Menu
Geri İrəli

9 ay ərzində Sumqayıtın iqtisadi və sosial inkişafına 60 milyon manat sərmayə qoyulub

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 244 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt İcra Hakimiyyətinin konfrans zalında İcra başçısı yanında Şuranın cari ilin ötən 9 ayı ərzində şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdakı vəzifələrə həsr olunmuş geniş yığıncağı keçirilib.

AzərTAc xəbər verir ki, yığıncağı Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıb. O, oktyabrın 6-da Nazirlər Kabinetinin geniş iclasında dövlət başçısı İlham Əliyevin nitqinə istinadən bildirmişdir ki, son aylar respublikada çox işlər görülüb. İlin əvvəlindən respublikada görülmüş iş dərindən və hərtərəfli təhlil olunmuş, respublikanın dinamik inkişafını təsdiq edən, ölkə iqtisadiyyatının yüksək nailiyyətlərini əks etdirən rəqəmlər göstərilib.

Sonra İcra Hakimiyyətinin başçısı demişdir ki, sumqayıtlılar Azərbaycan Prezidenti seçkilərində fəal iştirak etmişlər və şəhər seçicilərinin böyük əksəriyyəti ölkənin gələcək inkişafına, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən səmərəli surətdə davam etdirilməsinə səs verib.

Hesabat dövründə şəhərin inkişafından danışan E.Əzizov qeyd etmişdir ki, bu müddət ərzində sənaye sektorunun müəssisələri tərəfindən məhsul istehsalının həcmi 16 faiz artaraq 356,3 milyon manat təşkil edib. Sənaye işçilərinin orta əmək haqqı 470 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 34,2 faiz yüksəkdir. İri sənaye parkları – “Gilan tekstil”, “Sağlam qida”, kimya sənaye parkı fəaliyyətə başlamışdır, Sumqayıt sənaye parkının şəbəkəsi genişlənir. 9 ay ərzində şəhərdə 3758 daimi iş yeri, cəmi 10 ildə isə 1 milyon 200 mindən çox yeni iş yeri açılıb.

Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sahib Quliyev mövzunu davam etdirərək 2013-cü ilin 9 ayı ərzində Sumqayıtın inkişafının yekunlarını ətraflı təhlil edib. Yanvar-sentyabr aylarında şəhərin iqtisadi və sosial inkişafına təqribən 60 milyon manat sərmayə qoyulmuşdur, iqtisadiyyatda özəl sektorun payı 78 faiz təşkil etmişdir. Kimya və metallurgiya sənayesində, habelə yüngül sənayedə istehsal olunan məhsulun həcmi xeyli artıb. Məruzəçinin sözlərinə görə, pensiyaçılar və ünvanlı sosial yardıma ehtiyacı olan ailələr diqqətdən kənarda qalmamışlar. Eyni zamanda əhalinin içməli su, təbii qaz, elektrik enerjisi, habelə rabitə, nəqliyyat xidmətləri və digər xidmətlərlə təminatı xeyli yaxşılaşmışdır. İki parkın – Heydər Əliyev və Nəsimi parklarının yenidən qurulması, habelə şəhərin abadlaşdırılması və yaşıllaşdırılması, onun infrastrukturunun inkişaf etdirilməsi işi davam etdirilir.

Məruzədə təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə görülmüş işlər barədə də məlumat verilib.

Müzakirələrdə çıxış edən şəhərin bir sıra qurumlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri qazanılmış müvəffəqiyyətləri vurğulamış, Sumqayıtın xeyli dəyişmiş simasından danışıblar. Onlar xüsusilə qeyd etmişlər ki, şəhərin inkişaf etdirilməsi və onun sakinlərinin rifahının yüksəldilməsi sahəsində aparılan işlər sumqayıtlıların dərin hörmətini və məhəbbətini qazanmış dövlət başçısı İlham Əliyevin xidmətidir. Natiqlər respublika rəhbərinə böyük minnətdarlıqlarını bildiriblər.

Sonda yığıncağın iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

AzərTac, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın