Menu
Geri İrəli

Azərbaycanda erməni qızı ilə azərbaycanlı oğlanın sevgisindən bəhs edən film çəkilir

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2010 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur

Təxribatçı Sumqayıt hadisələri “Ramiz və Cülyetta” sevgi melodramında nələr yaşadacaq?

Bir neçə ay öncə vəkil Aslan İsmayılovun işıq üzü görmüş “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabının təqdimat mərasimi keçirildi. Qeyd edək ki, 22 il öncə baş vermiş həmin hadisələrdə dövlət ittihamçısı qismində çıxış edən Aslan İsmayılovun sənədlər, araşdırmalar və faktlar əsasında qələmə aldığı kitabın “kino dili”nə çevrilməsi gözlənilir. Daha dəqiq desək, “Ramiz və Cülyetta” filmi çəkiləcək. Bu barədə məlumatı Milli.Az-a filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov bildirib.

Onun sözlərinə görə, ssenari yaxın gələcəkdə bitmək üzrədir. Ekran variantını isə dramaturqun oğlu, kinorejissor Fuad İbrahimbəyov reallaşdıracaq.

Bədii-sənədli janrda olacaq filmdə indiyədək heç bir yerdə işıq üzünə çıxmayan sənədli videogörüntülər – SSRİ-nin xüsusi xidmət orqanları, habelə, erməni şovinistləri tərəfindən qurulmuş təxribatı, talançılıq, ermənilərin hadisə baş verməzdən üç-dörd ay öncə bank hesablarından əmanətlərini çıxarmaları, köç prosesləri… və digər bu kimi sənədli kadrlar filmdə öz əksini tapacaq. Təbii ki, filmin bədii hissəsini canlandıran aktyorlar da istisna deyil.

Filmin əsas qəhrəmanları isə bir-birini sevən iki gənc – azərbaycanlı Ramiz və erməni Cülyetta, və onların ailələri olacaq. İki ziyalı ailəsi sakit yaşamlarını sürdükləri bir zamanda qeyri-ixtiyari olaraq Sumqayıt hadisələrinin iştirakçısına çevrilirlər…

Ramiz və Cülyetta arasında yaşanacaq faciəli məhəbbət isə filmə emosionallıq qataraq ekran əsərini daha da maraqlı edəcək. Hər halda ssenarist bu fikirdədir.

Filmin finalına gəlincə… Məlum hadisələrdən dolayı Azərbycanı tərk etməyə məcbur olmuş erməni ziyalısı 22 il sonra Azərbaycanda, Aslan İsmayılovun «Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı» adlı kitabının təqdimat mərasimində görünür. Və kitabda yazılan faktları öz dili ilə, şahid qismində təsdiqləyir…
Qeyd edək ki, “Ramiz və Cülyetta”nın çəkilişlərinə 2011-ci ilin sentyabr ayında başlanılacaq. Filmin premyerası isə 2012-ci ilin yaz mövsümünə planlaşdırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın