Menu
Geri İrəli

«Azərikimya»nın təşəbbüsü ilə Sumqayıtda 300-dən artıq ağac əkilib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2013 • Baxış sayı: 290 dəfə • 1 şərh

1422358_556484164427726_1538850926_n ARDNŞ-nin “Ətraf mühitin mühafizəsi” üzrə 2013-cü ilin ekoloji tədbirlər planına uyğun olaraq  payız iməciliklərinə böyük ruh yüksəkliyi ilə qoşulan «Azərikimya» İsteh­salat Birliyinin kollektivi dekabr ayının ilk şənbə gününün iməciliyini də özünəməxsus şəkildə – birlik və həmrəylik şəraitində keçirmişdir.

Atrıq ikinci şənbədir ki, «Azərikimya» İB-nin çağırışına qoşulan şəhərin bir sıra idarə və müəssisələrinin – təhsil şöbəsinin, Sumqayıt Dövlət Universitetinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin, Sumqayıt Musiqili Dram Teatrının, Sumqayıtın Tarixi Muzeyinin, kütləvi informasiya vasitələrinin və digər təşkilatların nümayəndələrinin də iştirak etdiyi iməcilikdə onlar üçün ayrılmış ayrıca sahədə – Etilen-polietilen zavodunun ərazisində 300-dən artıq ağac və bəzək kolları əkmişlər. Beləlikə, iki iməcilik ərzində ictimaiyyət nümayəndələrinin həmrəyliyi ilə əkilən ağacların sayı 600-dən artıq olmuşdur.

İməcilik günü həmçinin S.Vurğun küçəsi boyunca uzanan geniş bir sahədə öncədən əkilmiş ağaclara qulluq göstərmiş, təmizlik və abadlıq işləri aparmışlar.

Həmrəylik tədbirinin sonunda Resbublika Qızıl Aypara Cəmiyyəti tərəıfindən bir sıra xeyriyyə aksiyalarında onlara dəstək olan “Azərikimya” İsteh­salat Birliyinin kollektivinə Fəxri diplom təqdim olunmuşdur.

 İməcilik boyu imkan tapıb həmsöhbət olduğum

dəyərli ziyalılarımızın ürək sözlərini sizlərə təqdim edirəm.

 Namis Xan Mirzə,

Sumqayıt Musiqili Dram Teatrının aktyoru, Əməkdar artist:

- Bugünkü iməciliyin bu formatda keçirilməsini «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyinin indiyə qədər atdığı müsbət və uğurlu addımların davamı kimi qiymətlən­dirirəm. Artıq dördüncü ildir ki, «Azərikimya» ilə Sumqayıt teatrı arasında səmimi və sıx əlaqələr hökm sürür. Hər  teatr günündə Birlik rəhbərliyinin bizimlə keçirdiyi görüşlər, hətta hədiyyələrin və xüsusi mükafatların belə verilməsi, eyni zamanda kollektiv şəkildə ildə bir neçə dəfə bizim tamaşalara baxışların təşkil edilməsi – bu, artıq çox mətləblər­dən xəbər verir. Bu şənbə iməciliyi də bu birliyin, bu həmrəyliyin göstəricisidir. Əsas məsələ bizim kollektivin üzvlərinin də 3-5 ağac əkməsində deyildi. Əsas məsələ bu həmrəylik aksiyasına bizim də dəvət olunmağımız idi. Buna görə «Azərikimya» İB-nin kollektivinə teatrımız adından dərin minnətdarlığımızı bildirirəm.

 Tərlan Hacızadə,

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri

İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri:

 - «Azərikimya» İstehsalat Birliyinin bir neçə tədbirlərində iştirak etmişəm. Şəhərdə həyata keçirilən bir sıra əhəmiyyət kəsb edən layihələrdə iştirakindan da xəbərim var. Ancaq həmrəylik iməciliyinə ilk dəfədir ki, dəvət olunurdum. Dəvət olunanlar sırasında bizim təşkilatın da adının olmasından çox məmnunluq hissi keçirdim. Şəhərin bir çox təşkilatlarının nümayəndələri ilə əl-ələ verib bir saatın ərzində 300-dən artıq ağac əkdik. Bu tədbir həm də çoxdan imkan edib görüşə bilmədiyim insanlarla da görüşdürdü məni.

Hamının çöhrəsində bir sevinc, bir məmnunluq ifadəsi vardı. Düşündüm ki, bəli, xalqımızın gücü məhz onun birliyində, həmrəyliyindədir. Bu birliyin əbədi olmasını arzu edirəm. Qoy, bugünkü ağacəkmə aksiyası Sumqayıtın ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı işlərdə bizim də bir kiçik töhfəmiz olsun.

 Ramazan Məmmədov,

professor, Sumqayıt Dövlət Universitetinin rus dili kafedrasının müdiri:

 - Öncədən onu deyim ki, Sumqayıt Dövlət Universiteti ilə «Azərikimya» İstehsalat Birliyi arasında çox sıx və səmimiyyət üzərində qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın da təşəbbüskarı, təbii ki, «Azərikimya»nın rəhbərliyidir. Qürur duyulası haldır ki, bu gün «Azərikimya»nın müəssisələrində çalışanların sırasında bizim tədris ocağının məzunları da yetərincədir. Bugünkü iməciliyə gəlincə isə məmnunluq hissi ilə qeyd edirəm ki, bu dəvətdən çox sevindik. O saat Heydər Əliyev Fondunun təşəbbüsü ilə mütəmadi olaraq həyata keçirilən «Hərəyə bir ağac əkək!» aksiyası yadıma düşdü. Sevindim ki, Sumqayıtda da bu çağırışa böyük sevgi ilə səs verən «Azərikimya» İstehsalat Birliyi kimi təşkilatlarımız var.

Burada öyrənəndə ki, son 4 ildə «Azərikimya» İB-nin xətti ilə Bakı-Quba magistral yolunda, Sumqayıt Sənaye Zonasında və Birlik müəssisələrinin daxili ərazilərində 100 mindən artıq ağac əkilib, inanın ki, sevincdən gözlərim yaşardı və xəyalım məni Sumqayıta gəldiyim ilk dövrlərə – keçən əsrin 60-cı illərinə aparıb çıxartdı. O illərdə Bakıdan Sumqayıta qədərki məsafədə yolun sağ və sol nahiyələrindəki boz səhralarda bir dənə də olsun ağac yox idi. Bu gün Azərbaycanda, o cümlədən, hamı üçün doğma olan Sumqayıt şəhərində həyata keçirilən düzgün ekoloji siyasət nəticəsində hər yer yaşıllıqlara qərq olmuşdur. İnamla deyə bilərəm ki, bu gün Sumqayıt regionun ekoloji cəhətdən ən təmiz və gözəl şəhərlərindən biridir. Buna da məhz bu gün birlik və həmrəylik nümayiş etdirdiyimiz belə iməciliklərin sayəsində nail olunmuşdur.

 Mətanət Məhərrəmova,

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri:

 - «Azərikimya» İstehsalat Birliyi bizi özünə elə doğmalaşdırıb ki, artıq biz özümüzü bu Birliyin bir üzvü hesab edirik. Son 4 il ərzində «Azərikimya» İB ilə Qızıl Aypara Cəmiyyətinin onlarla birgə tədbiri keçirilib. Birlik rəhbərliyinin dəstəyini həmişə üzərimizdə hiss etmişik. Bu dəstək öz növbəsində kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, tənha qocalara, təbii fəlakətdən və yanğın hadisəsindən zərər çəkmiş insanlara olunan yardımlarda da özünü büruzə verib. 2010-cu ildən bəri «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirdiyiniz müştərək aksiyalar bu gün də davam etdirilir. Mən elə düşünürəm ki, bu gün Sumqayıtın hər hansı bir guşəsində əkilən bir ağac sabah dünyaya gələcək övladımız üçün yeni ruh, yeni nəfəs deməkdir. Bu baxımdan mən «Azərikimya» İstehsalat Birliyinin bu təşəbbüsünü alqışlayır və davamlı olmasını arzu edirəm. Çox şadam ki, Resbublika Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi tərəfindən “Azərikimya” İsteh­salat Birliyinin kollektivinə ünvanlanan Fəxri diplomun təqdim olun­ması mənə həvalə  olunmuşdur.

 Nicat Xıdırlı,

“Zaman Azərbaycan” qəzetinin Sumqayıt təmsilçisi:

 - Bu iməciliyə dəvət alanda nə qədər sevinmişdimsə, burada gəlib digər həmkar­larımı da görəndə daha da şad oldum. Açığını deyim ki, bu və ya digər tədbirlərə mətbuat nümayəndələrinin də dəvət olunması baxımından digər qurumlara nisbətdə «Azərikimya» İB istisna təşkil edir. Bu, həm də «Azərikimya»nın mətbuata açıqlığının göstəricisidir. Bu gün biz, digər həmkarlarım da daxil olmaqla, «Azərikimya» İB-yə müraciət edib, istənilən informasiyanı problemsiz və vaxtında əldə edə bilirik.

Mən istərdim ki, digər idarə və müəssisələr də bu sahədə «Azərikimya»dan nümunə götürsünlər. Bugünkü iməcilikdə hamı həmrəylik nümayiş etdirdi. 300-dən artıq ağac əkdik. Sonra çay və şirniyyat süfrəsi arxasında səmimi söhbət etdik, fikirlərimizi bölüşdük. Bundan gözəl nə ola bilər ki?! Mən də öz növbəmdə bu gözəl tədbirin təş­kilatçılarına «Zaman Azərbaycan» qəzetinin yaradıcı kollektivi adından dərin minnətdar­lığımı bildirirəm.

Rafiq Oday

Facebook Şərhləndirmə:

“«Azərikimya»nın təşəbbüsü ilə Sumqayıtda 300-dən artıq ağac əkilib” yazısına bir cavab

  1. Azer deyir:

    yaxsi olardi ki, bu agaclari xiyabanlarda mehv edilmis agaclarin yerine ekeydiler ki, bezi memurlar o yerleri sahibkarlara sataga ehtiyat edeydiler…

Şərhinizi yazın