Menu
Geri İrəli

Bakıdakı bu kafeyə yalnız 10 kişi girə bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2014 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur

Qadınların domino, nərd oynadığı çayxanadan reportaj

Çayxana dedikdə ilk olaraq ağıla kişilərin boş vaxtlarında gedib çay içdiyi, nərd, domino oynadığı, siqaret tüstüsü ilə əhatələnmiş məkanlar gəlir. Son illər Azərbaycan qadınları da evdən çıxarkən “çayçıya” gedirəm, yaxud “nərd oynayacam” deyib çay evlərində asudə vaxtlarını keçirə bilirlər. Bəli, təəccüblü olsa da kişi çayxanaları olduğu kimi, şəhərdə və bəzi regionlarımızda artıq qadın çayxanaları da fəaliyyət göstərir. Kişilərin toplaşdığı çayxanalardakı ümumi vəziyyət hər kəsə məlumdur. Kimisi nərd oynayır, kimisi qəzet oxuyur, kimisi siqaret çəkir, hətta bəzi çayxanalarda söyüş söyənlərə belə rast gəlmək mümkündür. Bəs qadın çayxanasında vəziyyət necədir? Onlar yalnız həmcinslərinin daxil olduğu qadın klubunda nə edirlər? Bu suallara cavab tapmaq üçün paytaxtda zərif cinsin nümayəndələrinin ən çox toplaşdığı çay klublarından biri olan “Mandarin” çay klubuna yollandıq.

“Kişilərə giriş qadağandır”

Kluba daxil olarkən “Kişilərə giriş qəti qadağandır” yazısı diqqətimizi çəkir. Əks cinsin nümayəndələrinə giriş qadağan olunduğu üçün burada işləyən işçi heyəti də müştərilər kimi yalnız zərif cinsinin nümayəndələridir.
Məlumat üçün bildirək ki, Tibb Universitetinin yaxınlığında yerləşən “Mandarin çay klubu” artıq 4 ildir fəaliyyət göstərir. Adından da məlum olduğu kimi, bu çay evinin dizaynı da mandarini xatırladır. Mandarin rəngi olan narıncı rənglərin üstünlük təşkil etdiyi klub gözümüzün alışdığı tipik kişi çayxanalarından fərqli dizaynda bəzədilib. Çay klubu iki salondan ibarətdir. Onlardan biri Avropa, digəri Şərq üslubundadır. Otaq demək olmasa da, kafedə yerdən oturmaq üçün nəzərdə tutulan 6-7 nəfərlik xudmani bir guşə də var ki, bura VİP zal adlandırılır. Avropa stilində qurulan otağın divarları güzgü ilə bəzədilib. Burada divan və stullar qoyulub.
Kafenin müdiri Səbinə Pərvizi deyir ki, “Mandarin” ilk açılanda çay evi kimi fəaliyyət göstərib: “Bir il altı aydan sonra isə çay evini dəyişib kafe etmək qərarına gəldik. Çünki, xanımlar çayla yanaşı, yemək də istəyirdilər. Daha sonralar isə xanımların istəyi ilə burada ad günləri, xınayaxdı mərasimləri keçirməyə başladıq”. Qiymətlər haqqında məlumat verən müsahibimizin sözlərinə görə, kafedə müştərilər daha çox həftə sonları olurlar: “Qiymətlər çox münasibdir. Burada 2 manatdan 20 manatadək pul xərcləməklə istədiyin yeməyi sifariş verə bilərsən. Menyuda səhər yeməkləri, isti yeməklər, çaylar, blinçiklər, pizzalar, soyuq qəlyanaltılar, kokyetyllər, bir sözlə xanımların istəyə biləcəyi hər şey var”.
Kafenin hər gün saat 10-dan axşam saat 10-a kimi işlədiyini deyən müsahibimiz kafeyə hər yaşda qadının gəldiyini söylədi: “Kafeyə tələbələrdən başqa hər yaşda qadın gəlir. Burada qadınların özlərini rahat hiss etmələri, istirahəti üçün hər bir şərait yaradılıb. Onlar da kişilər kimi nərd, domino oynayır, yarışlar keçirirlər. Hətta istəyəndə qəlyan belə çəkirlər”.

Kişilərsiz həyat yoxdur

qadin-cayxanasi-03Kişilərə girişin qadağan olunduğu klubu müşahidə edərkən divarlardan asılan tanınmış kişi simaların şəkilləri diqqətimizi çəkdi. Klubun sahibəsi isə buna çox maraqlı açıqlama verdi: “Qoy qadınlar daima yadlarında saxlasınlar ki, kişilərsiz həyat yoxdur. Biz 10 nəfər ən qəşəng kişi şəkli seçmişik və yalnız bu 10 kişinin kafeyə “giriş”inə icazə verilib”.
Qadın klubuna tez-tez gedən müştərilərlə də söhbətləşdik. Orada olduğumuz müddətdə domino oynayan 4 xanım “Mandarin”in onlar üçün ən sevimli yer olduğunu dedilər. Şəhlanın sözlərinə görə, burada əməlli-başlı istirahət edə bilirlər: “Kişilər olmadığından rahat hərəkət edir, danışıb-gülürük. Buna görə də həftədə 1 dəfə də olsa, mütləq gəlib burada mürəbbəli çay içə-içə ya nərd, ya da domino oynayırıq. Hesabı da uduzan verir”.
Buranın daimi müştərilərindən olan Əfsanə deyir ki, qadın kafesində istirahət etmək üçün hər şərait var: “İndi başa düşürəm ki, kişilər nə üçün çayxanaları bu qədər sevirlər. Burada digər qadınlarla tanış olmaq imkanlarımız olur. Xüsusilə nərd və domino oyunları çox maraqlıdır. Qiymətlər də münasib olduğundan boş vaxtımız olanda rəfiqələrimizlə birgə gəlib istirahət edirəm”.
Tibb Universitetinin 4-cü kurs tələbəsi Zeynəb isə deyir ki, buraya öz tələbə yoldaşları ilə gəlir: “Mən nişanlıyam. Nişanlım özü olmadan məni heç bir kafeyə qoymurdu. Kişilərin girişi qadağan olduğundan öz qrup yoldaşlarımla burada gözəl vaxt keçirə bilirəm”.
Müştərilərlə söhbətimizdən məlum oldu ki, “Mandarin” qadın klubunda dindar xanımlar üçün də şərait yaradılıb. Belə ki, burada bu xanımların ibadət etməsi üçün xüsusi ibadət otağı da var.

Aygün Əziz, kaspi.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın