Menu
Geri İrəli

AXCP-nin Sumqayıt təşkilatında nə baş verib?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2014 • Baxış sayı: 436 dəfə • Şərh yoxdur

kamaleddin rehimovKəmaləddin Rəhimov: “Əgər səsinizi kəsməsəniz, hökumətlə bağlılığınız haqda səs yazılarını yayacağıq”

Xəbər verdiyimiz kimi, AXCP Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa verib. Bəyanat müəllifləri bildirib ki, qərarın verilməsinin səbəbi şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniyadır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə açıqlamasında K.Rəhimovun partiya ilə əlaqəsini kəsdiyini deyib: “O, uzun müddətdir ki, AXCP ilə əlaqəsini kəsib. Onun iddiaları tamamilə əsassızdır. Ola bilsin ki, o hansısa təsir vasitəsilə öz gedişini ajiotaj kimi təqdim edir. Onun partiyada heç bir statusu yox idi. Onunla birlikdə partiyanı heç kim tərk etməyib”.

F.Qəhrəmanlı facebook səhifəsində istefanın kökündə  “siyasi korrupsiya”nın olduğunu iddia edib və “Yeni Müsavat”ın da bostanına daş atıb. Həqiqəti ortaya çıxartmaq üçün K.Rəhimovla danışdıq:
 
- Kəmaləddin bəy, AXCP-nin Sumqayıt təşkilatında nə baş verib? 
 - Mən 1,5 il burda sədr oldum. Amma artıq gördüm ki, yanlış seçim etmişəm.
- Nə mənada yanlış? 
 - Mən bunlarla əvvəldən danışmışdım. Demişdim ki, elə təşkilat quraq ki, həqiqətən Rəsulzadə-Elçibəy yolunun davamçısı olsun. Bu ümidlə də biz gəldik. Düzdür, orda tanıdığım, əqidəsinə hörmət etdiyim insanlar da var idi. Ona görə də dəvət etdilər, mən də öz ətrafımla birgə AXCP-yə gəldim.
- Hardan?
 - Heç bir partiyanın üzvü deyildim. Türkiyədəki beynəlxalq təşkilatın MDB təmsilçisi idim. Amma münasibətlər var idi. Dedim Sumqayıtda sizin təşkilat zəifdir və razılaşdıq ki, gəlirik, saxta yox, həqiqi mübarizə aparırıq. 2012-ci ildə mən artıq AXCP-nin Sumqayıt təşkilatının sədri idim. O vaxt İctimai Palatanın Sumqayıtdakı qüvvələrini birləşdirdik. Cəmi 4 ay müddətinə artıq aktivlərin sayı 150-ni keçməyə başlamışdı. Biz demişdik ki, şəxsi və ya qrup mənafeyi arxa planda olacaq və həqiqi mübarizə aparacağıq.
- Bəs sonra nə baş verdi ki, ayrılmalı oldunuz?
 - Qruplaşmalar yaranmağa başladı. Sözsüz ki, hakimiyyət burda aktivliyin olmasını istəmirdi. Məndən əvvəlki sədr və tərəfdarları vasitəsilə haqqımda müxtəlif şayiələr yayılmağa başlandı. Bununla bağlı rəhbərliyə müraciət etdim ki, belə söz-söhbət gedir, Kəmaləddin kimi desəydilər, boş verərdim, amma təşkilatın sədriyəm. Ona görə də gəlin, araşdırın, tədbir görün. Ancaq bütün bunlara biganə yanaşdılar. Nəhayət, AMİP-dən qovulmuş İsa Qurbanovu Sumqayıt təşkilatına sədr seçdilər. Özü də biz bilirik ki, onun dövlət orqanları ilə bağlılığı çoxdur. Bu faktları da onlara demişik ki, 3-4 nəfər var, onlar həm YAP-ın, həm AXCP-nin üzvüdür. Hər dəfə deyəndə “hə, nə olsun ki” dedilər, tədbir görmədilər.
- Sizin istefanızı partiya rəhbərliyində əvvəlcə təkzib etdilər, sonra da bu istefada pul amilinin rol oynadığı, hətta “Yeni Müsavat”ın da “rolu”nun olduğu barədə iddialar səsləndirənlər tapıldı. Bu haqda nə deyə bilərsiniz? 
- Eşitdiyimə görə belə gic-gic sözlər deyiblər. Birincisi, Fuad Qəhrəmanlı demişdi onları tanımırıq. Mən də deyirəm ki, Fuad Qəhrəmanlı, sən bizi tanımırdınsa, AXCP-nin gəncləri ilə Sumqayıtda keçirilən görüşə mən Kəmaləddin 70 nəfər göndərəndə bəs necə tanıyırdın? Biz baş verənlərlə bağlı Fuad Qəhrəmanlıya deyəndə və “bu haqda nə düşünürsünüz” soruşanda deyirdi ki, məni qatmayın, mən o söhbətlərə qarışa bilmirəm. Bunlar Əli Kərimlinin imzası ilə verilən partiya vəsiqələrini tanımırlarsa, onda özləri də saxtadırlar, agentdirlər.
Rafiq Daşdəmirli, Nemət Əliyev və digərlərinin Sumqayıtda dayaq dəstələrinin yaradılmasında, partiya üzvlüyünə qəbul olunması iştirak etməsi faktdır. İndi deyirlər tanımırıq. Bu gəncləri bunları doğrudanmı tanımırlar? Axı bir həftə qabaq Rafiq Daşdəmirli Sumqayıtda gəlib mənə təklif etdi ki, sən Allah, sakit ol, eşitmişik istefa verirsiniz, getməyin, 2018-də Əli Kərimli prezident olacaq, səni də Sumqayıta icra başçısı qoyacağıq. Mənə ona dedim ki, Rafiq bəy, mən vəzifələri görmüşəm, bura da vəzifə yox, əqidə dalınca gəlmişəm. Belə gic-gic sayıqlamalardan sonra bizimi tanımır? Yaxud Məhəmməd bəyi, Mais bəyi, Məmmədzadə Elnuru, Zabit Hüseynovumu tanımır? Axı bunlar tutulanlar, hərəkatda olanlardır. Ay vicdansızlar, siz niyə bunları tanımırsınız?!
 
- Xahiş edirəm səmimi deyin, sizin istefanızda “Yeni Müsavat”ın, Müsavat Partiyasının hansısa rolu varmı? 
- Deyirlər boğulan saman çöpündən yapışır. Müsavatın Sumqayıt təşkilatı ilə, Fəxrəddin bəylə bizim münasibətimiz sağlam olub, mübarizəmiz də bir olub. Bunlar hansı puldan danışır? Tutulanda mənim cəriməmin yarısı ödənildi, yarısı pensiyamdan çıxıldı. Mən dost-tanışlarımın xətti ilə adamlar yığıb Bakıya aksiyaya adamlar gətirdim, pul bunumu deyirlər? Mən ailəmi xəstə qoyub bunlara pensiyamı xərcləmişəm. Hansı şərəfdən, kişilikdən danışırlar? Mən onları debata da çağırmışam. Cürətləri çatırsa, gəlsinlər çıxaq debata.
- Əli Kərimli ilə görüşə cəhd etdinizmi? 
- Bəli. Həsən Kərimovla da danışdım. Dəfələrlə dedim ki, şəxsən Əli Kərimli ilə görüşmək istəyirəm. Amma dedilər bəy deyir arxayın olsun, onun arxasındayam, narahat olmasın.
- Bundan sonrakı addımınız nədən ibarət olacaq? 
- Biz AXCP-dən çıxmaqla siyasi fəaliyyətimizi dayandırmırıq. Seçimimizi edəcəyik. Həqiqətən Rəsulzadə-Elçibəy yolunu tutan, şərəflə, ləyaqətlə mübarizə aparan təşkilatla birləşib orda mübarizəmizi davam etdirəcəyik. Bizdə siyasi alverlə məşğul olanlar haqqında kifayət qədər faktlar var. Onlara xəbərdarlıq da etmişəm ki, əgər səsinizi kəsməsəniz, bizdə hökumətlə bağlılığınız haqda olan səs yazılarınız internet yayımına buraxılacaq. Üç gün bundan əvvəl mənimlə görüşmək üçün Sumqayıta gələn şəxs indi məni tanımadığını deyirsə…Bizdə də faktlar var, bəsdirin. Alverinizi qurtarın, bu xalqla oynamayın.

Musavat,com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın