Menu
Geri İrəli

Anar Qasımov: “Özümə ittihamçı, başqasına vəkiləm!”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2010 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

“Mənim üçün 24 iyun tarixi Azərbaycanda vəkillik günüdür.”

_1Müsahibimiz Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü Birliyinin Prezidenti Anar Qasımovdur.

Dosye: Anar Elman oğlu Qasımov 27 may 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 2003-cü ildə Universitetin Hüquq fakültəsini bakalavr pilləsi üzrə, 2005-ci ildə isə, mülki hüquq istiqamətində magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-hüquqi tədqiqatlar İnstitutunun dissertantıdır. 2003-2009-cu illərdə “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi, “Biznes Hüquq Seris” MMC, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) Hüquqi Yardım Mərkəzində hüquqşünas vəzifəsində çalışıb. 2009-cu ilin avqust ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkilidir. 2005-2006-cı illərdə Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında hərbi xidmət keçib. Evlidir, iki oğlu var.

-Anar müəllim, əvvəla bizə vaxt ayırıb, fikir mübadiləsi apardığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Sizi oxuculara necə təqdim edək? Kimdir Anar Qasımov?

-Çox sağ olun, mən Sizə təşəkkür edirəm ki, mənimlə fikir mübadiləsi aparmaq istəmisiniz. Bəzəkli təqdimatın mənim üçün o qədər də önəmi yoxdur, sadəcə vəkil Anar Qasımov.

-Saytınızda özünüzü başqa cür təqdim etmisiniz…

-Necə ki?

- “Özümə ittihamçı, başqasına vəkiləm!” Bununla nə demək istəyirsiz?

-Bu mənim həyat və peşə şüarımdır. Həmişə özümə qarşı ittihamedici mövqedə oluram, başqlarını isə, müdafiə etməyə çalışıram. Vəkil olmağımla fəxr edirəm. Mənim üçün vəkillik dünyanın ən gözəl peşəsidir. Hüquq fakültəsinə sənəd verərkən də düşünürdüm ki, gələcəkdə mütləq vəkil olmalıyam. Amma təəssüf ki, Universiteti bitirdikdən sonra, vəkil olmaq üçün 6 il gözləməli oldum. Əvvəlcə hüquqşünaslıq ixtisası üzrə 3 illik əmək stajını toplamaq üçün, daha sonra isə, növbəti imtahanların keçirilməsi üçün.

-Çətin deyil ki, Azərbaycanda vəkillik etmək, ümumiyyətlə, Azərbaycanda vəkilliyin hansı problemləri var?

-İndiki şəraitdə vəkil olmaq çox çətindir. Qanunvericilikdəki boşluqlar, məhkəmələrin müstəqil olmaması, məhkəmə sistemindəki korrupsiya və rüşvət halları müstəqil vəkillər üçün çox ciddi problemlərdir. Təsəvvür edin ki, adi boşanma işlərində də müştəriyə qarantiya verməyə ehtiyat edirik. Ölkədə demək olar ki, vahid məhkəmə təcrübəsi yoxdur. Məhkəmələr, hətta bəzi hallarda eyni hakim oxşar iş üzrə fərqli qərar qəbul edir. Ona görə də işin nəticəsini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün olmur. Məsələn, kompensasiya verməklə, mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar mübahisələri götürək. Əlimin altda onlarla məhkəmə qətnaməsi var ki, bir halda şərti olaraq dsək 10.000 manat məbləğində kompensasiyanı məhkəmə ağlabatan hesab edərək, iddianın təmin edib, başqa bir halda isə, baxmayaraq ki, işin halları tamamilə üst-üstə düşür, eyni məhkəmə həmin məbləği ağlabatan məbləğ hesab etməyərək iddianı rədd edib.
Bəs onda müştərilərlə necə razılığa gəlirsiniz?

-Mən ancaq verdiyim məsləhətin və apardığım praktik işin keyffiyyətinə qarantiya verirəm. Müştərilər də vəziyyəti anlayırlar. Onlar da bilirlər ki, başqa çıxış yolu yoxdur. Demək olar ki, özünə, peşəsinə az-çox hörmət edən vəkillər eyni qaydada fəaliyyət göstərirlər. Müştərilərə həmin qərarları göstərir və nə üçün qarantiya vermədiyimizi izah edirik.

-Qanunvericilikdəki boşluqlardan danışdınız. Xarici ölkələrdə vəkillər qanunvericilikdə boşluqların, ziddiyyətlərin olmasından məharətlə istifadə edib, bunu öz müştərilərinin xeyrinə yozmağa çalışırlar. Bəs Siz niyə bundan gileylənirsiz?

-Məsələ burasındadır ki, məhkəmə sistemindəki neqativ hallar açıq-aydın yazılmış qanunun tətbiq edilməsində ciddi problemlər yaradır. O ki qaldı, ziddiyyətlər və boşluqlar ola. Bəzi hallarda qanunvericilik vəkillərə öz peşə borclarını yerinə yetirməyə maneəçilik yaradır. Məsələn, Mülki Məcəllədə daşınmaz əmlakla bağlı informasiyanın vəkil sorğusu əsasında vəkilə verilməsi nəzərdə tutulmayıb, amma Vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna görə bütün idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirməyə kömək etməlidirlər. Praktikada hansı problemlə üzləşirik? Vəkil sorğusu ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət edərək, hər hansı bir daşınmaz əmlak və ya konkret şəxsin adına olan əmlaklar barədə məlumat verməyi xahiş edirik. Cavabında müvafiq reyestr xidməti orqanı vəkilə bildirir ki, Mülki Məcəlləyə görə sizin bu məlumatı almaq hüququnuz yoxdur. İzah etməyə çalışırsan ki, Vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna görə, tələb etdiyimiz məlumat bizə verilməlidir, cavabında nə eşitsək yaxşıdır? “Biz Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunla işləmirik, biz Mülki Məcəllə ilə işləyirik və s.” Başa düşürsən ki, bu adama nəsə demək artıqdandı – dəyirman öz bildiyini edəcək.

-Bəs niyə belə hallarla mübarizə aparmırsınız?

-Deməzdim mübarizə aparılmır. Sadəcə bu mübarizə bir qədər pərakəndə və sistemləşdirilməmiş formada aparılır. Məsələn, hansı orqan mənim göndərdiyim sorğuya cavab vermirsə, həmin orqanı məhkəməyə verirəm. Başqa vəkillər də bunu edirlər. Amma mübarizə təkbaşına aparıldığından onun ümumi effekti olmur. Bundan ötrü vəkillərin həmrəyliyi lazımdır.

-Həmrəylik demişkən, facebook şəbəkəsindəki şərhlərinizdə və statusunuzda 24 iyun tarixini Azərbaycanda vəkillik günü adlandırmısınız, bu nə ilə bağlıdır?

-Həmin gün, yəni 24 iyun 2010-cu ildə Azərbaycan vəkillərinin həmrəyliyinin, birliyinin işartıları görünürdü ona görə. Həmkarımız, tanınmış vəkil Müzəffər Baxışovun tənqidi fikirlərinə görə cinayət məsuliyyətinə cəlb olunması təhlükəsi ilə üz-üzə olduğunu görən həmkarlarımız onun müdafiəsinə qalxdılar. Həmin gün keçirilən məhkəmə hazırlıq iclasında 8 nəfər vəkil hakimə öz orderini təqdim edərək, M.Baxışovu müdafiə etdi. Müəyyən səbəblərdən həmin gün bir çox həmkarlarımız order təqdim edə bilməsələr də məhkəməyə gəldilər, növbəti iclasa order təqdim edəcəklərini bildirdilər. Bu bəlkə də Azərbaycan vəkillik tarixində ilk belə hadisə idi. Burtada söhbət Müzəffər Baxışovun yox, bütövlükdə vəkilliyin müdafiəsindən gedirdi. Çünki həmin ittiham tək Müzəffər Baxışova yox, bütövlükdə vəkilliyin susdurulmasına qarşı olan ittihamdır. Sevindirici haldır ki, həmkarlarımız hiss etdilər ki, artıq bıçaq sümüyə dirənib.

-Ölkədə söz azadlığının, sərbəst toplaşmaq azadlığının vəziyyətindən razsısınızmı?

-Nə qədər ki, jurnalisti, hətta, vəkili öz tənqidi fikirlərinə görə mühakimə edirlər, nə qədər ki, sərbəst toplaşmaq üçün icra hakimiyyətindən “icazə” almaq tələb olunur, mitinqlərdə iştirak edənlər həbs olunurlar, döyülürlər sizin sualınıza müsbət cavab vermək olmaz.

-Bu problemlərin çıxış yolunu nədə görürüsünüz?

-Bu barədə çox danışmaq olar. Hər şeydən əvvəl qanunvericilikdəki boşluqlar və ziddiyətlər aradan qaldırılmalı, dövlət öz cəza siyasətinə yenidən baxmalı, azadlıqdan məhrumetmə ilə bağlı cəzalar alternativ cəzalarla əvəz edilməli, azadlıqdan məhrumetmə cəzasının müddətləri azaldılmalıdır. Bu hallar məhkəmələrdə korrupsiyanın azalmasına və nüfuz alverinə ciddi təsir göstərər. Eyni zamanda bu gün hakimlərin müstəqilliyinin başlıca qənimi olan “işlərin sədrə məruzə edilməsi”ni aradan qaldırmaq üçün məhkəmə sədri vəzifəsi tamamilə yığışdırılmalı, hakimlərin heç bir inzibati tabeçiliyi olmamalıdır. Məhkəmə sədrinin funksiyaları isə, dəftərxana işçilərinə verilməlidir və yaxud məhkəmənin sədri vəzifəsi sırf inzibati vəzifə olmalı, həmin vəzifəni hakimlər tutmamalıdır. İnsan hüquqları sahəsində ciddi maarfiləndirmə işləri görülməlidir.

-Maarifləndirmədən söz düşmüşkən, son vaxtlar ölkə televiziyalarında məhkəmə tipli verilişlər hazırlanır. Həmin verilişlərə münasibətiniz necədir?

-Bilirsiz, bu cür verilişlərin olması çox yaxşıdır. Heç olmasa, insanlar maariflənirlər. Amma həmin verilişləri peşəkarlar hazırlamalıdırlar. Bu tip verilişlər şouya çevrilməməlidir. Təəssüf ki, indi bu verilişlər ciddi deyillər və ictimai rəydə çaşqınlıq yaradırlar. Bir çox hallarda həmin verilişlərdə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri müzakirə olunur. Bu ölkənin məhkəmə sisteminin əsl simasını, habelə, vətəndaşın məhkəməyə münasibətini ortaya qoyur.

-Bir qədər də, məhkəmə qərarlarının icrası vəziyyətindən danışaq. Məhkəmə qərarları icra olunurmu?

-Məhkəmə qərarlarının icrası sahəsində, xüsusən də mülki işlər üzrə vəziyyət son dərəcə acınacaqlıdır. Hətta aliment tutulmasına dair icra vərəqinin icrası üçün də “hörmət” tələb edirlər. İcraatımda onlarla işlər var ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri icra olunmur. İcraçılar açıq-aşkar deyirlər ki, bizim bunu icra etməyə gücümüz çatmır. Əksər hallarda vəzifəli şəxslər qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əhəmiyyət vermir, dövlət adından çıxarılmış qərarları icra etmirlər. Bu yaxınlarda icra olunmayan işlərimin siyahısını həm birbaşa, həm də mətbuat vasitəsilə aidiyəti orqanlara çatdırmaq istəyirəm. Bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur və gələcəkdə Avropa insan hüquqları məhkəməsində Azərbaycana qarşı qərarların çıxarılmasına gətirib çıxaracaq.

-Avropa Məhkəməsindən söz düşmüşkən, son vaxtlar bir çox tanınmış hüquqçuların və dövlət rəsmilərinin dilindən Avropa Məhkəməsnin siyasiləşməsi haqqında fikirlər səsləndirilir. Buna münasibətiniz necədir?

-Məncə, Avropa Məhkəməsi haqqında bu cür fikir söyləmək üçün ən azı Avropa Məhkəməsinin ölkəmizlə bağlı bütün qərarlarından xəbərdar olmaq, həmin qərarları şərh edərək hər hansı bir nəticəyə gəlmək mümkündür. Rəsmilər bu fikri daha çox jurnalist Eynulla Fətullayevlə bağlı çıxarılan qərardan sonra səsləndirməyə başlayıblar. əslində bu çox pis təcrübənin əsasını qoyur. Əgər dövlət Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyıbsa, onun qərarını mütləq icra etməlidir. Ayrı-ayrı hüquqçuların fikrinə gəlincə isə, hər kəsin fikir azadlığı var. Amma yaxşı olar ki, hər kəs öz fikrini əsaslandırsın. Hələ ki, Avropa İnsan Hüquqları Məhkəməsi vəkillərin və praktik hüquqşünasların son ümid yeridir.

-Çox sağ olun, fikirlərinizi bizimlə paylaşdığınız üçün bir daha Sizə minnətdarlığımızı bildiririrk.

-Çox sağ olun, mən də sizə uğurlar arzulayıram. Arzu edirəm ki, neçə-neçə yeniliklərə imza atasınız.

Yenilik.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın