Menu
Geri İrəli

BU GÜN NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİDİR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2012 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur
Share Button

Sentyabrın 17-də Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunun apelyasiya şikayətinə baxılacaq. Sumqayıt Apelyasiya Məhkəməsi onun barəsində seçilmiş iki aylıq həbs-qətimkan tədbirinin dəyişdirilib-dəyişdirilməməsi barədə qərar verəcək. İctimaiyyət, gənc fəalın vəkilləri və hüquq müdafiəçiləri məhkəmədən ədalətli qərar gözləyirlər.

N.Yaqublunun vəkili Adil İsmayılov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əvvəlki məhkəmə instansiyasının qərarının dəyişdiriləcəyinə ümid edir: “Güman edirəm ki, Nigar Yaqublu barəsindəki qərarı dəyişəcəklər”.

 Vəkil sentyabrın 15-də N.Yaqublu ilə görüşdüyünü və onun heç bir şikayəti olmadığını da vurğulayıb: “Heç bir problemi yoxdur. Özünü yaxşı hiss edir, əhval-ruhiyyəsi də yaxşıdır”. Vəkilin sözlərinə görə, Sumqayıt Apelyasiya Məhkəməsi qərarı dəyişməsə, onlar növbəti addımlar atmaq barədə düşünəcəklər: “Növbəti addımlar var. Onun ev dustaqlığı məsələsi var, bununla bağlı məhkəməyə müraciət etmək imkanları qalır hələ. Ancaq yəqin ki, Apelyasiya Məhkəməsi Nigar Yaqublu barəsindəki həbs-qətimkan tədbirini dəyişdirəcək”.
 N.Yaqublunun digər vəkili Nemət Kərimli də Apelyasiya Məhkəməsinin əvvəlki məhkəmənin qərarını ləğv edəcəyini ehtimal edir. Vəkilin sözlərinə görə, N.Yaqublu barədə  qətimkan tədbirinin seçilməsi üçün əsaslar nə daxili qanunvericiliyə, nə də ki İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinə və həmin maddənin tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun deyil.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu da Sumqayıt Apelyasiya Məhkəməsinin Nigar Yaqublu ilə bağlı baş vermiş ədalətsizliyi aradan qaldıracağına ümid edir: “Yəqin ki, həbs qərarı dəyişdiriləcək. Əks halda, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, Müsavat Partiyası bir yerdə qərar verib müəyyən addımlar atacaqlar”.

“Qadınlar arasında həmrəylik” İctimai Birliyinin rəhbəri Ruhəngiz Hüseynova da məhkəmənin ictimaiyyəti razı salacaq bir qərar verəcəyinə inandığını dilə gətirib: “Mən də məhkəmədən Nigar Yaqublu ilə bağlı əvvəlki məhkəmənin çıxardığından fərqli bir qərar gözləyirəm. Hazırda istintaq gedir, Nigar cinayətkar deyil ki, onu həbsdə saxlamaq vacib olsun. O, qəzanı xüsusi hazırlıqla həyata keçirməyib, bu, sırf təsadüfi bədbəxt hadisədir. Yol qəzasından heç kim sığortalanmayıb. Bu, hamının başına gələ bilər. Nigar Yaqublu istintaq bitənə qədər azadlıqda qala bilər. O, cəmiyyət üçün təhlükəli şəxs deyil ki, istintaq müddətində həbsdə saxlayalar. Yəqin ki, istintaq günahın kimdə olacağını müəyyən edəcək. Güman edirəm ki, Günah Nigarda olmayacaq. Həmçinin hadisənin təsadüfi olduğu bütün hallarda nəzərə alınmalıdır. Nigarın gəncliyi, ölkəmiz üçün lazımlı, vətənpərvər gənc olması, bunların hamısının istintaqda nəzərə alınacağına ümid edirəm. Eyni zamanda, qəzada həlak olan Aydın Acalovun ailəsi də şikayətçi deyil. Ailəsi də başa düşür ki, bu, sırf təsadüf nəticəsində törənmiş qəzadır. Ona görə bunlar nəzərə alınmalıdır”. Hüquq müdafiəçisi ictimaiyyətin dövlət başçısına etdiyi müraciətin də nəzərə alınacağına ümidlidir: “Prezidentə Nigar Yaqublu ilə bağlı edilən müraciətə də imza atmışam. Müraciətin də cavabsız qalmayacağını güman edirəm”.
Xatırladaq ki, Nigar Yaqublunun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Həmin maddə ilə ittiham olunanlar üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. R.RƏFİYEVA, “Yeni Müsavat”qəzeti

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın