Menu
Geri İrəli

9 ildir Sumqayıt küçələrində və parklarında bayram keçirən kimsəsiz ana və oğul

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur
Dünən Sumqayıt parklarından birində gəzərkən şahidi olduğum acınacaqlı bir səhnə bayram əhval ruhiyyəmi tamamilə alt üst etdi. Bayramları daima ailəmlə və öz evimdə keçirən bir şəxs kimi ana və oğlunun bayramı şəhər parkında qeyd etməsinə laqeyd yanaşa bilməzdim. 45-ci məhəllə ətrafında yerləşən parkdan keçərkən bir ananın oturacaqda oturduğunu və bir nəfərin isə üzərinə ədyal salaraq onun yanında yatdığını gördüm. Yaxınlaşdım və problemlərini öyrənməyə çalışdım. 9 ilə yaxındır ki, oğlu ilə küçə həyatı yaşadıqlarını bildirən Xaçmaz rayon Rəhimoba kənd sakini Kozayeva Zemfira Seyfulla qızı, həyatlarının həddən artıq acınacaqlı durumda olduğunu söylədi. Belə bir vəziyyətə düşmələrinin başlıca günahkarının qardaşı olduğunu bildirən kimsəsiz ana, öz acınacaqlı həyatı taleyi barəsində bunları söylədi: “Təxminən 16 il bundan öncə həyat yoldaşımdan boşandıqdan sonra ata-anamın yaşadığı evə sığındım. Evdə bizimlə birgə qardaşım da yaşayırdı. Qardaşım ailə qurduqdan sonra mənim qara günlərim başladı. Demək olar ki, hər gün qardaşım və onun həyat yoldaşı tərəfindən döyülərək təhqirlərə məruz qalırdım. Atam həmişə qardaşıma deyirdi ki, ya qızıma qarşı insan kimi rəftar elə, ya da ki, çıx get evdən. Ata və anamın vəfatından sonra həyatımın dəhşətli günləri daha da artdı. Qardaşım Tahirin zülmünə tab gətirə bilməyəcəyimi görüb az yaşlı oğlumla evdən çıxmaq məcburiyyətində qaldım. Sonradan xəbər tutdum ki, qardaşım ata evimizi 90 min manata sataraq Türkiyəyə gedib. Halbuki evə mən də qeydiyyatda idim və imzam olmadan ev satıla bilməzdi. Amma qardaşım hansısa yollarla evi sata bilib. 4 il Xaçmaz küçələrində qaldıqdan sonra Sumqayıta gəlmək qərarı verdik. Sumqayıta gəldikdən sonra isə şəhər məktəblərində və xəstəxanalarında qarovulçu  kimi işləyərək sığınacaq aldıq. Sonuncu dəfə 45-ci məhəllədə yerləşən və bu yaxınlarda İlham Əliyevin açılışında iştirak etdiyi 1 saylı xəstəxanada qalırdıq. Lakin xəstəxana təmirə bağlandıqdan sonra oranı tərk etmək məcburiyyətində qaldıq. İndi isə hava yaxşı olanda parkda, soyuq olanda isə binaların bloklarında və yarım tikili yerlərdə qalırıq. 16 yaşlı oğlum Yusif isə günə 5 manata fəhlə işləməklə məşğuldur. Onun da işi həftə bir-iki gün olur vəssalam.”
3-4 ay bundan öncə acınacaqlı durumları ilə bağlı ANS telekanalı tərəfindən çəkilişə alındıqlarını bildirən Kozayeva Zemfira, “həmin vaxtda Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirmişdilər ki, 3 ay rayonda ehtiyaclı ailələr üçün tikilməkdə olan evlərdən bizə 2 otaqlı ev veriləcək. 3 aydan çox vaxtın keçməsinə baxmayaraq hələ də ortalıqda bir nəticə yoxdur”, – deyə qeyd etdi.
Ana və oğlunun acınacaqlı həyatı ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən ailə 90-cı illərində əvvəllərində Orta Asiyadan gələn qaçqın ailələrdəndir və həmin dövrdə Xaçmaza gələndə onların hər birinə ev verilmişdi. Lakin sonradan ailə daxili münaqişə nəticəsində evsiz qalıblarsa onun məsuliyyəti öz üzərlərində qalır. Lakin hər bir halda kimsəsiz və ehtiyacı olan ailə kimi bizə müraciət etsələr onlara gücümüz çatan həddə yardım edə bilərik.
Xəyal Şükür, faktxeber.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın