Menu
Geri İrəli

ARDNŞ-in prezidenti «Azərikimya» İB-də yeni obyektlərə baxış keçirmişdir

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2012 • Baxış sayı: 315 dəfə • Şərh yoxdur

 

Aprelin 18-də ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev «Azərikimya» İB-nin Etilen-polietilen zavodunda olmuşdur. Şirkət rəhbəri müəssisənin EP-300 istehsalatının əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş inzibati binasının açılışında iştirak etmişdir.
Binanın geniş foyesində ilk növbədə nəzər-diqqəti Azərbaycanın neft-kimya sənayesinin inkişafında müstəsna xidmətləri olmuş Ulu öndər Heydər Əliyevin «Sumqayıtın nəhəng kimya sənayesi kompleksi Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir» sözləri ilə müşayiət olunan xüsusi foto-guşə cəlb etmişdir. Burada toplanmış foto-ekspozisiyalar dahi rəhbərin Sumqayıta, kimya müəssisələrinə səfərlərini, onun təşəbbüsü ilə yaradılmış müasir istehsalat və komplekslərin istifadəyə verildiyi unudulmaz anları dolğunluğu ilə əks etdirir.
Foto-guşə ilə diqqətlə tanış olan Şirkət rəhbəri Birlikdə və onun müəssisələrində iki il əvvəl başlanılmış yenidənqurma tədbirlərinin davamı olaraq EP-300 istehsalatının kollektivi üçün inşa edilmiş yeni inzibati bina ilə, kimyaçılar üçün burada yaradılmış müasir iş və məişət şəraiti ilə tanış olmuşdur.

ARDNŞ-in prezidentinə məlumat verilmişdir ki, üçmərtəbəli yeni inzibati binada münasib və rahat şəraitə malik 60-a qədər iş və 20 köməkçi otaq tam olaraq Buxar-generator kompleksinin, müxtəlif istehsalat sahələri və sexlərinin, mərkəzi və sanitar laboratoriyalarının, qazdan xilasetmə və rabitə sahələrinin mütəxəssislərinin istifadəsinə verilmişdir. Çox geniş – ümumilikdə 7,7 min kvadratmetr sahəyə malik yeni inzibati bina əmək və məişət şəraitinin yaxşılaşdırılması baxımından istehsalatın 500-ə yaxın əməkçisi üçün mühüm bir töhfədir.

Müasir mətbəx avadanlıqlarının quraşdırıldığı, eyni zamanda 100 nəfərə xidmət edə biləcək yeməkxana, fərdi şkaflar, qarderoblar və s.-lə təmin edilmiş 800 nəfərlik soyunub-geyinmə otaqları kimyaçıların məişət rahatlığını təmin edəcəkdir.
Müasir işıqlanma, istilik və sərinlik sistemləri ilə təmin olunmuş binada ayrıca müşavirə zalı, istehsalatda işin səmərəli və təhlükəsiz təmin olunması üçün nəzərdə tutularaq, müasir standartlar səviyyəsində əyani təlim-tədris vəsaitləri ilə təmin olunmuş əməyin təhlükəsizliyi kabinəsi və s. də vardır.
İnzibati bina ilə tanışlıqdan sonra ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Sumqayıtda ilk dəfə olaraq yaradılmaqda olan, neft-kimya kompleksi üçün yüksək ixtisaslı, peşəkar fəhlə kadrların hazırlanmasında, onların peşə və ixtisaslarının artırılmasında mühüm rol oynayacaq Təlim-tədris Mərkəzindəki tamamlama işləri ilə də tanış olmuşdur.
Şirkət rəhbərinə məlumat verilmişdir ki, burada Sumqayıtın yenidən qurulmaqda, müasirləşməkdə olan neft-kimya kompleksi üçün 10-a qədər fəhlə ixtisası – aparatçı, maşinist, elektrik montyoru, qaynaqçı, tornaçı, çilingər və s. ixtisaslar üzrə müasir tələblər səviyyəsində gənc kadrlar hazırlanacaqdır. Təlim-tədris proseslərində nəzəri biliklə yanaşı, əyaniliyin təmin edilməsi, gənclərin peşələrə tam və mükəmməl yiyələnmələri üçün xüsusi peşə kabinələri, o cümlədən dəzgah təlimi, kompüter tədrisi otaqları, linqafon zalı, texniki kitabxana, oxu zalı və s. də yaradılmışdır. Xüsusi olaraq əyani vasitələrlə təchiz edilmiş ekologiya və əməyin mühafizəsi otağı gələcək kadrların bu sahədə geniş məlumat və vərdişlər əldə etməsində mühüm rol oynayacaqdır.
Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan Təlim-tədris mərkəzində neft-kimya sənayesi üçün hər il yüzlərlə gənc kadr hazırlanacaqdır.
ARDNŞ prezidenti Rövnəq Abdullayev daha sonra Sumqayıt Kimya Sənaye Parkının salındığı əraziyə gələrək, orada aparılan ilkin işlərin gedişi ilə tanış olmuş, müvafiq tapşırıq və tövsiyələrini vermişdur. Burada o, respublikanın media nümayəndələrinin yeni salınmaqda olan Parkla və neft-kimya sənayesinin perspektiv inkişafı ilə bağlı çoxsaylı suallarını cavablandırmışdır.
Rövnəq Abdullayev «Azərikimya»nın istehsalat fəaliyyəti ilə əlaqədar jurnalistlərin suallarına cavab olaraq bildirilmişdir ki, kimyaçılar 2011-ci ili uğurla başa vurmuş və bu ilin ilk rübündə də yüksək istehsalat göstəricilərinə nail olmuşlar. Şirkət prezidenti Birlik üzrə kimyəvi məhsulların maya dəyərinin xeyli aşağı salındığını, məhsuldarlığın isə kifayət qədər yüksəldiyini diqqətə çatdırmışdır. Ən mühümü isə odur ki, son iki il ərzində kimyaçıların orta əmək haqqı 2009-cu illə müqayisədə 2 dəfədən də çox artmış, onların maddi-rifahı, yaşayış səviyyəsi yüksəlmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin «Azərikimya» müəssisələrinə səfəri zamanı keçirilən tədbirlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak etmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın