Menu
Geri İrəli

“Bakı-Sumqayıt yolu mənəvi fəlakətə çevrilib” – Jurnalistlərin tıxac fəryadı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2015 • Baxış sayı: 613 dəfə • Şərh yoxdur

 

Bakı-Sumqayıt magistral yolunun tıxac problemi illərdir ki, öz həllini tapmayıb. Bu xətt üzrə hərəkət edən avtomobillərin çoxluğu və həmin yolun ensizliyi hər gün minlərlə insanın tıxacda qalmasına səbəb olur.

Nəticədə isə vətəndaşlar kimlərinsə səhlənkarlığı ucbatından səhər işə, axsam isə evə gecikir. İkinci bir vacib məsələ isə bu darısqal xəttə üzrə yerüstü keçidlərin azlığı, yeraltı tunellərin isə olmamasıdır. Bu da Bakı-Sumqayıt yolunda vaxtaşırı qəzalara səbəb olur və günahsız insanlar həyatlarını itirir. Bakı-Sumqayıt magistral yolunda hər gün qeydə alınan tıxacın necə aradan qaldırılması ilə bağlı AzNews.az bu yolun daimi istifadəciləri olan jurnalistlərin bəziləri arasında sorğu keçirib.

Jurnalist Aida Eyvazlı: “Çox aktual bir məsələyə toxunmuşunuz. Bütün mədəniyyətlər, bütün quruluşlar yoldan başlayır. Nə vaxtsa Bakı-Sumqayıt yolunu 25-30 dəqiqəyə qət edirdik. Şəhərlərimiz inkişaf etdikcə, Sumqayıtda iş yerləri azaldıqca yollarda avtomobillərin sıxlığı yaranmağa başladı. Lakin infrastrukturda bu nəzərə alınmalı idi. Hər səhər nə qədər insan evindən çıxıb Bakıya təhsil müəssisələrinə, iş yerlərinə gəlirlər. Bunun da bir səbəbi ondadır ki, insanların yaşadıqları yerlərdə iş yeri problemləri var.
Bu problem olduğu halda yollardakı vəziyyət düzləməlidir. İnsanların bu yollarda itirdikləri vaxt, xərclədikləri əsəbi heç nə ilə kompensasiya etmək olmaz.
Xırdalan dairəsindən sonra guya, yolu enləndiriblər, enlənən yol bir qədər getdikdən sonra Tbilisi prospektinə çatdıqda daralmağa başlayır. Bu da dolçavari bir mənzərə yaranır. Əslində yaranan sıxlığa səbəb o enlənən böyük yoldur. Daraldıqdan sonra tıxac aradan götürülür. Elə həmin ərazidə, Bakıdan Biləcəri və Sumqayıt yoluna düşən yerdə bir süni təpəcik var. Hər gün yaşıllıq məkanı kimi qulluq edilən bu təpəcik də yolda avtomobillərin hərəkəti üçün çox problem yaradır. Dünyanın bütün inkişaf etmiş ölkələrində yolları avtomobil izdihamı səngiyəndən sonra, gecə saatlarında təmir edirlər. Bizim Sumqayıt-Bakı yolu isə ilin bütün aylarında təmirə dayanır. Və gözlənilməyən yol-nəqliyyat qəzalarının baş verməsinə səbəb olur. Və bir də ki… elə dünən AXŞAM. Dünən axşam Xırdalan yolunun üstündə yerləşən qəbiristanlığın yanında daha bir dəhşətli ölüm hadisəsi baş verdi. Bizim də işdən qayıdan vaxtımız idi. 1 saat avtomobillər tıxacda dayandı. Buna öyrəşmişik. Öyrəşmək istəmədiyimiz isə evinə tələsən daha bir insanın canını yollara qurban verməsidir. Eləcə, ağ-qara zolaqlar. Bu zolaqları isə sürətlə keçən avtomobillər çox zaman elə sürətlə də ötüb keçirlər. Əfsuslar olsun ki, bizim sürücülərin “zebra”lara əhəmiyyət verməməsi adi hal alıb. Bu halların aradan qaldırılması üçün isə, “zebralarda” piyadaya yol verməyən sürücülərin cəriməsini ikiqat artırmaq lazımdır. Avtomobillərin sürətli hərəkəti olan ərazilərdə alt və üst keçidin olmaması da böyük faciələrə gətirib çıxarır. Nə yazıqlar olsun ki, buna görə heç bir məmur cəzalanmır, hüququnu bilməyən zərərçəkənlər isə kimsəni məhkəməyə verib, təzminat almaq fikrində deyil. Sürətli yollarda üst keçid xətti olmalıdır”.

“Lent.az” saytının redaktoru Səbuhi Məmmədli: “Bakının nəqliyyat sisteminin fərsizliyi, “Azəryolservis”dəki başbilənlərin nəinki öz işinin öhdəsindən gələ bilməməsi, ümumiyyətlə, yol anlayışından xəbərlərinin olmamasının ucbatından, bəli, hər gün əsəb yaşayırıq. Normal cəmiyyətdə bu insanları məhkəməyə verib cəzalandırmaq olardı. Mən yol mütəxəssisi deyiləm. Güman edirəm ki, tikinti lazımdır, istər yol, istər tunel və ya bina- tikintisi olsun. Amma yenə də deyirəm, “Azəryolservis”də və ya nəqliyyat sektoruna cavabdeh qurumlarda vəzifə tutan diletantların ucbatından bu zülmü çəkirik. Biləcəridən Sumqayıt yoluna çıxan hissədə bir Kəhrəba restoranı var. Yolu tutub. Və ya elə o Ekologiya Postundan hər səhər şəhərə daxil olan ağırtonnajlı maşınlar gedir. Qanunla onlar bu yolla gedə bilməzlər. Amma nə faydası, yol polisi rahatlıqla göz yumur. Bu kimi insanların əməllərinin ucbatından da tıxaclar yaranır”.

Tanınmış jurnalist Natiq Cavadlı: “Əvvəla, Bakı-Sumqayıt yolunda tıxac probleminin səbəblərinə baxmaq lazımdır, ölkədə maşın çoxdur, digər regionlar olduğu kimi sumqayıtlıların əksəriyyəti paytaxta iş arxasınca gəlirlər və onlarla birgə xırdalanlılar, saraylılar da. İkinci, tıxac başlanır, Tiflis prospektindən və 20 Yanvardan. Vaxtında 20 Yanvarda körpü layihəsi düzgün inşa olunmadı. Baxın, səhər saat 8-11, axşam 17-19 radələrində 20 Yanvar və 3-cü mikrorayonda salınan körpünün üstü boş qalır. Deməli, layihə düzgün qurulmayıb, heç olmasa “Gənclik” metrosu tərəfdəki tunel şəklində tunel inşa olunmalıydı. Üçüncüsü, tıxacı yaradan benzin mafiyası, göstərilən vaxtlarda Ekologiya Postunda yolu qısaldır və tıxac yaranır. Bu isə benzinin satılması deməkdir. Nə vaxta qədər regionlarda normal iş yerləri açılmayacaq, problem çətin ki həll olunsun. Çünki artıq 20 Yanvarda tunel salmaq mümkünsüz görünür.”

Şair-jurnalist Elnur Astanbəyli: “Əslində bu sual daha çox mütəxəssislərə ünvanlanmalıdır, amma həmin yolun bir hissəsinin “qurban”ı da mən olduğum üçün cavab vermək qərarına gəldim. Bakı-Sumqayıt yolu həqiqətən on minlərlə insan üçün ilk növbədə mənəvi fəlakətə çevrilib, insanın əsəbinin sərhədlərini “zorlamaqla” məşğuldur. Digər tərəfdən, bu yol nəhəng vaxt itkisidir, dünyaya bir dəfə gəlib, ömrün yarısını da bu yollarda itirmək ağırdır. Açığı, bu problemin yaxın vaxtlarda yoluna qoyulacağına da heç bir ümidim yoxdur.
Bakı-Sumqayıt elektrik xətti hansı məntiqlə ləğv edildi? Axı bununla minlərlə insan hər gün yaşamaq məcburiyyətində qaldığı zillətdən xilas ola bilərdi. Bu yoldakı qəzalara gəlincə: yeraltı yaxud yerüstü keçidlərə şübhəsiz ehtiyac var, amma bu yol üzərindəki yaşayış infrastrukturu o qədər yöndəmsiz, səliqə-sahmansız, o qədər xaotikdir ki, bununla problemin həllini tapacağına inanmaq da olmur. İki-üç keçidlə sadəcə, qəzaları azaltmaq mümkündür, çünki Bakı-Sumqayıt yolunun yaxınlığında yaşayış infrastrukturunun həmin o yöndəmsizliyi, səliqə-sahmansızlığı, xaotikliyi ucbatından az qala hər 300-400 metrdən bir keçidə ehtiyac var. Hər halda bu şəxsi qənaətdir, amma daha doğrusunu yenə də mütəxəssislər deyə bilərlər”.

“Azvizion.az” saytının əməkdaşı Gültəkin Ələsgər: “Bakı-Sumqayıt yolu illərdir ki, insanların ömrünü yeyir. Saatlarla tıxacda qalmaqdan millətin əsəbləri də tarıma çəkilib. O qədər aqressivləşirlər ki, elə bil onlara toxunan adam axtarırlar ki, bütün hirslərini onların üstlərinə töksünlər. Mənə elə gəlir ki, körpü və tunellərin tikintisi lazımdı. lakin bizdə bunu düzgün etmirlər. Lazım olmayan yerlərdə körpünü başlayırlar, düz tıxac olan yerdə bitirirlər. Məsələn, 3-cü mikrorayon dairəsində tikilən körpü bir neçə yerə şaxələnir. Baxın, onu 20 Yanvar dairəsində etsəydilər, daha effektli olardı. Çünki həmin ərazidə elə də avtomobil sıxlığı müşahidə olunmur. Yəni, körpünün üstü ilə saatda bir maşın gedir. O tipli bir neçə yerə şaxələnən körpü Bakı- Sumqayıt istiqamətində tikilsəydi, lap yaxşı olardı. Biri Xırdalana, digəri Masazıra, o biri şaxəsi isə Sumqayıta gedərdi”.

Bahar RÜSTƏMLİ
AzNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın