Menu
Geri İrəli

Sumqayıtlılar ABŞ -dan təzminat tələb edir

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2013 • Baxış sayı: 302 dəfə • Şərh yoxdur
Share Button

ABŞ-ın “Blacksmith Institute” Fondu dünyanın insan həyatı üçün ən təhlükəli, yaşamağın məsləhət görülmədiyi 10 şəhərinin siyahısını hazırlayıb. Əsasən, Çin və  Rusiya şəhərlərinin üstünlük təşkil etdiyi siyahıda  ilk 10-luqda  Azərbaycanın da adı var. Maraqlıdır ki, dünyada insan üçün ən təhlükəli olan şəhərlər sırasında ikinci  yeri  Ukraynanın nüvə qəzası baş vermiş  Çernobıl şəhərindən sonra Sumqayıt tutur.

İnstitutun açıqlamasında bildirilir ki, keçmiş SSRİ-nin ən böyük və ən zəhərli kimya sənayesi komplekslərindən biri bu şəhərdə yerləşir. Hazırda şəhərin əhalisi 300 min nəfərdən çoxdur. Ağır metallar, neft məhsullarının emalı zamanı atmosferə düşən zəhərli maddələr insanların sağlamlığında ciddi problemlər yaradıb. Şəhərdə sümük iliyi xəstəliyi xüsusi ilə geniş yayılıb.

Köhnə məlumatlar yeni variantda

Fondun hesabatı yayıldığı gündən Sumqayıt sakinlərindən redakasiyamıza etiraz məktubları daxil olub. Məktublarda yayılan məlumatın həqiqəti əks etdirmədiyi bildirilir. Onlar təkidlə məsələni araşdırmağımızı istəyiblər.

Düzdür, sovet dövründə Sumqayıt kimyəvi zavodlarla zəngin olduğundan, havadakı çirkliliyin nəfəs almağa belə çətinlik yaratdığı məlumdur. Amma hər kəsə bəllidir ki, müstəqillikdən sonra həmin zavodların əksəriyyəti bağlanıb. Üstəlik, rəsmi qurumlar da monitorinqlər zamanı havada ağır metalların aşkar olunmadığını dedilər. Bizim ekspertlərdən fərqli olaraq  “Blacksmith Institute” fondu hansı monitorinq əsasında belə bir nəticəyə gəldiyini açıqlamır. Bundan başqa həmin monitorinqləri nə vaxt keçirməsi də bəlli deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.Az-a açıqlamasında  bildirdi ki, fondun bu məlumatları hazırlayarkən hansı tələblərə söykəndiyi bəlli deyil.

““Blacksmith Institute”  fondunun saxtakarlıqla hazırladığı hesabat əsassızdır, eyni zamanda qeyri-peşəkar və qərəzlidir. Hər il on minlərlə turist qəbul edən ölkəmizin, eləcə də Sumqayıt şəhərinin imicinə ziyan vurmaqdan başqa bir şey deyil. Maraqlıdır, təşkilat SSRİ dövründəki məlumatlara əsaslanan hesabatları tərtib edərkən nə məqsəd güdür? Şəkillərdəki yerin Sumqayıt olub-olmadığı bəlli deyil. Bu məlumatları yayarkən ciddi nöqsanlara yol veriblər. Müstəqillikdən sonra əvvəlki kimya zavodlarının əksəriyyəti bağlanıb. Havanın çirklənməsi azalıb, ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülüb. Yaşıllıqlar salınıb, abadlıq işləri aparılıb. Həmin fond araşdırma apararkən bu yenilikləri nə üçün qeyd etməyib?”

İ. İbrahimova onu da bildirdi ki, bu fondun ilk hesabatı deyil.  Bir neçə il əvvəl də  belə bir hesabat yaymışdılar. Bundan başqa Sumqayıtın hazırkı vəziyyəti bunun tam əksini göstərir. Havada çirklilik sovet dövrü ilə müqayisədə dəfələrlə azdır.

“2007-ci ildə təşkilat kommersiya məqsədlərinə xidmət edən, heç bir monitorinq, araşdırma aprmadan belə bir hesabat yaymışdı. Bizim  nazirlik də fakta söykənmədən manipulyasiya edilərək ictimai rəydə çaşqınlıq yaradacaq xəbərlərin araşdırılması üçün fonda məktub göndərmişdi. Ancaq onların yenidən köhnə məlumatları yaymaqla hansı məqsədlər güddüklərini anlamırıq”.

Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, fond araşdırmalar apararkən mütləq ETSN-nə müraciət etməlidir. Amma müraciət edilməyib, bundan başqa monitorinq keçirmək üçün ən azı bir ay Sumqayıtda qalmalı, rəqəmləri müqayisə etməli idilər.

Çirklilik sadəcə lokal xarakterli olur

Nazirliyin Ətraf mühtinin mühafizəsi üzrə milli monitorinq departamentinin direktor müaviniMətanət Avazova yayılan məlumatlarla bugünkü vəziyyət arasında əlaqə olmadığını bildirdi. Sumqayıtda fəaliyyət göstərən zavod və fabriklərin sayı çox azdır, işləyənlər də yeni texnologiyalardan istifadə edir. Nazirlik rəsmisi onu da bildirdi ki, sovet dövründə fəaliyyət göstərən zəhərli maddələr istehsal edən fabrik, zavodlar bağlanandan sonra depolarında olan toksiki tullantılar Cəngi istiqamətində quyularda basdırılıb. Bundan başqa Almaniya şirkətləri ilə bağlanan müqavilə əsasında torpaqlar zərərli maddələr, civə tullantılardan  təmizlənib. M.Avazova mütəmadi olaraq apardıqları monitorinqlərin nəticələrini də açıqladı.

“Hər bir  şəhərin sənaye profilinə uyğun olaraq mütəmadi olaraq monitorinq  aparırıq. Sumqayıtda 16 adda spesifik çirkləndiricilər daxil olmaqla havanın əsas tərkib hissələri olan azot, kükürd birləşmələrindən nümunələr götürürük. Bunların hamısı üzərində müşahidə aparırırq. Sadəcə olaraq günün bəzi saatlarında, küləksiz, rütubətli hava hövzəsində oynaqlıq zəif olur, oksigen sıxlığı azalır. Buna görə də, bəzi inqridientlər, avtomobil tullantılarının miqdarı, xlor, ftor  normadan yüksək qeydə alınır.
Çirkliliyin çox olması sadəcə lokal xarakterli olur.Lakin  gün ərzində bir neçə dəfə analiz aparırıq, günün sonunda ümumi nəticələr norma daxilində olur.Heç bir analiz nəticəsində havada ağır metallar aşkarlamamışıq”.

Sumqayıtda ən çox yayılan xəstəlik

Hesabatda həmçinin Sumqayıtda sümük iliyi xəstəliyinin çox yayıldığı  bildirilir.Səhiyyə Nazirliyindən isə bu məlumatın tamamilə yanlış olduğunu bildirdilər.

“Sümük iliyi deyə xəstəlik yoxdur, sadəcə sümükdəki iliyin funksiyası pozulanda qan azlığı anemiya xəstəliyi yaranır. Radiasiya, atmosferin çirklənməsi, bu xəstəliyin yaranmasına səbəb ola bilər. Sumqayıtda 370 min insan yaşayır, onların 5 min 19-da anemiya var. Bu da əhalinin 1.3%-ni əhatə edir. Şəhər üzrə xəstəliklər sırasında isə anemiya 1.8% -dir. Sumqayıt üzrə böyüklər arasında ən çox ürək, qan-damar sistemi xəstəlikləri, uşaqlarda isə yuxarı tənəffüs yolları xəstəlikləri daha çoxdur. Bundan başqa hazırda zavod, fabriklər işləmədiyinə görə, qan azlığı respublikanın digər şəhərlərində olduğundan aşağıdır. Hətta sovet dövründə də zavodlar işlədikdə belə anemiya çox az olub”.

Zavodların əksəriyyəti bağlanıb

“Azərkimya” İstehsalat Birliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rəhman Orxan Sumqayıtın hazırda Azərbaycanın ən təmiz şəhərlərindən biri olduğunu dedi:
“Zəhərli, zərərli istehsalat sahələri bağlanılıb. Xlor və kimyəvi turşular istehsalatı ilə məşğul olan zavodlar fəaliyyət göstərmir, su təmizləyici qurğular yenilənib. Ağır metallar hamısı şəhərkənarı poliqonda basdırılıb. Əvvəllər tüstüdən  göz tutulurdu, havada  zəhərli maddələr çox idi. Amma bu gün sovet dövründəki çirklilik qalmayıb. Biz bu məlumatları yayan şirkəti məhkəməyə verəcəyik. Bu məlumatlar Sumqayıtın adına ləkə gətirir, imicinə ziyan vurur. ABŞ-da mənzillənmiş qurum mənəvi zərərə görə Sumqayıt şəhərinə ödəniş etməlidr”.

Gülxar Şərif

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın