Menu
Geri İrəli

Bakı qeydiyyatı olmayan avtomobillər paytaxta necə daxil olur?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

baki3Qoyulan qadağalara baxmayaraq rayon qeydiyyatında olan avtomobillərin Bakıda hərəkətinə tez-tez rast gəlinir.

Apardığımız müşahidələr zamanı Bakı-Sumqayıt yolunda 15-ə yaxın rayon və Sumqayıt qeydiyyatında olan avtomobillərin hərəkətinin şahidi olduq.

Eyni mənzərə ilə metronun “20 yanvar” stansiyasının ətrafında da rastlaşdıq. Sözügedən ərazidə taksi xidməti göstərən sürücülərin sözlərinə görə, rayon qeydiyyatlı avtomobillərdən şəhərdə taksi xidməti kimi istifadə edənlər də var: “Əgər qadağa varsa, bunlar şəhərdə necə hərəkət edə bilirlər? Onlar axşam saatlarında deyil, gündüz saatlarında da bu fəaliyyətlə məşğul ola bilirlər”.

Digər sürücü isə Bakıda daha çox Abşeron və Sumqayıt qeydiyyatlı avtomobilləri yollarda hərəkət edərkən gördüyünü deyir: “Sumqayıtdan Bakıya gələn yolda Yol Polisi tərəfindən qoyulan postlarda avtomobillər yoxlanılır. Bir çox hallarda postlarda Sumqayıt qeydiyyatlı avtomobillərin geri qaytarıldığının şahidi olmuşam. Buna baxmayaraq, gündüz saat 11 və 12 radələrində Xırdalandan Bakıya gedən yolda həddən artıq Sumqayıt qeydiyyatlı avtomobillərin Bakıya müştəri aparmalarının şahidi oluruq”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirdilər ki, Nazirlər Kabinetinin qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağan olunub və qurum bu qərara uyğun olaraq Sumqayıt və Binəqədi yollarında postlar qurub. Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan avtomobillərin şəhərdə hərəkət etməsini belə izah etdi: “Ola bilər ki, rayon və Sumqayıt qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan sonra şəhərə giriş ediblər. Bu halda Yol Polisi həmin avtomobilləri gündüz saatlarında şəhərdə hərəkət edən zaman yoldan kənarlaşdıra bilməz”.

Qeyd edək ki, sentyabrın 15-dən etibarən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağan olunub. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər.

Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın