Menu
Geri İrəli

Daha Sumqayıtda ağcaqanad olmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

Almanların Sumqayıtla bağlı faydalı təklifləri var

 

 Ötən həftə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri Sumqayıtda səfərdə oldular. Məlum olduğu kimi, Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri qardaşlaşmış şəhərlərdir. Şəhərimiz bu alman şəhəri ilə Almaniya-Qafqaz Əməkdaşlıq Şəbəkəsi çərçivəsində də sıx partniyorluğa malikdir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə bu vaxta qədər Sumqayıtda bir çox layihələr icra edilib: Alman dili Mərkəzi, Etimad telefonu, məktəblərdə ekoloji tərbiyə ilə bağlı təlimlər, su təsərrüfatı ilə bağlı tədbirlər bu cür layihələrdəndir.

İndi isə yeni və olduqca səmərəli bir layihə həyata vəsiqə qazanır. Söhbət şəhərimizin problemlərindən birinin həllindən – şəhərin ağcaqanadlardan təmizlənməsindən gedir.

Bu təşəbbüs necə yaranıb? Layihə hansı formada, nə vaxtdan icra olunacaq? Bu işdə almanların bizə köməyi nədən ibarət olacaq? Bütün bu və digər suallara Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Sumqayıtla bağlı layihələr üzrə koordinatoru Akif Kərimov cavab verəcək:

-          Son illər şəhərimizin rəhbərliyi və şəhər bələdiyyəsi tərəfindən Sumqayıtın sanitar vəziyyətinin yaxşılaşdırılması ilə bağlı vahid istiqamət müəyyənləşdirilib. Bu konsepsiya olduqca genişdir – kommunal baxımdan abadlaşdırma, bataqlıqların ya ləğv olunması, ya da lokallaşdırılması, beləliklə də onların zərərsizləşdirilməsi, məişət tullantılarının vaxtında daşınması, müəssisələrin ekoloji tələbləri yerinə yetirməsi və s.

Bizim almanlarla birlikdə ekoloji tərbiyə ilə bağlı tədbirlərimiz ötən illərdə həyata keçirdiyimiz ən mühüm layihələrdən biri idi. Ekoloji-sanitar problemlər içərisində biz ağcaqanad problemlərini də görürdük. Və Almaniyada keçirilən tədbirlərin birində bu məsələni qaldırdıq…

-          Ümumiyyətlə, bu layihələrin maliyyələşdirilməsi hansı mənbələr hesabına baş verir?

-          Bəzən məndən soruşurlar ki, almanlar filan işə nə qədər pul buraxdı. Qətiyyən arzulamadığım, xoşlamadığım sualdır. Almanlar bizim üçün metodoloji yardım göstərirlər, onların təcrübəsi bizim üçün faydalıdır. Almaniyadan gələn mütəxəssisinin yol və burda qalma xərclərinin hamısını Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ödəyir. Layihələrin icrası ilə bağlı bütün digər xərcləri isə şəhərimiz özü qarşılayır.

-          Bəs almanların son səfərinin məqsədi nə idi?

-          Ətraf mühitin sağlamlaşdırılması tədbirləri çərçivəsində bizim tərəfimizdən ağcaqanadlarla mübarizə ilə bağlı məsələ qaldırılmışdı. Biz ötən il Sumqayıtda bu layihələr çərçivəsində görülmüş işlər barədə Almaniyada hesabat verirdik. Eyni zamanda yeni təşəbbüslər nəzərdən keçirilirdi. Orada ağcaqanadlarla mübarizə məsələsini yenidən qaldırdım. Ancaq nədənsə ilk olaraq bu təşəbbüs soyuq qarşılandı. Fasilədən sonra mən yenidən çıxış etdim və dedim ki, indicə Sumqayıtla əlaqə saxladım, ordan mənə dedilər ki, burada ağcaqanadlar yığışıb, müşavirə keçirirlər və bizim bu tədbirlərimizin nəticəsini gözləyirlər. Mən onların alqış səslərini eşitmək istəmirəm. Bu sözü onlar gülüşlə qarşıladılar və qərara aldılar ki, bu tədbir də layihələr sırasına daxil edilsin.

Oradan qayıtdıqdan sonra şəhər icra hakimiyyəti və Bələdiyyə üçün hesabat hazırladım və beləliklə, tərəflər arasında bu mövzuda dialoq başlandı. Bu problemlə bağlı bizim mütəxəssislərin iştirakı ilə qarşı tərəfin suallarına cavablarımızı hazırlayıb onlara göndərdik. Nəhayət, ötən həftə Lüdviqshafendən bu sahə üzrə mütəxəssis olan Hayderberq universitetinin professoru Norbert Bekker şəhərimizdə səfərdə oldu. O, çox sıx qrafikdə işləyən bir şəxsdir, il ərzində 40-50 ölkədə olur, ancaq bununla belə biz onun səfərinə nail olduq. O, qeyd etdi ki, mən Sumqayıt-Lüdviqshafen münasibətləri barədə məlumatlıyam, əslində məni bura gətirən maddiyət deyil – onsuz da söhbət çox xırda vəsaitdən gedir, hesab edirəm ki, hər şeyi pula dəyişmək olmaz. Sumqayıtda onunla şəhər icra hakimiyyətində və Bələdiyyədə görüşlər keçirildi.

-          Hansı müzakirələr oldu və professor Norbert Bekker bizə konkret olaraq necə, hansı formada kömək edəcək?

-          Onun iştirakı ilə şəhərimizin müvafiq strukturlarının mütəxəssislərinin də qatıldığı seminar keçirildi. İlk olaraq iki istiqamət müəyyənləşdirilib. Birincisi, gölməçələr, bataqlıqlarla bağlı problemlərin həlli. Ikincisi isə zirzəmilərdəki problemlər. Professor dəniz kənarındakı bataqlıqlara, “Acı dərə” kanalına baxdı, onlardan müayinələr götürdü, ağcaqanadları tutaraq müəyyən müayinələrdən keçirdi. O, bildirdi ki, bu ağcaqanadlar 5-10 km aralıda hətta insan tərini belə hiss edir və uçub gəlir. Şəhərdəki binaların zirzəmilərindən müayinələr götürdü.

Onu da qeyd edim ki, bu layihə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı da məlumatlıdır və onlar da görüləcək işləri dəstəkləyir. ÜST-ün Azərbaycandakı nümayəndəliyinin Milli Proqram mütəxəssisi Elxan Qasımov da bizim seminarda iştirak etdi, eyni zamanda Azərbaycanda malyariya xəstəliyinə qarşı aparılmış mübarizə və əldə olunmuş nəticələrlə bağlı təqdimatla çıxış etdi. Əldə edilmiş nəticələr qonaqlarımız tərəfindən də yüksək qiymətləndirildi.

Seminarda qeyd olundu ki, ağcaqanadlara qarşı mübarizə kompleks tədbirlər tələb edir. Yəni təkcə zirzəmilərin təmizlənməsi problemi həll edə bilməz – bütün istiqamətlər üzrə işləmək, eyni zamanda təmizliyə riayət olunması üçün əhali arasında maarifləndirmə işləri aparmaq lazımdır. Və ya Sumqayıtda bu problemi deyək ki, həll etdik. Ancaq  tutaq ki, Abşeronda, Xızıda bataqlıq varsa, ağcaqanadlar gələcək axı. Buna görə də bu tədbirlər böyük bir coğrafi ərazini əhatə etməlidir. Seminar olduqca uğurlu alındı, peşəkar səviyyədə müzakirələr aparıldı. Həm cənab Bekker, həm də Lüdviqshafen şəhərinin ətraf mühitin mühafizəsi idarəsinin rəisi cənab Rithaler də seminardan eyni fikirlə ayrıldılar, bizim mütəxəssislərin səviyyəsini yüksək qiymətləndirdiklərini söylədilər.

Növbəti addım nədən ibarət idi? Onlar yeni sorğularını bizə göndərəcəklər. Yeni müayinələrin nəticələrini istəyəcəklər. Bütün metodoloji çalışmaları almanlar müəyyən edəcəklər. Daha sonra isə nəticələri təhlil edəcəklər və tədbirlər proqramını hazırlayacaqlar. Bu işə Sumqayıt Dövlət Universitetinin Ekologiya Kafedrası, universitetin tələbələri də cəlb olunacaqlar. Eyni zamanda Səhiyyə Şöbəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Profilaktik-Dizinfeksiya Stansiyası da bu təhlil işlərində iştirak edəcəklər. Daha sonra görüləcək işlər üçün bir struktur müəyyənləşdiriləcək, idarəetmə strukturu.

-          Almaniyanın özündə ağcaqanad yoxdur?

-          Əlbəttə, var. Olmasaydı, onlarda bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər olmazdı. Xüsusilə, 80-ci illərə qədər bu, Almaniyada ciddi problem olub.

-          Bəs bu layihənin müddəti bitdikdən sonra bu istiqamətdə tədbirlərin davamı olacaqmı?

-          Əlbəttə. Bizim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə bu vaxta qədər başladığımız bütün layihələr davam edir.

-          Bu layihənin maliyyə tutumu hesablanıbmı?

-          Ümumilikdə, tədbirlər planı hələ müəyyən edilmədiyindən büdcə məlum deyil. Ancaq cənab Bekker binalardan birinin zirzəmisinə baxarkən dedi ki, buranın ağcaqanadlardan təmizlənməsi üçün cəmi 10 avro kifayət edər. 1200 kvadratmetr ərazini 6 aylıq təmizləmək üçün bu qədər dərman bəs edir. Doğrudur, bu, lokal həll yoludur. Ancaq bu da işin bir hissəsidir.

      Istənilən halda, bizdə də, tərəfdaşlarımızda da problemin həllinə dair yüksək inam, iradə və imkan var.

 Söhbətləşdilər: Vüsal, Elşən, “168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın