Menu
Geri İrəli

“Ana bir də gördün məni də bayrağa bürüyüb gətirdilər” -Sumqayıtlı şəhidin evindən REPORTAJ (FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2016 • Baxış sayı: 1,499 dəfə • Şərh yoxdur
Share Button

Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də əsgər Əbdülməcid Axundovdur.
Sumqayıt şəhər 16-cı məhəllə sakini olan Əbdülməcid Nadirşah oğlu Axundov 1993-cü il oktyabrın 15-də anadan olub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb və “Elektrik mühəndisi”ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
Ə. Məcidov Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Əbdülməcidin Sumqayıtda yerləşən evinə baş çəkərək ailə üzvləri ilə görüşmək qərarına gəldim.

Əbdülməcid haqqında nə zamansa yazmağı düşünürdüm… Amma belə tezliklə yox…

Ünvanı tapmaq çətin olmadı, çünki bu ünvana çox gəldiyim olmuşdu… Amma hec vaxt, heç zaman qapının arxasında səssiz durub, içəri keçməyə bu qədər tərəddüd etdiyim olmamışdı..

Qəfildən gələcəm, sürpriz edəcəm…

Əbdülməcidin anası Ceyran Axundova oğlundan söz açaraq onun şəhidlik zirvəsinə yüksəlməsinin qürurverici olduğunu deyir. Şəhid anası oğlu ilə bağlı olan xatirələrini bizimlə bölüşür:

“Məktəbdə əlaçı olub. Dərslərini çox yaxşı oxuyurdu. Məsuliyyətli uşaq idi. Mən Məcidi incəsənətə yönəltmək üçün ora cəlb etdim. Amma xeyri olmadı. Məcid incəsənətə, musiqiyə meyllənmədi… Orta məktəbdə “Vaqif” dramını səhnələşdirəndə ona Vaqif rolu verilmişdi. Və o həmin rolu elə məharətlə oynamışdı ki, bütün məktəbə səs salmışdı…

Ceyran xanım oğlunun hərb sənətinə daha çox maraq göstərdiyindən də söz açır:

“Çox mərd uşaq idi, özünü irəli verirdi. Mübariz İbrahimovla bağlı kadrlara internetdə daha çox baxırdı. Vətənpərvərliklə bağlı bütün mövzularla maraqlanırdı. Hiss edirdim ki, onun hərbiyə marağı çox idi. Kompüterdə fikir verirdim, ancaq döyüş səhnələrini izləyirdi. Və bu məni qorxudurdu, var qüvvəmlə onu qorumağa çalışırdım. Mənim üçün o hələ böyüməmişdi. Uşaq qalmışdı. Çox qorxurdum onun əsgərliyə getməyindən. Əbdülməcidin arzusu şəhid olmaq idi. O əsgərliyə getməyini səbirsizliklə gözləyirdi, amma mən heç istəmirdim düzü. Nəhayət ona hərbi çağırış vərəqəsi gəldi. Tərtərdə xidmət keçməli oldu. Bu il yanvarın 23-də məzuniyyətə gəlmişdi. Gələndə elə narahat idim ki, elə bilirdim ona nəsə olacaq. Qəza olacağından qorxurdum. Bir az gec gəldi çatdı. Narahatçılığımı görüb dedi ki, “Bu dəfə daha bildirdim sizə gələcəyimi, qurtarıb gələndə bildirməyəcəm. Qəfildən gələcəm, sürpriz edəcəm”… Qəfildən gəldi.. belə gəldi…

Martın 13-də yanına getmişdim. Özü qoymurdu ona baş çəkim. Deyirdi niyə gəlirsən… ora gedəndə çoxlu bayram şirniyyatı, yemək aparmışdım, düşünürdüm ki, əsgər yoldaşları ilə bərabər yeyərlər. Deyinirdi ki, neynirsən bu qədər yeməyi?! Bir neçə saat oturduq, danışdıq, ayrılanda arxasınca çox baxdım, ta o gözdən itənə qədər… Amma o bir dəfə də olsun arxaya çevrilib baxmadı…

Çox qoruyurdum onu, qorxurdum.. İndi də fikirləşirəm ki, bəlkə də onu o qədər qoruduğum üçün, bu qədər qorxu hissini keçirdiyim üçün Allaha xoş getmədi ki, mənim bəndəmi məndən niyə qoruyursan…

Novruz bayramında gördüm mənə ondan mesaj gəlib, baxdım ki, güllələrdən ürək düzəldib, şəklin çəkib göndərib. Həmin gün çox qısa danışığımız oldu.”

Fəxr edəcəksən ki, şəhid anasıyam

Şəhid anası oğlu ilə son danışığını belə xatırlayır:

“Son danışığımız aprelin 1-də oldu. Qardaşı Elçinin ad günü idi. Zəng etmişdi təbrik üçün. Dedim özündən muğayat ol ha. Axırıncı danışığımız o oldu, səsi də qulağımda qaldı…

Deyirdi mən də Mübariz kimi olmaq istəyirəm. Bir də gördün ki, məni də bayrağa bürüyüb gətirdilər. Şəhid oğlun gəldi.. Şəhid anası olcaqsan, fəxr edəcəksən ki, şəhid anasıyam.

Çox narahat olurdum o elə danışanda, qorxurdum. Deyirdim, yandırma məni belə danışmaqla. Görürdü halım dönür deyirdi, yaxşı zarafat edirəm, əsəbləşmə. O, çox fikir edirdi ki, bu torpaqlarımız görəsən nə vaxt alınacaq… Mən ona təsəlli verirdim ki, onun da vaxtı var. Orada komandirinə də deyirmiş.. Bir müharibə başlasaydı gedib vuruşardıq…

Mən hələ indi bilmişəm ki, o məzuniyyətə gələndə dayısına deyib, anam razı deyil, amma mən qalmaq istəyirəm hərbidə. Gizir kimi…

O ali təhsilli olduğuna görə onu manqa komandiri qoymuşdular. Çavuş hərbi rütbəsini verəcəkdilər. Son danışığımızda soruşdum, dedi verəcəklər… Qismət olmadı balama…

Əvvəl eşitdik ki, Məcidi Mingəçevirə aparıblar, sonra oradakı əsgər dostu dedi ki, biz artıq ön cəbhədəyik .Aprelin 2-dənsonra Məciddən xəbər olmayıb. Qardaşı getmişdi soraqlamağa. Heç bir dəqiq məlumat ala bilməmişdi. Axırı da belə… Atəşkəs olandan sonra ala bilmişdilər Məcidin meyitini.. Arzusuna çatmışdı.. Şəhidlik arzusuna…

Daha sonra söhbətimizi şəhidin qardaşı Elçin Axundovla davam etdiririk:

“Məcidin uşaqlıqdan hərbçi olmaq arzusu vardı. Uşaqlıqdan hərbi verilişlərə, hərbi texnikalara baxırdı. Çox mərd uşaq idi. Ürəkli oqlan idi, məndən ürəkli idi.”

E. Axundov qardaşı ilə sonuncu danışığını belə xatırlayır:

“Tez-tez əlaqə saxlayırdı, danışırdı mənimlə. Son dəfə ayın aprelin 1-də zəng etmişdi. Məni təbrik elədi. Dedi “Qardaşım, ad günün mübarək, xoşbəxt ol!”…

Danışığı qısa oldu, anamla da elə onda danışdı. O son danışıq oldu. Heç demə gecə döyüşə girəcəkmişlər, bizə bildirməmişdi.”
Əbdülməcid Tərtərdə döyüşə gedərkən qol saatını, cibindəki 41 manat pulu və telefon nömrəsini əsgər yoldaşlarına verərək “Bunları qardaşıma verərsiz, mən gedirəm şəhid olmağa” deyib.

Söhbətimizin bu yerində şəhidin anası Ceyran xanım dialoqa qoşulur:

“Əsgərlik onu çox dəyişmişdi. Həm boy buxunu artmışdı, həm fikirləri qətiləşmişdi…

Şəhidliyə o çox yüksək baxırdı. Uşaqlıqdan onları Şəhidlər xiyabanına aparırdım. Gənclik dövründə də gedirmiş tez-tez… Şəhidləri yad edirmiş… Çox vətənpərvər idi, ona görə də onu saxlaya bilmədik… Getdi…

Komandirləri onu çox tərifləyirdi. Həsrət Almasov vardı, o Məcidin igidliyindən danışmaqdan yorulmurdu. Bildirmişdi ki, Seysulanın alınması uğrunda döyüşlərdə Məcid xüsusilə fərqlənib, mərdlik nümunəsi göstərib. (Elçinin mənə göstərdiyi, internetdə yayılması məsləhət bilinməyən fotolardan görünürdü Məcidin igidliyi…)

Onların söhbətlərindən sonra mən az da olsa fərəh hissi keçirdim ki, oğlum aciz olmayıb. Aciz şəkildə öldürülməyib. İgidliklə vuruşub, qəhrəmanlıq göstərib. Bu mənə bir qədər fəxr hissi yaşatdı. Amma mənə təsir edən odur ki, Məcid təkcə fədakarcasına döyüşməyib, həmdə öz yaralı əsgər yoldaşlarını ölümə tərk etməyib, atəş zonasından çıxarıb, həyatlarını xilas edib. Lakin, onun özü yaralanıb, onu çıxaran olmayıb atəşin, od-alovun içindən…”

 Söhbətimizə Məcidin dostu Murad Vəlixanov və əmisi qızı İlhamə Axundzadə də qoşulur. Onun çox səmimi, fədakar, mərd oğul olduğunu bildirirlər.

“Şəhidlik müqəddəs zirvədir, ama Məcidin yoxluq adlı yükünü daşımaq da çox ağırdır.” deyir İlhamə xanım…

 İstər ailə üzvləri, istər dostu, istərsə də qohumlarının bir istəyi var, Məcidin etdiyi fədakarlıq, qəhrəmanlıq dövlət səviyyəsində qiymətləndirilsin.

Məcid unudulmasın, adı əbədiləşdirilsin. Ceyran xanım deyir ki, ən böyük təsəlli onun şücayətinin dövlət səviyyəsində qiymətləndirilməsi, Azərbaycanın Milli Qəhrəman adının verilməsi və qanı tökülən torpaqların işğaldan azad olunması ola bilər….

Məcidin dəfn gunundən etibarən evin bir küncündə onu andıran bir guşə var…
Bütün söhbət boyu mən o guşədən mənə sarı boylanan Məcidin gülümsər çöhrəsinə və azca qıyılmış gözlərinə baxmamağa çalışsam da, evi tərk etməzdən əvvəl məhz Məcidlə vidalaşmalı oldum…

Allah sənə rəhmət eləsin igid! Yaddaşımda hər qarşılaşdığında insana yalnız pozitiv əhval-ruhiyyə verən Məcid olaraq qalacaqsan! İgid, qəhrəman, cəsarətli və bizim üçün hələ də böyüməyən Məcid olaraq..
Gerçəkdən də böyüyə bilmədin ki…

Yerin cənnət olsun deyəcəm, amma sən cənnət mələyisən artıq! İnşallah bir gün alnı açıq, üzü ağ, sənin məzarın qarşısında durub, ayağa dur, gedək Qarabağa deyə biləcəyik.. Bax onda sənin hələ illər öncə “Bağışlayın, mən sizi qarşılamaq üçün ayağa dura bilmirəm” kimi üzrhaqlığın keçməyəcək…
Biz Qarabağa sən və şəhid qardaşlarınla bərabər gedəcəyik! Çünki əminik, Şəhidlər ölmür!!!

Sevinc Bəhmənli

Xeberle.com















 - See more at: http://xeberle.com/az/view/21162/ana-bir-de-grdn-meni-de-bayraa-bryb-getirdiler-sumqaytl-sehidin-evinden-reportaj-fotolar/?#sthash.oYSO1GTC.dpuf

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın