Menu
Geri İrəli

Bakı-Sumqayıt yolu genişləndirilir FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2013 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur
Biləcəri qəsəbəsindən avtovağzal istiqamətində yeni yol çəkilir

Bakı-Quba-Rusiya magistralının Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində yolun genişləndirilməsinə başlanıb. Belə ki, Bakı-Sumqayıt yolunun Biləcəri qəsəbəsindən keçən ərazisindən, daha doğrusu Xırdalan, Xocəsən, Sulutəpə yolunun Bakı-Sumqayıt şosesi ilə birləşdiyi nöqtədən başlayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleks istiqamətində mövcud magistrala paralel yeni yol çəkilir.

“Həftə içi”nin ərazidə çəkiliş aparan əməkdaşının verdiyi məlumata görə, artıq əraziyə lazım olan texnika və işçi qüvvəsi cəlb edilib. Şosenin aşağı hissəsində çəkilən yolun bir tərəfində torpaqlanma və hamarlanma işləri həyata keçirilib. Artıq yolun bir tərəfində beton istinad divarının tikintisi aparılır.

Xatırladaq ki, bu ilin yay aylarından etibarən Bakı-Quba-Rusiya magistralının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində yolun genişləndirilməsilə əlaqədar 4 aşırımlı 5 dayaqlı körpü tikilir. Körpünün tikintisi demək olar ki, başa çatmaq üzrədir. Yolötürücüsünü “Körpü-Bina-Tikinti” MMC şirkəti aparır. İş icraçıları və fəhlələr “Həftə içi”nin əməkdaşına bildiriblər ki, körpünün eni 15 metr, uzunluğu 110 metr olacaq. Yolötürücüsündə artıq tamamlanma prosesi gedir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “Həftə içi”nə açıqlamasında bildirib ki, sözügedən ərazidə bir yolötürücüsü var və daha biri inşa edilir. Onun sözlərinə görə, yeni körpünün tikilməsində məqsəd Bakı-Quba-Rusiya magistralının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsinin genişləndirmək və avtomobillərin sərbəst hərəkətinə şərait yaratmaqdan ibarətdir.
Konkret olaraq, yeni yolun çəkilməsinə gəlincə, Pünhan Mürsəliyev deyib ki, həmin ərazidə yol çəkilişi, eləcə də başqa işlər həyata keçiriləcək. Ancaq onun sözlərinə görə, bunun üçün layihələr hazırlanır. Yolun uzunluğunun nə qədər olacağı barədə məlumata malik olmadığını deyən “Azəryolservis” rəsmisi bu barədə ətraflı məlumat verəcəyini vəd edib.
Onu da bildirək ki, Biləcəridən Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində böyük bir ərazidə çoxlu sayda həmişəyaşıl ağaclar mövcuddur. Həmin yolun çəkilməsilə əlaqədar ağacların yerindən çıxarılması gözlənilir. İş icraçıları deyib ki, yolun çəkilişi zərurət olduğuna görə ağacların kənarlaşdırılması məcburiyyətində qalacaqlar.

Bakı-Sumqayıt yolunun sözügedən ərazisində hər gün, xüsusən səhər və axşam saatlarında tıxaclar yaranır. Adıçəkilən körpünün və yolun istismara verilməsindən sonra bu yolda tıxacın aradan qalxacağı gözlənilir. Onu da əlavə edək ki, əvvəki və yeni körpünün aşağısından dəmiryolu xətti keçir. Gələn il istifadəyə veriləcək “Avtovağzal” metro stansiyasından Xocəsəndə tikilən depoya qatarlar gedəcək. Depoya gedəcək qatarlar dəmiryolu xəttinin altından keçəcək. Elə buna görə də yeni körpünün tikildiyi yerdə həm də dəmiryolu xətlərinin bərkidilməsi işi aparılıb.

Atif Sarıxanlı

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın