Menu
Geri İrəli

Beynəlxalq Mətbuat Mərkəzində “Yaşıldərə” problemi…

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2015 • Baxış sayı: 847 dəfə • Şərh yoxdur
Share Button

be_16327.jpg“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin iştirakı ilə “Su təchizatı sahəsində şəffaflığın artırılması” mövzusunda dəyirmi masa təşkil edib. Su təchizatı sahəsində ortaya çıxa biləcək korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaq məqsədilə keçirilən tədbirdə Azəriqaz İB, “Bakıelektrikşəbəkə”ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Prokurorluq və digər hökumət qurumları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı əhalinin su ilə təminatı sahəsində həyata keçirilən son islahatlar barədə danışıb. Kommunal xidmətlər sahəsində müstəqil ekspert Ələkbər Ağasıyev su təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquqpozmalarından danışıb.

Tədbirin davamında müstəqil ekspertlər, vətəndaş cəmiyyəti üzvləri və təşkilatımızın ekspertləri tərəfindən adıçəkilən mövzu ilə bağlı, həmçinin müvafiq qanunvericilik aktlarında mövcud boşluqlarla əlaqədar hazırlanmış tövsiyələrdən ibarət sənədin ilkin variantı təqdim olunub. “Şəffaflıq Azərbaycan” təşkilatının hüquqşünası Aytən Əlizamanlı su problemlərinin aradan qaldırılması ilə bağlı sənəddə qeyd olunan tövsiyələri iştirakçılara çatdırıb.

Qeyd edək ki, tədbirdə media nümayəndəsi qismində iştirak edən Birlik.az saytının baş redaktoru Vüsal Hətəmov Bakı və Sumqayıtda bəzi yerlərdə su təchizatının fasiləsiz verilməməsi problemini ortaya qoyub. Bundan başqa Vüsal Hətəmov bildirib ki, “Sumqayıt şəhərində “Yaşıldərə” adlı qəsəbənin 10 000-ə yaxın əhalisi var. Sakinlər kanalizasiya-tullantı sularını qəsəbənin içərisi ilə açıq şəkildə axıdırlar. 4-5 metr enində olan kanalizasiya “çay”ı Yaşıldərədən başlayaraq sonda gəlib şəhərin mərkəzindən üstüaçıq, borusuz vəziyyətdə dənizə axıdılır. Bundan başqa, sakinlər suyun pulunu 36 qəpikdən ödəyirlər. Halbuki 6 qəpik kanalizasiya pulu “Yaşıldərə” sakinlərindən artıq alınır. Çünki qəsəbədə kanalizasiya sistemi yoxdur.”

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Birlik.az saytının suallarını cavablandırarkən bildirib ki, sakinlər 6 qəpik kanalizasiya pulunu ödəməsinlər. Açıq şəkildə kanalizasiya sularının isə lazımi formada axıdılması üçün hazırda işlər planlaşdırlır.

Tədbir fəal müzakirələrlə davam edib. Dövlət və qeyri-hökumət nümayəndələri əhaliyə su təchizatı sahəsində istehlakçı-təchizatçı münasibətlərindəki mövcud problemlər barədə fikirlərini bildirib. İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, su təchizatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.

Aydın Abdullah

Birlik.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın