Menu
Geri İrəli

Bu xəbərə sumqayıtlılar daha çox sevinəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2013 • Baxış sayı: 371 dəfə • 1 şərh

 

2014-cü ildə Bakı Metropoliteninin yeni – 3-cü xəttinin ilk iki stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

sumqayitxeber.com saytı  Metropolitenin rəsmi saytına istinadən məlumat verir ki, “Avtovağzal” stansiyasından başlamaqla inşa olunacaq bənövşəyi xətt 12 stansiyadan ibarət olmaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq. Beşillik proqrama əsasən, 2016-cı ildə xəttin ilk beş stansiyası istismara veriləcək. Onlardan ikisi 2014-cü ildə açılacaq. Şərti adı “Memar Əcəmi-2″ olan stansiya bu xəttin ilk həlledici sahələrindən biridir. Çünki o, bənövşəyi xətdən mövcud yaşıl xəttə ilk keçid stansiyası olacaq. Sərnişinlər buradan “Memar Əcəmi” stansiyasına keçməklə yaşıl xəttin əhatə edəcəyi stansiyalardan da istifadə edə biləcəklər.

“Memar Əcəmi-2″də tətbiq olunan yeniliklərdən kifayət qədər çox söz açmaq olar. Bu stansiyanın layihələndirilməsində Avropanın aparıcı təcrübəsindən istifadə olunub. Elə vestibüldə genişlik diqqəti çəkən və ürək açan ilk məqama çevrilir. Bütün kompleks cəmi 167 metrə yaxın uzunluqda ərazini əhatə etsə də, elə təəssürat yaranır ki, bura əsl saray olacaq. Elə bu qayda ilə yuxarıdan digər mərtəbələrin görüntüsü də fərqlilik təəssüratı yaradır.

Tavanın şüşə materialdan olması Metropolitendə ilk dəfə təbii işıqlanmadan istifadə olunmasına şərait yaradacaq. Bakı metrosunda ilk dəfə məhz bu stansiyadan başlayaraq, müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Bu mənada ərazinin relyefinə görə 30,5 metr dərinlikdə yerləşən stansiyanın bir tərəfi 5, digər hissəsi 4 mərtəbəli olacaq. Mərtəbələrin hündürlüyü 5,8, mərtəbələrarası örtüyün qalınlığı isə 1,5 metrdir.

Stansiyanın üç giriş-çıxışı olacaq.

“Memar Əcəmi” stansiyasının “M” şəkilli yerüstü vestibülündə həm də yeni stansiyaya giriş-çıxış, ANM məntəqəsi, kassalar yerləşdiriləcək. Girişdən başlamaqla əlillər və fiziki cəhətdən qüsurlu insanlar üçün şərait nəzərə alınacaq. Yeni xətlərdə yerləşən stansiyalarda bu təbəqədən olan insanların metrodan istifadəsini asanlaşdırmaq üçün liftlərdən istifadə olunacaq. Stansiyada ümumən 4 lift quraşdırılacaq. Stansiyada cəmi 16 eskalatorun quraşdırılması nəzərdə tutulub. Vestibüldən aşağıya doğru sonrakı mərtəbə yaşıl və bənövşəyi xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə olunacaq. Bu, sərnişinlərin heç bir əlavə ödəmə etmədən digər xəttin stansiyasına keçməsinə şərait yaratmaq üçün düşünülüb.

Platformanın uzunluğu 144 metrdən az olmayacaq. Bu da yeni xətlərin fərqli hərəkət tərkibləri üçün nəzərdə tutulub. Yeni xətlərdə 7 vaqonluq qatarlar hərəkət edəcək.

Facebook Şərhləndirmə:

“Bu xəbərə sumqayıtlılar daha çox sevinəcək” yazısına bir cavab

  1. Tural deyir:

    Sumqayitlilari sevindirecek burda nevarki? Anlamadim hecne nece geldi meqale bawliq yazirsizda

Şərhinizi yazın