Menu
Geri İrəli

“Biz öz gücümüzə, öz ordumuzun qüdrətinə arxayınıq”- Muxtar Babayev

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2016 • Baxış sayı: 665 dəfə • Şərh yoxdur

Muxtar_BabayevAzərbaycanda Milli ordunun yaranmasının bir əsrə yaxın bir tarixi var. 1918-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyəti mövcud gərgin vəziyyəti nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. İyunun 26-da isə diviziya statusuna malik hərbi korpusun yaradılması ilə bağlı qərar qəbul olundu, bununla da Azərbaycanda Milli ordunun təməli qoyuldu. Təəssüflər olsun ki, Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra müstəqilliyimizin digər atributları kimi milli ordu hissələri də ləğv edildi. Ancaq Sovet dönəmindəki bütün maneələr Azərbaycan xalqının döyüş ruhunu sarsıda bilmədi. 1939-1945-ci illərdə İkinci dünya müharibəsinin gedişi və nəticələri bu həqiqəti bir daha təs­diqlədi. Xalqımız öz zəngin hərb tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq nümunəsi göstərdi və Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Bu müharibədə Azərbaycandan təxminən 130 hərbçi Sovet İttifaqı Qəhrəmanı adına, 30 döyüşçü isə «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görüldü.

Bu gün Azərbaycanda ordu quruculuğundan danı­şarkən Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonrakı mərhələyə xüsusi diqqət çəkilməlidir. Bu o dövr idi ki, cəbhədə vəziyyət çox gərgin idi. Torpaqlarımız bir-bir erməni işğalçıları tərəfindən zəbt olunurdu. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və müəyyən adamların xüsusi maraqlarına xidmət edən nizamsız silahlı qruplaşmaların ümidinə qalmışdı. Vahid idarəetmə sistemi yox idi. Yalnız Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən yüksək tutan, hərbçi olmağı özünə şərəf sayan, savadlı və təcrübəli zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Zabit və əsgər heyətinin mənəvi və psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə, hərbi vətənpərvərlik işinin gücləndirilməsinə diqqət artırıldı. Silahlı qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan asılı olmasının əhəmiyyəti nəzərə alınaraq beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasına diqqət artırıldı.

Təqdirəlayiq haldır ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsindəki işlər uğurla davam etdirilir. Hərbi xərclər, orduya ayrılmış vəsait son 10 il ərzində bir necə dəfə artırılıb. Ordu üçün yetərincə müasir hərbi texnika, silah-sursat alınıb. Hərbi hissələr üçün yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilib, bu hissələrin silah-sursatla təminatı qat-qat yaxşılaşdırılıb. Son dövrlərdə Azərbaycanda Hərbi Sənaye Kompleksi, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır ki, bu nazirliyin nəzdində onlarla zavod fəaliyyət göstərir və yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. Yeni hərbi istehsal sahələrinin yaradılması xarici silah bazar­larından asılılığımızı azaldır.

13512240_1136343309722267_4645403502195453583_n

Artıq Azərbaycan əsgərinə və zabitinə ictimai münasibət də köklü surətdə dəyişilmişdir. Bu gün orduya xidmətə çağrılan hər bir gənc bu xidməti özünün şərəf işi, namus, qeyrət məsələsi, kişilik borcu və vətəndaşlıq qayəsi sayır, bütün məqamlarda düşmən qarşısında mərdliklə, dəyanətlə duruş gətirə, həmçinin ağır və sarsıdıcı zərbələr vurmaqla geri oturtmağa məcbur edə bilir. Bu ilin aprel ayının əvvəllərində Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut etdi. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoymuş oldu. Deputat həmkarlarımla Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ərəfəsində cəbhə bölgəsindəki “N” saylı hərbi hissələrin birinə səfər edərkən həm komandirlər, həm də əsgərlərlə görüşümüz zamanı, onlarla apardığımız səmimi söhbətlər əsnasında bunun bir daha şahidi olduq. Məişət binalarındakı təmizlik, səliqə-səhman, əsgərlərimiz üçün yaradılmış yüksək şərait, nizam-intizam, ciddi reqlament dövlətimizin ordumuza göstərdiyi diqqət və qayğının yüksək səviyyədə olmasından xəbər verirdi. Zabit və əsgərlərimizin vətən və torpaq sevgisi, yüksək döyüş əzmi, qələbə əhval-ruhiyyəsi, Vətənə xidməti şərəf, qürur və qeyrət işi bilmələri isə bütün bu sadalananların fövqündə dayanırdı. Bu da bir daha onu göstərir ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt hərbi yolla işğalçılardan azad etmək üçün həm hərbi potensiala, həm də güclü iradəyə sahibdir. Ancaq xalqın mənafeyini əks etdirərək daim sülh, həmrəylik və əmin-amanlıq tərəfdarı olan möhtərəm Prezidentimiz İlham Əliyev çalışır ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla və danışıqlar yolu ilə həll olunsun ki, qan tökülməsin.

Son hadisələrə bir çox ölkələrin verdiyi reaksiyadan da aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə Azərbaycanın haqlı mövqeyinə dünya ictimaiyyətinin münasibəti dəyişib. Artıq kimin haqlı, kimin isə təcavüzkar olduğu bütün çılpaqlığı ilə görünür. Amma Ermənistan həmişə olduğu kimi, yenə də atəşkəs rejiminin tələblərinə riayət etmir, Azərbaycanın münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə davamlı olaraq təxribatlarla cavab verir. Bu işğalçılıq və təcavüzkar siyasət, istər-istəməz münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Bu isə münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarada və regionda daha ağır nəticələrə səbəb olar. Bunun məsuliyyəti isə, təbii ki, Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu gün Ermənistanın bir çıxış yolu var: Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmaq, qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxarmaq, BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirmək.

Sonda onu demək istəyirəm ki, bizim işi haqq işidir. Azərbaycan kiminsə torpağına göz dikməyib və belə bir niyyəti də yoxdur. Eyni zamanda Azərbaycan heç vaxt imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun, torpaqları düşmən tapdağı altında qalsın. Biz öz gücümüzə, öz ordumuzun qüdrətinə arxayınıq. Azərbaycan xalqı öz ordusunu sevir, Ali Baş Komandanına güvənir. Xalqla ordunun vəhdəti, ordu ilə Ali Baş Komandanın birliyi, həmrəyliyi, xalqın bu vəhdəti, bu birliyi müdafiə etməsi onu deməyə əsas verir ki, biz öz ərazi bütövlüyümüzü mütləq və mütləq bərpa edəcəyik.

Muxtar Babayev,

«Azərikimya» İstehsalat Birliyinin

Müşahidə Şurasının sədri,

Milli Məclisin deputatı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın