Menu
Geri İrəli

Avtomobili cərimə meydançasından 20 manata çıxaran sumqayıtlı vəkil

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2014 • Baxış sayı: 1,101 dəfə • 1 şərh

anarNəhayət, protokol yazıldı, vəkil yalnız evakuasiya xərcini ödəyərək maşını götürə bilib

Azərbaycanın tanınmış vəkillərindən biri Anar Qasımlı da DYP əməkdaşlarının hədəfinə gəlib. Vəkil Britaniya səfirliyinin keçirdiyi tədbirdən çıxdıqdan sonra maşınının DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparıldığını görüb. Avtosfer.az-ın məlumatına görə, Qasımlı özünün Facebook səhifəsində bununla bağlı yazıb ki, evekuator vasitəsi ilə avtomobilinin Cavanşir körpüsünün yanındakı cərimə meydançasına aparıldığını öyrəndikdən sonra ora gedib. “İçəri (xidməti otağa) keçmək istəyirdim ki, “içəridə adam var, növbəyə durun” nidasını eşitdim. Sən demə, qapının ağzında dayananlar növbə gözləyirmiş. Əvvəlcə öz-özümə deyindim ki, niyə bura bir neçə əməkdaş qoymurlar ki, camaat cəriməsini növbəsiz ödəyib getsin. Lakin içəri keçəndən sonra bəlli oldu ki, lap 10 nəfər əməkdaş da cəlb eləsələr növbə olacaq, çünki içəri bir-bir buraxırlar. Bunun da bəlli səbəbi varmış”.

Tanınmış vəkil qeyd edib ki, içəri keçib sənədlərini təqdim edib. “Ətrafdakı polis serjantlarının “komandir” deyə müraciət etdiyi mülki geyimli şəxs bidirdi ki, 40 manat cərimə ödəməliyəm. Mən də dedim ki, protokol yazın, mənim hüququm var ki, ay ərzində cəriməni ödəyim. “Komandir” dirəşdi ki, cəriməni ödəmədən maşını buraxmayacaq. Dedim, ey bəni-adəm, qanun var, qayda var, məcəllə var, mənim hüquqlarım var, sənin vəzifələrin var, gəl atı daşlığa sürmə, yaz protokolu, ver maşınımı çıxım gedim. Adam Nuh dedi, Peyğəmbər demədi. Bu arada ətrafdakı serjantlar hansısa qanunun, hansısa maddəsinin qeyd hissəsində hansısa cümləni sarı markerlə rəngləyib mənə sübut etmək istədilər ki, cəriməni ödəməsəm maşını apara bilmərəm. Axırda, onlara vəkil olduğumu bildirdim və bir az qanun dərsi keçdim. Qardaşlar, dərhal valı dəyişdilər. “Rəis, bəlkə pulu yoxdur, yaz getsin”, “Rəis, güzəşt elə getsin” nəqarətli mahnılar oxumağa başladılar. Əlimi atdım cibimə, pulumu çıxartdım, dedim, cərimə ödəməyə pulum var, amma sizə ödəməyəcəm, qanuni şəkildə dövlət büdcəsinə ödəyəcəm. Nə isə, nəqliyyat vasitəsinin evakuatorda gətirilməsinə görə 20 manat ödəyib, qəbzi aldım, protokol yazdırdım, maşınımı götürüb çıxdım”.

Anar Qasımlı sonda bildirib ki, orada olduğu müddətdə cərimə meydançasına gələnlərin hamısından 40 manat alıb buraxıblar. “Heç birinə protokol yazılmadı, qəbz verilmədi. Media bu mövzunu diqqətdə saxlasa yaxşıdır. O cərimə meydançasının qarşısında monitorinq aparmaqla hər gün nə qədər pulun dövlət büdcəsindən yayındırıldığına hamı şahid olar”.

Facebook Şərhləndirmə:

“Avtomobili cərimə meydançasından 20 manata çıxaran sumqayıtlı vəkil” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Anar bəy, prinsipiallığınıza və bir hüquqşünas kimi bu məsələni ictimailəşdirdiyinizə görə çox sağ olun! Çox təəssüf ki, ölkə Prezidentinin xüsusi göstərişlərinə, tapşırıqlarına baxmayaraq, korrupsiya bütün formalarla yanaşı bu cür dəllallıqla davam etməkdədir. Əhali belə hallarla hər gün, hər addımda qarşılaşır. Xüsusilə də bağ yerlərində nəinki 1-2 mərtəbəli ev tikmək istəyəndə, hətta sənəd çərçivəsindən kənara çıxmayaraq, hasar çəkəndə belə… Belələrini tutub dama bassalar da, bəzilərinin himayədarları onları yenə də məsuliyyətə cəlb olunmaqdan qorumaqdadırlar. Yəni ki, KOR-rupsiya davam edir. Bəlkə, məmurları bu cür “xidmətlərdən” tamamilə uzaqlaşdırmaq, bütün sahələrdə ASAN XİDMƏTə keçmək lazımdır?

Şərhinizi yazın