Menu
Geri İrəli

ARDNŞ prezidenti Rövnəq Abdullayev poliklinika binasının açılışında iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2011 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur
Share Button

Mayın 23-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Bakı və Sumqayıt şəhərlərində “SOCAR” brendi altında fəaliyyət göstərəcək bir neçə yanacaqdoldurma məntəqəsinin (YDM), eləcə də “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində kimyaçıların yeni poliklinika binasının açılış mərasimlərində iştirak etmişlər. Əvvəlcə, ARDNŞ rəsmiləri Bakı-Salyan şossesinin 14-cü kilometrində yeni inşa edilmiş 9 saylı YDM-ə baş çəkmişlər. Rəmzi qırmızı lenti kəsdikdən sonra “SOCAR-Petroleum” şirkətinin əməkdaşlarını bu münasibətlə təbrik edən Rövnəq Abdullayev məntəqədə yaradılmış şəraitlə tanış olmuşdur. ARDNŞ prezidentinə məlumat verilmişdir ki, yanacaqdoldurma məntəqəsi birinci kateqoriya YDM tipinə aiddir və burada avtoservis, market, yeməkxana, avtoyuma kimi obyektlərlə yanaşı, motel də fəaliyyət göstərəcəkdir. Məntəqədə 48 nəfər işçi çalışacaq. Bundan sonra, ARDNŞ prezidenti Sumqayıt yolunun 28-ci kilometrində yeni tikilmiş 10 və 11 saylı yanacaqdoldurma məntəqələrinin açılış mərasimində iştirak etmişdir. Şirkət prezidentinə məruzə olunmuşdur ki, ARDNŞ respublikanın pərakəndə neft məhsulları bazarına ötən ilin 3-cü rübündə daxil olsa da, qısa müddət ərzində bu bazarda mövqeyini möhkəmləndirmişdir. Mayın 23-də Bakı-Salyan şossesinin 70-ci kilometrində, Ələt qəsəbəsi yaxınlığında 7 və 8 saylı daha 2 məntəqənin istismara buraxılmasından sonra hazırda 11 yanacaqdoldurma məntəqəsindən ibarət olan “SOCAR” brendli YDM-lər şəbəkəsinin yaxın müddətdə genişlənəcəyi və YDM-lərin sayının 30-a çatdırılacağı nəzərdə tutulmuşdur. Yeni açılan məntəqələrdə nağdsız satış üçün POS terminallar da quraşdırılmışdır. Qısa müddətdə ölkənin pərakəndə neft məhsulları bazarında görülmüş işlərdən razı qaldığını bildirən R. Abdullayev “SOCAR-Petroleum” birgə müəssisəsi tərəfindən işlədilən YDM-lərdə əhaliyə xidmət səviyyəsinin bundan sonra da yüksək olacağına əminliyini vurğulamış və fəaliyyətlərində onlara uğurlar arzulamışdır. Daha sonra ARDNŞ prezidenti və Şirkət rəhbərliyinin nümayəndələri “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodu ərazisində yeni yaradılmış ikimərtəbəli poliklinika binasının əsaslı təmirdən sonra açılışında iştirak etmişlər. Binanın 2-ci mərtəbəsi bütövlükdə, 1-ci mərtəbəsinin isə yarısı poliklinikaya ayrılmışdır. Binanın qalan hissəsində təcili tibbi yardım stansiyası yerləşir. Növbəli iş sistemi əsasında 30 həkim və 26 tibb bacısının çalışacağı poliklinikada Almaniya, Yaponiya və Rusiya istehsalı olan müasir tibbi avadanlıqla təchiz olunmuş əməliyyat və kardiologiya otaqları, skopiya və qrafiya rejimi üzrə işləyən rentgen kabineti, bütün növ analizlərin aparılması üçün hər cür şərait yaradılmış laboratoriya fəaliyyət göstərəcəkdir. Bütün kabinələr ilkin yardım üçün zəruri dərman preparatları ilə təchiz edilmişdir. Dərman təchizatı mərkəzləşdirilmiş qaydada ARDNŞ-nin Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən həyata keçiriləcəkdir. Açılış mərasimindən sonra kimyaçılar və həkimlərlə görüşən Şirkət prezidenti onları yeni poliklinikanın istifadəyə verilməsi münasibəti ilə təbrik etmiş, neft-kimya sənayesi əməkçilərinin sosial məsələlərinin həllinə bundan sonra da diqqət və qayğı ilə yanaşılacağını bildirmişdir. Poliklinikanın açılışında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak etmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın