Menu
Geri İrəli

700 bal toplayan sumqayıtlı abituriyent: “Bəlkə də gələcəkdə xaricdə təhsil almaq qərarına gələ bilərəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2013 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur

 

Flora Qafarova: Arzum 700 balı toplamaq idi
Məlum olduğu kimi, iyulun 14-də III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib və abituriyentlər arasında 4 gənc öz arzularına maksimal nəticə-700 bal qazanmaqla çatıblar. Həmin abituriyentlərdən biri də Flora Qafarovadır.
Qafarova Flora Eldar qızı 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyini bitirən F.Qafarovanın belə bir uğura imza atmasında oxuduğu təhsil müəssisəsinin böyük rolu olub. Belə ki, bu təhsil ocağı hər zaman yüksək səviyyəli təhsil metodikası ilə seçilir. 700 bal toplayaraq maksimal nəticəyə imza atan Flora da bizimlə söhbətində oxuduğu məktəbdə təhsilə yüksək diqqət verildiyini deyib.
“Özümə əmin idim”
İlk olaraq qeyd etmək lazımdır ki, Flora Qafarova hələ uşaq yaşlarından yaşıdlarından seçilib. Dərsə can yandırması, müəllimlərin verdiyi tapşırıqları böyük məsuliyyətlə yerinə yetirməsi Floranı hər zaman müəllimlərinin sevimlisi edib. “Məktəbdə hər zaman seçilmişəm. Ona görə hazırlaşanda narahatlıq yaşamadım”, – deyən Flora Qafarova bildirir ki, fənn olimpiadalarında da yer tutub. Gənc tələbə Azərbaycan dili fənni üzrə keçirilən olimpiadada, həmçinin, Vergilər Nazirliyinin olimpiadasında yer tutub. Təbii ki, attestatı Floranın yüksək savadını və istedadının sübutu olan “beş” qiymətləri bəzəyr…
Maksimal nəticə göstərdiyini eşidəndə sevincinin həddi-hüdudu olmayıb
Flora Qafarova iki il “Araz” kurslarında hazırlığa gedib. İmtahan zamanı heç bir həyəcanının olmadığını və özünü tam ələ alaraq imtahana diqqət kəsildiyini söyləyən qəhrəmanımız maksimal nəticə göstərdiyini eşidəndə sevincinin həddi-hüdudu olmayıb: “Arzum 700 balı toplamaq idi, özümə də əmin idim və nəticəni əldə etdim”.
Gözəl xəbəri onun sevincinə şərik olan və bu sevincdə payı olan insanlarla birgə qarşılayıb. Elə onu ilk təbrik edən də müəllimləri olub. Həddən artıq sevincli olduğunu söyləyən F.Qafarova bildirib ki, bu uğur gözlənilməz olmadı: “İmtahana Sumqayıt şəhərindəki “Araz” kurslarında hazırlaşmışam və həmin müddətdə sınaq imtahamlarında iştirak zamanı göstərdiyim nəticələr tədricən yüksəlirdi. Elə bu yüksəliş mənə hansısa yüksək bir göstəriciyə nail olacağım əminliyini yaradırdı”.
Təbii ki, Floranın ailəsi də çox sevinir. Flora deyir ki, valideynləri hər zaman ona dəstək olublar: “Onlar istəyirdilər ki, yüksək nəticə əldə edim və bu səbəbdən də hər bir işimdə kömək olublar”.
Valideynləri qızlarının bu böyük uğura imza atması ilə fəxr edirlər. Bildiriblər ki, bu, onlar üçün çox qürurvericidir.
Flora, eyni zamanda, orta məktəbdə bütün fənləri yaxşı oxuduğunu, ən çox isə riyaziyyat fənnini sevdiyini deyib: “Ən çox xoşladığım fənlərdən biri riyaziyyatdır. Doğrudur, üçüncü qrupda riyaziyyat əsas fənn hesab olunmur, lakin mən bu fənni çox xoşlayıram. Tarix və ədəbiyyat fənlərini də xoşlayıram. Məktəbi bitirərkən bütün qiymətlərim əla olub”.
“İngilis dilinə böyük marağım olduğu üçün bu dili mükəmməl öyrənmək istəyirəm”
Amma artıq hər şey arxada qalıb və Flora öz ixtisasını seçərək ali təhsilini davam etdirməlidir. Tərcüməçi olmaq istəyən F.Qafarova deyib ki, ingilis dilinə böyük həvəsi var: “İngilis dilinə böyük marağım olduğu üçün bu dili mükəmməl öyrənmək istəyirəm. III ixtisas qrupunda elə sahələr var ki, mənə həmin ixtisasları seçməyimi məsləhət görürlər, amma o sahələri özümə uyğun hesab saymıram”
“Arzu etdiyim ixtisasa yiyələndikdən sonra ölkəmdə qalıb işləyəcəm, dövlətimə xidmət göstərəcəyəm”
Onu da deyək ki, Flora Qafarovlar ailəsinin ilk övladıdır. Floranın kiçik qardaşı bu il 8-ci sinfə gedəcək. Gənc tələbə gələcəkdə qardaşının da uğur qazanması üçün ona ilk növbədə, dərslərini yaxşı oxumağı məsləhət görür: “Çünki məktəbdə gündəlik dərslərində qazandığı biliklər ona gələcəkdə ali məktəbə hazırlaşarkən çox böyük köməyi olacaq. Məsləhət görürəm ki, dərslərinə hər zaman hazırlıqlı olsun”.
Flora ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən də razılıq edib. Bildirib ki, dövlətimiz gəncərin inkişafı, onların yeni texnologiyalar, elmin yeni nailiyyətləri ilə yaxından tanışlığı üçün gözəl şərait və imkanlar yaradıb. Floranın oxuduğu məktəb də kompüterlə təchiz olunub və orada gələcəyin tələbələri yeni informasiya texnologiyalarından istifadə edərək biliklərə yiyələnirlər: “Məktəbimiz kompüterlərlə təchiz olunub, yüksək təlim-təhsil şəraiti mövcuddur. Yüksək ixtisaslı, peşəkar müəllimlər mənə dərs deyib, öz müəllimlərimdən hər zaman razı olmuşam”.
O ki, qaldı gələcəyə, Flora hələ geniş planlar qurmayıb. Hətta təhsilini nə vaxtsa xaricdə davam etdirmək perspektivi haqda da fikirləşməyib: “Bəlkə də gələcəkdə xaricdə təhsil almaq qərarına gələ bilərəm, amma indi bu barədə düşünmürəm. Yəqin ki, arzu etdiyim ixtisasa yiyələndikdən sonra ölkəmdə qalıb işləyəcəm, dövlətimə xidmət göstərəcəyəm. İndi isə qazandığım nailiyyətə görə həm oxuduğum məktəbdə, həm də getdiyim hazırlıq kursunda mənə dərs demiş müəllimlərimə öz təşəkkürümü bildirirəm. Çünki onlar olmasa idi, yəqin belə böyük uğur əldə edə bilməzdim”.
Pərviz SADAYOĞLU, “Yni Azerbaycan”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın