Menu
Geri İrəli

Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi 2015-ci ildə bitəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2014 • Baxış sayı: 913 dəfə • Şərh yoxdur

283124Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisi başa çatdırıldıqdan sonra sözügedən yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA-ya verdiyi məlumata görə, ümumi uzunluğu 42 km nəzərdə tutulan Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri başa çatdırılıb. Yolun 16,5-22 km və 28-37 km hissələrində işlər davam etdirilir.

Yolun 16,5-22 km hissəsində 4 körpüdən 3-ü tikilib. Hazırda ərazidə müxtəlif qazma və tökmə torpaq yatağının tikintisi işləri gedir. Yolun 28-37 km hissəsində 3 körpü, 1 mal-qara keçidi nəzərdə tutulub. Artıq 2 körpü, 1 heyvan keçidində son tamamlanma işləri ilə yanaşı, optimal tərkibli çınqıl layın tikintisi davam etdirilir. Yaxın günlərdə üçqat asfalt-beton örtüyünün döşənməsinə başlanacaq.

Bundan əlavə, hər iki sahədə tikinti altına düşən maneələrin qiymətləndirilməsi və relyefə uyğun olaraq düzbucaqlı suötürücülərin quraşdırılması işləri həyata keçirilir. Layihənin sözügedən hissələrində işlərin 2015-ci ildə tamamlanması planlaşdırılır.

Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın