Menu
Geri İrəli

Bakılılar və sağlamlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2011 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

Respondentlərin 48 faizi azərbaycanlıların öz səhhətinin qeydinə qalmadıqları haqda fikirlə tam razıdırlar

Məlum olduğu kimi, son illər Azərbaycanda səhiyyə sisteminin inkişafına xüsusi diqqət yetirilir. Bu gün elə bir rayon tapmaq olmaz ki, orada ən müasir avadanlıqlarla təchiz olunmuş yeni xəstəxana və ya doğum evi olmasın. Ölkədə talasemiya, neyrocərrahiyyə, oftalmologiya və s. tibb mərkəzləri fəaliyyət göstərir, yeni poliklinikalar tikilir. Bir sözlə, istənilən ölkənin fəxr edə biləcəyi xeyli işlər görülüb və görülməkdədir. Bəs bizim özümüzün səhhətimizə münasibətimiz necədir, bu sahədə elə bir milli xüsusiyyətimiz varmı ki, onu səhiyyə sahəsini idarə edərkən nəzərə almaq lazımdır? Bakı sakinləri sağlam həyat tərzi keçirirlərmi və ümumiyyətlə onların sağlam həyat tərzi barədə anlayışları nədən ibarətdir? Bu və bu kimi digər suallara cavab tapmaq məqsədilə «Rəy» Monitorinq Mərkəzi 2011-ci il mayın 5-dən 8-dək Bakı şəhərində ictimai rəy sorğusu keçirib.

Sorğuya yaşı 18 və yuxarı olan 850-yə yaxın respondent cəlb olunub. Məlum olduğu kimi, cəmiyyətdə belə bir fikir formalaşıb ki, adətən azərbaycanlılar öz səhhətlərinə fikir vermirlər və bu, az qala bizim milli xüsusiyyətimizdir. Bu, doğrudan da belədirmi? Necə ola bilər ki, insan sağlam həyat tərzi keçirdiyini desin, lakin səhhətinə az da olsa fikir verməsin? Sorğu göstərib ki, respondentlərin təxminən yarısı (48%)  azərbaycanlıların öz səhhətinin qeydinə qalmadıqları haqda fikirlə tam, 25%-i isə qismən razıdır. Hərçənd rəyi soruşulanların 67%-i (o cümlədən gənclərin 85%-i) bildiriblər ki, onlar sağlam həyat tərzi keçirirlər. Bununla belə, səhhətində problem olan hər üç nəfərdən biri qan təzyiqinə nəzarət etmir. Baxmayaraq ki, onların az qala hamısı tibbi televiziya verilişlərinə müntəzəm olaraq baxırlar. Sorğunun üzə çıxardığı ümumi vəziyyətə gəldikdə isə, onu qənaətbəxş hesab etmək olar.  Bakılılaın az qala üçdə ikisi idman edir və sağlam həyat tərzi keçirir (66%), lazım olduqda dərman bitkiləri və digər xalq təbabəti vasitələrinə müraciət edir (60%).

Özü də rəyi soruşulanların böyük əksəriyyəti (təxminən 80%) öz səhhətindən razıdır.Lakin təhlil göstərib ki, reallıqda heç də hər şey göründüyü kimi yaxşı deyil. Məsələn, məlum olub ki, sağlam həyat tərzi keçirdiyini düşünənlərlə qalan respondentlərin qidalanması arasında elə də böyük fərq yoxdur. Hər iki halda «nə olur olsun, təki dadlı olsun» deyib qidalanan respondentlərlə yeməyi faydalı olmasına görə seçənlərin arasında faiz nisbəti statistik baxımdan çox kiçikdir. Özünü yaxşı hiss etdiyini deyənlərlə səhhətindəki problemlərdən şikayətlənən respondentlərin qidalanmasında da böyük fərq qeydə alınmayıb.

Xalq təbabəti vasitələri və vitaminlərdən istifadə, qan təzyiqinə və artıq çəkiyə nəzarətlə də bağlı eyni vəziyyət hökm sürür.

Bakılıların böyük əksəriyyəti öz səhhətlərinə diqqət yetirmir, onun proffilaktikası və qorunması ilə məşğul olmur. Həkimə isə yalnız ən son zərurət yarandıqda müraciət edirlər. Əks halda hər iki respondentdən biri «sizə poliklinikadan zəng vurub dispanzerizasiya təklif etsələr, nə edərsiniz?» sualına  «bir yerim ağrımayınca, heç yerə getmərəm» cavabını verməzdi. Rəyi soruşulanların cəmi 20%-i «təxirə salmadan həkimə müraciət edərdim» cavab variantını seçib. Lakin bu, ümumi mənzərədir. Gənclər arasında dispanserizasiya təklifini qulaqardına vuracağını deyənlərin sayı 85%-ə çatır. Onların yalnız 5%-i poliklinikaya səfəri sonraya saxlamayacağını bildirib. Başqa sözlə, sağlam həyat tərzi dedikdə, bakılıların əksəriyyəti ağır xəstəliklərə düçar olmadan, adi həyat tərzinin keçirilməsini nəzərdə tutur. Belə yanaşma bir tərəfdən optimist əhvalın göstəricisidirsə, digər tərəfdən öz səhhətinə biganə yanaşmanın nəticəsidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın