Menu
Geri İrəli

ABŞ-DA SUMQAYITLI ALİMİNİN KİTABI NƏŞR OLUNMUŞDUR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2010 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

frontBu günlərdə Sumqayıta xoş xəbər gəlmişdir. “Unibook” (ABŞ) nəşriyyatında həmvətənimiz, iqtisad elmləri namizədi, Azərbaycan İqtisad Universitetinin doktorantı Şəfa Əliyevin “Müasir şəraitdə Azərbaycanın iqtisadi modelinin aktual məsələləri və inkişaf perspektivləri” kitabı çapdan çıxmışdır.
Kitabda müstəqillik əldə ediləndən sonra ölkəmizdə aparılan iqtisadi islahatlar və müstəqil xarici-iqtisadi siyasətinin formalaşdırılması prosesi tədqiq olunmuşdur. Dünya iqtisadi sisteminə uğurla inteqrasiya etmiş Azərbaycan bir çox beynəlxalq iqtisadi, maliyyə təsisatlarının və təşkilatlarının üzvüdür. İxrac potensialı ilbəil artan respublikanın dünyanın 140 ölkəsi ilə ticari-iqtisadi münasibətləri vardır.
Kitabda müasir dövrdə Azərbaycanın iqtisadi modelinin formalaşması xüsusiyyətləri, onun iqtisadi baxımdan imkişaf etmiş ölkələr sırasında olmaq istəyi əksini tapmışdır. Dünya maliyyə böhranı şəraitində sınaqdan çıxmış milli iqtisadi modelin immuniteti bunu sübuta yetirən arqument kimi gətirilmişdir. Belə ki, dünya iqtisadiyyatını iflic vəziyyətinə salan böhran ölkəmizə ciddi təsir göstərə bilməmişdir. 2009-cu ildə iqtisadi artım 9,3 faiz, sənaye istehsalı artımı 8,6 faiz, inflyasiya 1,5 faiz təşkil etmişdir.
Məqalələrdən biri bütünlüklə keçid dövrünə həsr edilmişdir. Burada ölkənin həmin dövrü əhatə edən iqtisadi siyasətinin strategiya və taktikası göstərilmişdir. Kitabda hasilat sahələrinin ehtiyatları, Azərbaycanın regionda və dünyada enerji təhlükəsizliyinin güclənməsində onların rolu təhlil edilmiş, ölkənin innovasiya iqtisadiyyatına uğurla keçməsində neft sektorunun rolu, informasiya-kommunikasiya texnologiyalarının və digər səmərəli müasir texnologiyaların genişləndirilməsi perspektivləri vurğulanmışdır. Qeyri-neft sektorunun ayrı-ayrı sahələrinin imkanları və onların inkişafının prioritet istiqamətləri tədqiq edilmiş, optimal variantlar modelləşdirilmişdir. Ölkədə hər bir vətəndaşın rifahına yönəlmiş makroiqtisadi siyasət kontekstində regional sosial-iqtisadi proqramın həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Şəfa Əliyev müxbirimizlə söhbətində demişdir: “Azərbaycanın iqtisadi modelinin uğurlarının, xüsusiyyətlərinin dəlil-sübuta söykənən material əsasında tədqiq olunduğu bu kitab mövzu haqqında, onun əsasında duran istisadi islahatların mahiyyəti barədə ətraflı informasiya əldə etməkdə mütəxəssislərə və oxuculara yardımçı olacaqdır”.
Ş.Əliyevin fikrincə, ölkədə iqtisadi islahatların əsası yalnız ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, ötən əsrin səksəkəli 90-cı illərində onun ölkədə sabitlik yarada bilməsi sayəsində mümkün olmuş, “Əsrin müqaviləsi” neft konsepsiyası çərçivəsində formalaşdırılmış iqtisadi siyasət Azərbaycanın regionda liderliyini təmin etmişdir.
Kitabda yer alan çoxsaylı diaqramlar, sxemlər və statistik müqayisələr alimin tədqiqatlarını aydın şəkildə əks etdirir.
Qeyd edək ki, “Peleman İndustries İNc” şirkəti tərəfindən yaradılmış, bu sahədə 65 il iş təcrübəsi olan “Unibook” nəşriyyatı kitab, kataloq, dərslik və digər mətbu məhsulun nəşri ilə məşğul olur. Nəşriyyatın baş ofisi Belçikada yerləşir. Həmvətənimizin kitabı Corciya ştatındakı (ABŞ) “Alpharetta” korporativ ofisində nəşr olunmuşdur. Yeri gəlmişkən, İnternet şəbəkəsinin oxucuları və mütəxəssis-istifadəçiləri üçün nəzərdə tutulmuş kitab onlayn sistemində yerləşir, sorğu əsasında çap edilir. Nəşriyyat kitabın bütün dünyada marketinqini də təşkil edir.

Sumqayıt, 28 aprel (AzərTAc).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın