Menu
Geri İrəli

Anar Qasımlı: “seçkiyə yaşadığım Sumqayıtdan qatılacam”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2015 • Baxış sayı: 732 dəfə • Şərh yoxdur

anar1“125-lər” Siyasi Klubunun sədr müavini: “Müxalifət seçkini yalnız ona görə uduzmur ki, iqtidar əlindəki sərhədsiz imkanlarla onu saxtalaşdırır. Müxalifət seçkini əsasən ona görə uduzur ki, seçkini müşahidə edə bilmir”

Ötən ay 1 yaşını qeyd edən “125-lər” Siyasi Klubu illik toplantı keçirib. Klub üzvləri İlhamiyyə Rzanı yenidən başqan seçib. 2015-ci il parlament seçkilərində iştirakı hədəfləyən qurumun gündəmi, gördüyü və görəcəyi işlərlə bağlı suallarımızı sədr müavini Anar Qasımlı cavablandırır.

- Anar bəy, 1 ildə hansı işləri görə bilmisiz? Hesabat yığıncağınızda nəticələrdən razı qaldızmı?
- Ötən 1 ili uğurlu saymaq olar. İlin yekunlarının müzakirəsi zamanı da göründü ki, cəmi 1 il yaşı olan “125-lər” xeyli iş görə bilib. Hədəflərimiz seçki baş verənə qədər görünməyən hədəflərdir. Seçki yaxınlaşdıqca bizim işimiz daha da artacaq. Ancaq bu 1 ildə çalışmışıq ki, vətəndaş ölkə gündəmində olan məsələlərlə bağlı bizim də mövqeyimizi öyrənsin. Əslində “125-lər” sırf seçki ilə bağlı qurumdur, ölkənin ictimai-siyasi məsələləri ilə bağlı hər hansı bir öhdəliyi yoxdur. Buna baxmayaraq,  hesab edirik ki, biz bu prosesdən kənarda qala bilmərik və imkan düşdükcə cəmiyyəti narahat edən məsələlərlə bağlı bəyanatlarla çıxış edirik.
- Artıq klub üzvlərindən bəziləri hansı dairədən namizəd olacaqlarını açıqlayıb. Yaxın bildiyiniz siyasi qurumlarla bu məsələdə uzlaşacaqsızmı, bəzi məqamlarda güzəştlər getməyə hazırsızmı?
 

 “Keçən və indiki seçkiqabağı durumda ciddi fərq görmürəm. Əksinə, siyasi aktivlik daha da aşağı düşüb. Bu da seçkilərə inamsızlıqla bağlıdır. Buna görə də üzərimizə həm də mühiti canlandırmaq vəzifəsi düşür”

- Siyasi proseslərin gedişində bunlar normaldır, təbii. Yəqin proses irəlilədikcə, mənzərə tam aydın olacaq, o zaman biz də qərarlarımızı verəcəyik.
- Siz dairənizi seçmisizmi?
- Hələ yox. Ötən seçkidə yaxınlarımın, qohumlarımın yaşadığı dairədən namizəd olmuşdum. Ancaq bu dəfə deyəsən, qərarımı dəyişib, seçkiyə yaşadığım Sumqayıtdan qatılacam.
- Belə çıxır, seçki prosesində hökumətlə bir yerdə  qohumlarınızdan da narazı qalmısız?
- Azərbaycan reallığında belədir ki, siyasi proseslərə qoşulanda yaxınlarla, qohumlarla üz-göz də ola bilirsən. Mən də onlara görə narahatlıqlar keçirdim. Adi müəllim, həkim işləyən qohumuma belə ciddi basqılar olmuşdu. Basqı görənlər də, təbii rəhbərliklərinin sözü ilə gəlib deyirdilər ki, namizədliyini geri götür. Hiss edirsən ki, insanlar buna məcbur edilib. Mənə görə heç kimin basqı altında qalmasını istəmədiyim üçün bu dəfə yaşadığım ərazidən seçkiyə getməyi düşünürəm. Həm də qohum-əqrəba səsinin hesabına mandat almağa da yaxşı baxmıram.
- Sizcə, ölkədəki mühit seçkilərin azad, demokratik keçirilməsi üçün nə qədər əlverişlidir. Ötən seçki təcrübənizlə indiki durumu müqayisə edəndən hansı gerçəklər üzə çıxır? 
 
 

“Azərbaycan əhalisi problemlər içərisində yaşamağa alışıb”

- Keçən və indiki seçkiqabağı durumda ciddi fərq görmürəm. Əksinə siyasi aktivlik daha da aşağı düşüb. Bu da seçkilərə inamsızlıqla bağlıdır. Buna görə də bizim üzərimizə həm də mühiti canlandırmaq vəzifəsi düşür. Bizim məqsədimiz yalnız deputat olmaq deyil. Seçki prosesində layiqli şəkildə iştirak edib ortaya bir demokratik nümunə qoymaq istəyirik. Biz ölkədə indiyə qədər olmayan seçki ənənəsi yaratmaq istəyirik.
 
- Necə bir ənənə?
- Biz pafoslu çıxışlardan, vədlərdən uzaq olacağıq. İndi seçici ilə  iş üzrə yeni metodika üzərində işləyirik. Əsas ideya seçicilərlə tək-tək təmasların qurulmasıdır. Təbii, bir çox hallarda bu metodika dairələrin özəlliyinə görə dəyişəcək. Məsələn, Bakıdan seçkiyə qatılacaq namizəd üçün sosial şəbəkələr də önəmli təbliğat vasitəsi ola bilər. Ancaq bu,  bölgələr üçün heç bir effekt verməz. Təbliğat işlərində bütün bu nüansları nəzərə alacağıq.
- Digər ölkələrin praktikasına baxanda görürük ki, sosial gərginlik artdıqca siyasi fəallıq da yüksəlir. Manat yaxınlarda xeyli dəyərdən düşdü, sosial proseslər daha da çoxaldı. Sizcə, vətəndaş ən azı öz güzəranı üçün siyasi aktivlik nümayiş etdirə bilərmi?
 
- 2010-cu ildə də əhalinin sosial durumu o qədər də ürəkaçan deyildi. O zamanın da öz problemləri var idi. Çox təəssüf, Azərbaycan əhalisi problemlər içərisində yaşamağa alışıb. Bizim bu gün yüksək siyasi düşüncəsi, vətəndaşlıq mövqeyi, elementar hüquqi savadı olan elektoratımız yoxdur. Normal cəmiyyətlərdə namizəd seçiciyə mesaj verəndə platforma rahat anlaşılır, vətəndaş asanlıqla təkcə yaxşı ilə pisi yox, yaxşı ilə daha yaxşını seçə bilir.  Azərbaycanda isə çox təəssüf, deputat vətəndaşın gözündə seçki dönəmində məhəllədə abadlıq işləri aparan, yol çəkən, ya da nəsə paylayandır. Bu düşüncəni dəyişmək gərəkdir. Təbii, çox çətin, vaxt aparan prosesdir. Düşünürəm ki, cəmiyyətin sağlam dəyərlər üzərində gəlişməsini istəyən hər bir şəxs bunun üçün bacardığını etməlidir. Seçici ilə işləmək lazımdır. Demokratik cəmiyyətlərdə namizədlər seçici ilə hansı model üzərində işləyirsə, biz də mənin modelləri Azərbaycanda tətbiq etməyə başlamalıyıq.
- Bir müstəqil namizəd “125-lər”ə qoşulsa hansı üstünlüklər əldə edə bilər? 
- Öz təcrübəmdən deyim. Ötən seçkidə 125-ci dairədən namizədliyimi müstəqil qaydada irəli sürmüşdüm. Tamamilə təcrübəsiz idim. Yalnız bir neçə dəfə seçkilərdə müşahidəçilik etmişdim. İndi həmin dönəmi analiz edəndə görürəm ki, komanda işi daha effektlidir. Çünki orada təcrübəsi olmayanların təcrübəli insanlardan nələrisə öyrənmək imkanları var. “125-lər”ə qoşulan müstəqil namizəd də ən azı seçici ilə necə işləmək lazımdır, müşahidəçilik necə qurulmalıdır, təbliğatda nəyə üstünlük verilməlidir kimi məsələlərdə təcrübəlilərin dəstəyini ala bilər. Bu xırda məsələ deyil. Digər ölkələrdə bu xidmətləri bahalı kompaniyalar yetərincə bahalı qiymətlərə görür. Düşünürəm ki, təklifimizin dəyərləndirilməsi həm namizədlərə, həm də proses xeyirli olar.
- Sizə qoşulan şəxsləri müşahidəçi ilə təmin etmək imkanlarınız nə qədərdir?
- Təbii, biz klub üzvləri üçün imkanlarımızı səfərbər edəcəyik. Ümumiyyətlə “125-lər” Siyasi Klubu üçün bir-birinə dəstək əsas prinsipdir. Məsələn, hansısa bir rayonda mənim tanıdığım insanlar varsa, həmi şəxsləri oradan namizəd olan klub üzünün seçki kampaniyasına cəlb edəcəm. Eləcə də digərləri.

“Mühitin ciddi şəkildə yumşalacağına, dəyişəcəyinə ümid azdır. Ancaq ən azından, bir neçə dairədə seçkini qazanmaq şansları da var”

- Müxalifət partiyaları illərdir seçki komissiyalarının tərkibini demokratik seçkini əngəlləyən əsas səbəblər sırasında göstərir. Sizin seçki komissiyalarının tərkibi, ümumilikdə seçki qanunvericiliyi ilə bağlı hansı iradınız, təklifiniz var?
- Biz Seçki Məcəlləsindəki nöqsanları, qüsurları bir neçə dəfə müzakirə etmişik. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlamalarımız olacaq. Son prezident seçkisində mən prezidentliyə namizədin vəkili idim. Müxalifət seçkini yalnız ona görə uduzmur ki, iqtidar əlindəki sərhədsiz imkanlarla onu saxtalaşdırır. Müxalifət seçkini əsasən ona görə uduzur ki, seçkini müşahidə edə bilmir. Elə məntəqələr var idi ki, orada müxalifət adına bir müşahidəçi belə yox idi. Olanlar belə bir neçə saat sonra məntəqəni başlı-başına qoyub getmişdilər. Müşahidəçilik institutunu çox güclü təşkil etmək, hər məntəqəyə ən azı 3 müşahidəçi cəlb etmək lazımdır ki, ən azı qanunsuzluqların hamısını aktlaşdırmaq mümkün olsun. 2005-ci il parlament seçkiləri ilə bağlı Avropa İnsan Haqlarının Məhkəməsinin qərarları məhz müşahidəçilik missiyasının ciddi yerinə yetirildiyi dairələr haqqındadır. Qələbə təmin olunmasa belə, ən azından sübut olunur ki, bu məntəqədə seçki saxtalaşdırılıb.
- Bu gün ölkədə demokratik seçkini ən çox əngəlləyən problem sizcə nədir?
- Düşünmürəm ki, bu seçki digərlərindən hər hansı formada fərqlənəcək. Yenə də hakimiyyət öz inzibati resurslarından yararlanaraq seçkini saxtalaşdırmağa çalışacaq. Bu gün vətəndaş cəmiyyəti üzərində basqılar, siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlik addımların da məqsədi məhz budur. Bizim məqsədimiz isə bu reallıqların içərisində seçkidə yeni formada iştirak etməkdir. Çünki mühitin ciddi şəkildə yumşalacağına, dəyişəcəyinə ümid azdır. Düşünürəm ki, ən azından bir neçə dairədə seçkini qazanmaq şansları var. Eyni zamanda bayaq dediyim kimi güclü müşahidəçiliklə seçki saxtalaşdırılarsa, bunu sübut etmək imkanları da var.
 - Seçki prosesində bir boykot qərarı da olar. Basqılar düşündüyünüzdən artıq olsa, belə bir seçim etməniz mümkündürmü?
 

 “Biz öz aramızda müzakirələr aparıb konkret məsələ ilə bağlı dialoq təşəbbüsü də göstərə bilərik. Bunu eləmək üçün isə ictimai fikirlə işləmək lazımdır. Çünki indi ictimai fikir iqtidarla hər hansı danışığa satqınlıq damğası vurur”

- İndidən bu haqda nəsə demək tezdir. Bu geniş müzakirələrdən sonra verilə biləcək qərardır. Mənim fikrimə qalsa, “125-lər”də hər bir dairə namizədi özü öz qərarını verə bilər. Ancaq təbii, etiraz əlaməti kimi prosesdən hamılıqla çəkilmək qərarı da mümkündür.
- Müxalifət seçki tələbləri ilə kütləvi aksiyalar keçirsə, siz qoşulacaqsızmı?
- İndiyə kimi müxalifət yürüş, mitinq və digər etiraz formalarından çox istifadə edib. Ancaq bunların müsbət nəticəsini cəmiyyət görməyib. Yəni bu üsullarla seçki prosesində müsbət dəyişikliklər əldə etmək mümkün olmur. Demək, buna vaxt sərf eləməyə dəyməz. Həmin vaxtı seçici ilə birbaşa işə də xərcləmək olar. Bu mənim şəxsi fikrimdir. Ola bilər, gələcəkdə şəraitdən asılı olaraq fərqli qərarlar verilsin. İndilik bizim belə planlarımız yoxdur.
- Bəs, hakimiyyətlə dialoq məsələsinə necə baxırsız? Siyasi klub olaraq konkret bir məsələ ilə bağlı dialoq təklif edə bilərsizmi, ya gedən hansısa dialoqun elementi olmaq istəyirsizmi?
- Cəmiyyətdə təəssüf doğuracaq daha bir məsələ iqtidar-müxalifət münasibətlərinin düşmənçilik həddinə çatmasıdır. Təbii, hər hansı müzakirələrə ehtiyac varsa, buna normal yanaşırıq. Biz öz aramızda müzakirələr aparıb konkret məsələ ilə bağlı dialoq təşəbbüsü də göstərə bilərik. Bunu eləmək üçün isə ictimai fikirlə işləmək lazımdır. Çünki indi ictimai fikir iqtidarla hər hansı danışığa satqınlıq damğası vurur. Qonşu Türkiyə nümunəsinə fikir verin… Bəzən tənqidləri aşıb qarşılıqlı təhqirlərə keçən siyasilər belə ümummilli məsələlərdə bir araya gəlir. Vətəndaş cəmiyyəti üçün bu olduqca vacibdir. Bizim əsas hədəflərimizdən biri də yeni siyasi mədəniyyət ortaya qoymaqdır. Bizim siyasi klub olaraq nə iqtidarla, nə də müxalifətlə heç bir düşmənçiliyimiz yoxdur. İqtidarın yanında olsaydıq, deyərdik ki, iqtidarın yanındayıq. İki düşərgəyə də eyni məsafədəyik. Hər iki tərəflə müzakirələr, dialoq mümkündür. İndilik nə iqtidar, nə müxalifət düşərgəsindən əməkdaşlıq təklifi almamışıq. Biz orta bir xətt yaratmaq, yeni siyasi qüvvə olmaq iddiasındayıq. Təbii, indi kiçik qüvvə kimi görünə bilərik. Bəlkə də illər keçdikcə bu xətt böyüyəcək, inkişaf edəcək və ölkə miqyaslı güclü bir siyasi xəttə çevriləcək?.. İndilik biz demokratik qaydalarla siyasi mübarizə aparmaq, təşkilatın nüfuzunu artırmaq üçün çalışırıq.
Aygün Muradxanlı, musavat.com










Facebook Şərhləndirmə:

Şərhinizi yazın