqında xoş sözlər söylədikdən sonra gənc kimyaçıların ifasında şairin şeirlərindən nümunələr səsləndi. Mən də şairin ən çox sevdiyim “Ana dili” şeirini oxudum. Ancaq şairin diqqətinə daha çox gənc erməni qızı Nelyanın xüsusi intonasiya ilə əzbər söylədiyi iki lirik şeir səbəb oldu. Bəxtiyar müəllimə xoş gələn həm də o olmuşdu ki, rusdilli oxucular da onun poeziyasına diqqət və maraq göstərirdilər. Vaqif İbrahim də çıxış edərək, şeir-sənət ustadı hesab etdiyi Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında fikirləruini söylədi və şairin bir şeirini oxudu.
Sonda salondakıların gurultulu alqışları altında Bəxtiyar Vahabzadəyə söz verildi. O, yeni yazdığı şeirlərdən nümunələri səsləndirdi və hər bir oxucusunu illərdən bəri narahat edən suallara gah birbaşa, gah da dolayısı, “arifə bir işarə” prinsipi ilə cavab verərək, institut kollektivinə səmimi görüş üçün minnətdarlığını ifadə etdi. Lakin elm adamları belə bir fürsətin bir də çətin ki ələ düşəcəyini bildiklərindən onunla xudahafizləşməyə tələsməyərək, şairə xoş arzularını bildirir, zaldan buraxmaq istəməyərək, ayağa qalxaraq alqışlayırdılar.
İnstitutun direktoru, nüfuzlu elm xadimi, professor Sadıq Sadıqzadənin kabinetində çay süfrəsi arxasında qısa söhbətdən sonra xalqımızın sevimli şairi dəhlizə çıxdıqda gözlərinə inanmadı – elmi işçilər onu yola salmaq istəyi ilə hələ də dağılışmamışdılar. Bəxtiyar müəllim onların müşayiəti ilə aşağı enib, bir daha mehribanlıqla xudahafizləşərək, Bakıya yola düşdü – onu kimyaçıların böyük rəğbət və məhəbbət dolu baxışları yola saldı.
Mən ğeri – öz laboratoriyamıza qayıdarkən diqqətimi dünən axşama yaxın divara vurduğum elan cəlb etdi: “aprelin 1-də Bəxtiyar Vahabzadə ilə görüş keçiriləcək”. Düşündüm ki, nə yaxşı ki, bu 1 aprel zarafatı yox, unudulmayacaq 1 aprel həqiqəti oldu. Elə bir həqiqət ki, həmin gün institutun elmi işçiləri kimya ilə yox, ilk dəfə olaraq, həm də kollektiv surətdə poeziya ilə “məşğul” oldular və bunun böyük, unudulmaz sevincini yaşadılar…

Rəhman ORXAN.

(Fotonu həvəskar fotoqraf çəkdiyindən yaxşı alınmasa da, təəssüf ki, görüşdən yeganə şəkil budur)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın