Menu
Geri İrəli

“Azərikimya”-da Belarus Respublikasının nümayəndə heyəti ilə görüş olub

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2012 • Baxış sayı: 244 dəfə • Şərh yoxdur

Oktyabrın 29-da “Azərikimya” İstehsalat Birliyində Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin avqustunda Minskə rəsmi səfəri zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə keçirdiyi işgüzar görüşlərin iki ölkə arasında dostluq münasibətlərinin və iqtisadi-mədəni əlaqələrin güclənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Minsk görüşlərinin nəticəsi olaraq Belarus-Azərbaycan hökumətlərarası əlaqələr komissiyasının növbəti yığıncağında hər iki ölkənin neft-kimya sənayesi sahəsində əməkdaşlığın bərpa edilib genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilmişdir. “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara Azərbaycanın neft-kimya sənayesinin yaradılması tarixi və inkişaf perspektivləri, o cümlədən yeni təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı haqqında geniş məlumat vermişdir. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nın direktoru Mehman Ağayevin də iştirak etdiyi görüşdə neft-kimya məhsullarının qarşılıqlı mübadiləsi və idxal-ixrac həcmlərinin artırılması, Azərbaycanın neft-kimya üzrə yeni layihələrinin reallaşmasında, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nın istehsalat sahələrinin genişləndirilməsində Belarus investorlarının və mütəxəssislərinin iştirakı, elmi-texniki əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunmuşdur. Əlaqələrin daha da inkişaf etdirilməsi və konkret tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərikimya” İB-nin nümayəndə heyətinin noyabr ayında Belarusa işgüzar səfəri haqqında razılıq əldə edilmişdir. Bildirilmişdir ki, səfər çərçivəsində Azərbaycan tərəfinin Belarusun neft-kimya kompleksi və Mogilyovda yaradılmış Azad İqtisadi Zona ilə tanışlığı da nəzərdə tutulmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın