Menu
Geri İrəli

DİN Sumqayıtla bağlı açıqlama verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2011 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

Ehsan Zahidov: “Polis idarəsi üçün binanın tikiləcəyi ərazidəki ağaclar mütəxəssislərin iştirakı ilə başqa yerə köçürüləcək”

“Yeni Müsavat”ın ötən sayında “Sumqayıtlılara göndərilmiş bəla – Eldar Əzizov” başlıqlı yazı dərc olunmuşdu. Yazıda E.Əzizovun Sumqayıtın icra başçısı təyin olunduqdan sonra şəhərdə sahibkarlara divan tutması haqda söhbət açılır. Həmçinin yaşıllıqların məhv edilməsindən də bəhs edilir. Şikayət əsasında hazırlanmış yazıda yerli sakinlərə istinadən bildirilir ki, şəhərin Nizami küçəsindəki teatrın arxasındakı parkın böyük bir ərazisi hasara alınıb. Sakinlər iddia edirlər ki, orada polis idarəsi üçün bina tikilir. Guya bu məqsədlə də 100-ə qədər ağac məhv edilib.

Dünən DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov redaksiya ilə əlaqə saxlayıb yazılanların həqiqətə uyğun olmadığını bildirdi: “Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirən ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və bu sahədəki problemlərin həlli istiqamətində görülən tədbirləri daha da sürətləndirdi.
Dövlət başçısının təşəbbüsünün reallaşdırılmasına ötən ilin sonlarından start verilmiş, bu vacib tədbirə dövlət orqanları da qoşularaq, Abşeron yarımadasının yaşıllaşdırılması, ekoloji tarazlığın qorunması üçün əməli addımlar atmışlar. Respublikanın daxili işlər orqanları da öz növbəsində bu gərəkli və nəcib təşəbbüsü alqışlayaraq ötən il ölkəmizin iqliminə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, Azərbaycan təbiətini uyğun gələn əksəriyyəti Eldar şamı olmaqla 30 min ədəd müxtəlif növ ağac əkmişlər. Gələcək nəsillər üçün sağlam mühitin qorunması, paytaxtımızın daha da gözəlləşməsi üçün belə zəruri tədbirləri davam etdirən Azərbaycan polisi bu il daha 7 min ağac əkməyi planlaşdırır”.
E.Zahidov dedi ki, “Yeni Müsavat” qəzetinin dünənki sayında anonim şikayət əsasında hazırlanmış “İcra başçısının “yaşıl terroru” davam edir: “100-dən çox ağacı məhv edib yerində polis idarəsi tikirlər” sərlövhəli məqalədə yeni tikiləcək Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binası üçün ayrılmış ərazidəki ağacların guya məhv edilməsi və ya buna hazırlıq görülməsi barədə yazılanlar tamamilə və birmənalı olaraq əsassızdır. Bu, kimlərinsə qərəzli şəkildə uydurub mətbuata ötürdüyü ağ yalandır. Bu məsələdə əsl həqiqət və reallıq ondan ibarətdir ki, Şəhər Polis İdarəsi üçün yeni inzibati binanın tikiləcəyi ərazidəki ağaclar mütəxəssislərin iştirakı ilə aqrotexniki tələblərə tam uyğun şəkildə çıxarılaraq Sumqayıtın yaşıllığa ehtiyacı olan ərazilərinə, park və xiyabanlarına köçürüləcəkdir. Onu da bildirim ki, ötən ilin son aylarından başlayaraq bu günə qədər Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti şəhərin yaşıllığa ehtiyacı olan ərazisində 320 ədəd müxtəlif növ ağaclar əkiblər. Və bu yaxın günlərdə də daha 200 ədəd ağac əkməyə hazırlaşırlar.
Bir sözlə, ölkəmizdəki mövcud ictimai asayişi və təhlükəsizliyi təmin edən polis əməkdaşları, həm də ətraf mühitin mühafizəsində də fəal iştirak edirlər”. Mənbə: “Yeni Müsavat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın