Menu
Geri İrəli

Eks-spiker Rəsul Quliyev: “Onların müxalifət olduğunu ancaq fala baxmaqla müəyyənləşdirmək olar”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2013 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

 resulEks-spiker  Rəsul Quliyevin “Qafqazinfo”ya müsahibəsi:

 - Rəsul bəy, hiss olunur ki, siz bir neçə ildir ki, konkret mövqə ortaya qoya bilmirsiniz. Məsələn, siz Milli Şuranın üzvü oldunuz, sonradan isə burdan çıxmaq istədiniz. Hətta çıxıb-çıxmamaqla bağlı tərəddüdləriniz də oldu. Bunları necə qiymətləndirirsiniz?

- Sual diletant səviyyəsindədir. Hansısa bir təşkilatda olmaq, oradan çıxmaq, yeni bir təşkilat yaratmaq mövqe deyildir. Mövqe insanın qlobal olaraq nə istədiyini əks etdirən məfhumdur. Mən əksinə, mövqeyimi dəyişməməyimlə fərqlənirəm. Bilirsiniz ki, kifayət qədər uzun həyat yolum var. Sovet ittifaqının durğunluq və perestroykası dövründə onu hərəkətə gətirən vintlərdən birinin başında dayanmışam. Müstəqil Azərbaycanda həlledici fiqurlardan biri olmuşam. 1987-ci il Sovet və Azərbaycan televiziyalarına verdiyim ilk intervyulardan həm siyasətdə, həmdə iqtisadiyatda rəqabət olmadan inkişafın qeyri-mümkün olduğu mövqeyimi, yazdığım əsərlərdə, etdiyim çıxışlarda konkret misallarla, dünya praktikasına söykənərək təkrar- təkrar (bəlkədə bu dəyişilməz mövqeyimi dəstəkləmək üçün 1000 səhifəlik yazılar həsr olunub.) izah etmişəm. Parlamentin sədri işlədiyim dövrlərdə həm parlamentin, həm də prezidentin yanında olan iclaslarda bu dəyişilməz pozisiyam azı 15 saatlıq çıxışlarla geniş kütlələrə çatdırılıb. Dəyişməz mövqeyin ikinci bəndi Azərbaycan xalqının aktiv iştirakı olmadan heç bir istər super, istərsə də kiçik dövlət ölkə daxilində vəziyyəti dəyişə bilməz. Mən heç vaxt ABŞ və ya Avropa təşkilatlarının gücüylə ölkədə demokratik rejim yaranacaq kimi əbləh fikirlər söyləməmişəm. Mövqeyin 3-cü istiqaməti isə bu hökümət istəsə də, istəməsə də əvvəl-axır demokratiya qələbə çalacaq, çünki tarixin fırlanan təkərini saxlamaq mümkün deyildir. Bu dəyişilməz mövqeyi yerinə yetirmək üçün müxtəlif vasitələrə, variantlara əl atırsan, daha doğrusu atmalısan. Mövqeyinin həyata keçməsi üçün müxtəlif və dəyişən variantlar axtarmayan insanlar evində oturub bozbaşını yeyib “Allaha şükür” desə, xalqına daha çox xidmət etmiş olar.

- Milli Şuradan çıxacaqdınızsa, niyə üzv olurdunuz?

- Milli Şuranın yaranmasının axırıncı fazasında aktiv iştirakım olub. O MŞ yaradılanda artıq hamı ölkədə demokratik seçki şəraitinin yaradılmadığını bilirdi və heç bir qələbəyə də ümid etmirdi. MŞ yeganə bir məqsədlə yarandı, hər halda mən o MŞ-ya o məqsədə nail olmaq üçün daxil oldum. Məqsəd MŞ-nı dünyaya Müxalifət İttifaqı kimi təqdim etmək və seçkidə vahid namizədlə daha doğrusu Rüstəm İbrahimbəyovun namizədliyi ilə iştirak etməyi bəyan etmək idi. Saxtalaşdırılmış seçkidən sonra hökümətə beynəlxalq təzyiqin artmasına və növbəti parlament seçkilərinin azad keçirilməsinə nail olmaq əsas məqsəd idi. Hər halda mənim üçün.

- Milli Şuranın təmsil olunduğu demokratik düşərgənin uğur qazanacağına əvvəlcədən inamınız var idimi? Sizin də inamınız mənəvi qələbənin əldə olunması ilə bağlı idi?

- Bir daha təkrar edirəm, seçkidə qələbə çalmaqdan söhbət gedə bilməzdi, bu şans artıq 2012-ci ilin axırına qədər əldən çıxmışdı. MŞ bu məqsədlərini dünyaya çatdıra bildi. Hətta ABŞ konqresmələri İbrahimbəyovu seçkilərə buraxmaq barədə prezidentdən razılıq da aldı. İbrahimbəyovun RF vətəndaşı olması heç bir şey demək deyildi. Təəssüf ki, MŞ-nın indiki liderləri kimlərləsə məsləhətləşəndən sonra yeni vahid namizəd irəli sürdülər və bununlada beynəlxalq aləmdə MŞ-nın üzərindən xətt çəkdilər.

- İnam yox idisə, niyə onlarla bərabər oldunuz?

- MŞ dediyim dəyişməyən mövqeyimi yerinə yetirmək üçün vasitə ola bilmədi. O MŞ-dan çıxmağa mənim nə vaxt tərəddüd etdiyim yadıma gəlmir. Mən sadəcə olaraq 20 ildir müxalifətçilik edən liderləri, həyatlarında heç olmazsa bir dəfə uğursuzluqlarının səbəblərini müzakirə etməyə təhrik etmək istəyirdim, o da alınmadı. Bu birinci dəfə deyil və mənim bu addımlarımı dəyişən mövqe kimi təqdim etmək cəhdləri səngimir. Hətta bir müddət əvvəllər mənim bütün prezidentlərlə işləməyimi irad tutanlarda var idi. Belə nəticə çıxartmaq lazımdır ki, müxalifət hesab edilmək üçün gərək heç bir işlə məşğul olmayasan, hərdən bir azadlıq qışqırıb tufeyli həyat sürəsən. Öz həyat mövqelərini həyata keçirmək üçün Çörçill, Reyqan, iki dəfə bir- birilə zidddiyətli daxili və xarici siyasəti olan partiyalarını dəyişiblər. Adenauerun vasitə və variantları dəyişməsinin sayı-hesabı yoxdur. Əgər müxalifətçiliyi özünə peşə seçmisənsə, istənilən bir qurumda ömrünün axırına qədər oturacaqsan. Əgər məqsədin ölkədə demokratiyaya nail olmaqdırsa, bu artıq peşə deyildir, mövqedir, qələbə çalana qədər cəhdlərinin müxtəlif variantlar və vasitələrlə baş verməsi təbiidir. Çox təəssüf edirəm ki, Azərbaycanda belə elementar anlayışları başa düşənlərin sayı azdır. Məğlubiyyətlərimizin səbəbinidə elə bunda axtarmaq lazımdır.

- Siz necə hesab edirsiniz, az qala 20 ildir səsləndirilən qarşılıqlı ittihamlar müxalifətin uğur əldə etməsində maneədirmi?

- Bu proses həyatda tez-tez rast gəlinən prosesdir, mənbəyi də uğursuzluqdan doğur. Əlindən heç bir şey gəlməyən bir partiyanın əlindən heç bir şey gəlməyən o biri partiyanı ittiham etməsi artıq milli idealogiyaya çevrilib. Bir azda belə davam etsə, sübut olunacaq ki, azərbaycanlıların gen kodunda belə bir xarakter var. Niyə heç bir yerdə məsələn, 9 oktyabr uğursuzluğunu müzakirə etmirlər, heç vaxtda etməyəcəklər. Belə bir müzakirə açılsa, o iki partiya sözün əsl mənasında iclasda bir-birlərini qıracaqlar. Belə hərəkətlər onların ənənəvi özlərini aparmaq keyfiyyətidir. 1992-93-cü illərdə hətta prezidentin kabinetində bir-birlərinin başına külqabı tullamaq adəti hələ də beyinlərində qalıb. Mən heç vaxt qarşıma kimisə ittiham etmək məqsədini qoymuram, sadəcə olaraq hadisələrin obyektiv qiymətini verirəm. Sabirin sözü olmasın, bu aynada özünü əyri görürsənsə, aynanın nə günahı var?

- Sizcə, bu cür ittihamlarda zərər çəkmiş tərəf kimlərdir?

- Azərbaycan xalqı.

- Zərərəçəkən tərəfin  xalq olduğunu bildirirsiniz. Sizcə, xalqın ictimai-siyasi prosəslərə biganə yanaşmağının kökündə nə dayanır?

- Bilirsiniz, Azərbaycanın bu gününü anlamaq üçün ən azı son 100 illik tarixinə nəzər salmaq lazımdır. Azərbaycan birinci dəfə 1918-ci ilin mayında xaricdə özünün müstəqilliyini elan edib və dövlətini qurub. Müstəqil Azərbaycanın ömrünü 4 ay Türkiyə və 16 ay İngiltərə uzada bilib. Azərbaycan Qafqazda birinci müstəqilliyini itirən ölkədir. Azərbaycanda öz müstəqilliyini qorumaq uğrunda bir adamda mübarizə aparmayıb. Bir adamın da burnu qanamayıb. Ermənistan müstəqilliyini (baxmayaraq ki, özünün torpaqları yox idi) 6 ay sonra vuruş- vuruşa minlərlə adam qurban verməklə itirib. Gürcüstan isə bir ildən sonra bir neçə ay bolşeviklərlə qanlı müharibə nəticəsində, 10 minə yaxın adam itirməklə müstəqilliyini itirib. Ondan sonrakı hadisələrin inkişafı məsələn, Azərbaycanın rəhbəri 8 ilə yaxın erməni Mirzoyan olub. Yəni Mirzoyan ondan 7 il qabaq azərbaycanlıları kütləvi qətlə yetirən (təqribən 40 minə yaxın azərbaycanlı qırılıb) Şaumyanın sələfi rolunu oynayıb. Məgər bolşeviklər belə bir işi Gürcüstanda görə bilərdilərmi, heç vaxt. Həmin o Mirzoyanı gürcülər bir neçə günə qətlə yetirərdilər. Azərbaycanın sonrakı tarixi göstərir ki, kütlə azadlıqdan çox diktatorluğa meyillidir. Belə xarakterli xalqlar var, məsələn, ruslar və ya Asiya ölkələri (Çin,Koreya və sairə). 1988-90-cı illərdə ayağa qalxmış qəhrəman Azərbaycan xalqı nağıllarını danışmağın mənası yoxdur. Birincisi, həmişəki kimi Azərbaycan xalqı öz qonşularından sonra ayağa qalxırdı, ikincisi 1990-cı il qırğınından sonra daha bir dəfə də ayağa qalxmadı. Bu mentalitetli xalqların inkişafının açarı hökümətin başında duranlar və azsaylı intlektuallarının əlindədir. Belə ölkələrdə revolyusiya aşağıdan yox, yuxarıdan baş verir. Bu tip ölkələrdə aşağıdan baş verən çaxnaşma xaosdur, onlar isə demokratiya yox, ədalətli padşah axtaracaqlar. Azərbaycanın daxilində heç bir fundamentə söykənməyən müxalifətdaxili intriqa və hökümət daxili intriqanın olmaması xalqın ziyanına işləyir, onun deqradasiya olmasını sürətləndirir.

- Niyə sizi müxalifəti parçalayan qüvvə hesab edirlər? Və hadisələrə okenanın o yanından baxıb asanca qiymətləndirmənizi, ittiham etdiyinizi söyləyirlər…

- Kimisə nəyisə parçalamaqda ittiham etmək üçün gərək o predmetin mövcudluğu sübut edilə. Mən istəyirəm biləm kimlərdir o müxalifət kriteriyasına uyğun gələn komandalar və onları mən necə parçalayıram. MŞ-nın axırıncı sessiyasına diqqət yetirək. Mənim o iclasda müəyyən bir rolumun olduğunu iddia edən tapılmamalıdır. İndi deyin görək, o sessiya hansı birliyi göstərirdi ki, mənim kimi bir xalqı sevməyən tapılsın və müxalifəti parçalasın. Ümumiyyətlə, o iclasda iştirak edənlərin müxalifət olduğu necə sübut edilə bilər? Hökümətin siyasəti ilə əlaqədar heç bir analiz və onun qarşısını almaq üçün heç bir təklif irəli sürülmədi. Onların müxalifət olduğunu ancaq fala baxmaqla müəyyənləşdirmək olar. Məgər MŞ-ya sədr seçmək və ya sovet dövründən qalmış fəxri sədr seçmək müxalifətçiliyin kriteriyasıdır?

- Bundan sonra mübarizənizi hansı şəkildə davam etdirəcəksiniz?

- 20 ildir hökümət , 2 partiyanın (AXCP və Müsavat) bazasında özü üçün psevdomüxalifət formalaşdırıb. Dolanışıqlarına, hətta cangüdən saxlamaqlarına şərait yaradıb. Üstəlik rupor kimi 2 qəzet “bəxş’’ edib. Hökümətin bu 20 illik proyektində iştirak etmək niyyətim yoxdur. Yaxın iki ildə bu qüvvələr MŞ bayrağı altında fəaliyyət göstərəcəklər. Mitinq keçirmək imitasiyaları edəcəklər. Yeni bir əsər yoxdur, köhnə ssenarini köhnə artistlərlə oynayıb müxalifət imici yaratmağa cəhd edəcəklər. Elə əsərlər var, məsələn, Aqata Kristinin əsəri 100 ildir London teatr səhnəsində oynanılır. Ancaq kiçik bir fərq var. Hər beş ildən bir rejissor dəyişir. Bizdə onu gözləmək lazım gəlmir, xalqımız köhnə tamaşalara baxmağa öyrəncəlidir. Mənim mübarizəm ancaq yeni yaranacaq qüvvələri dəstəkləmək şəkilində həyata keçiriləcək. Onuda bu dəqiqə konkretləşdirmək mümkün deyildir.

- Lideri olduğunuz partiyada son vəziyyəti necə dəyərləndirirsiniz?

- Partiyada vəziyyət həkim dilində desək, o biri partiyalardakı kimi stabil ağırdır. Düşünürəm ki, bu partiya o biri partiyalardan daha tez bu vəziyyətdən çıxa biləcək.

- Niyə düşünürsünüz ki, ACP daha tez vəziyyətdən çıxacaq?

- Ona görə ki bu partiyanı o biri partiyalar kimi ətalət kifi basmayıb, hər halda müəyyən yeni insanlar bu və bu qəbildən olan yeni qurumlara üz tutacaqlar.

- Bu sual dəfələrlə sizə verilib. Yaxın zaman üçün ölkəyə qayıtmaqla bağlı planlarımız varmı?

- Həmişəki kimi bilmirəm. Çünki bu məndən asılı deyildir.

- Belə görünür ki, siz ümumiyyətlə ölkəyə qayıtmayacaqsız…

- Hökümətin mənim Azərbaycana dönməyimdən yarana biləcək vəziyyətdən qorxusu 17 il keçməsinə baxmayaraq azalmayıb. Ona görə də bütün resurslarını mənim qayıtmağımın qarşısını almağa yönəldir. Belə bir şəraitdə dönməyim barədə konkret fikir söyləmək qeyri-səmimi olar.

- Hakimiyyətin son günlər iqtisadi sahədə verdiyi qərarlara münasibətiniz aydındır. Benzinin qiymətinin qalxması, bununla bərabər digər kommunal tariflərin də qiymətinin artması gözlənilir. İqtidarın əsaslandırmalarını necə qiymətləndirirsiniz? Ölkədə sosial partlayışlar ola bilərmi?

- Neft məhsullarının qiymətinin artırılması gözlənilən idi. O biri sahələrdə qiymətlərin artması sosial partlayışa səbəb ola bilər, ancaq baxır hansı malların, hansı xidmətlərin hansı səviyyədə qiymətlərinin artmasından. Məsələn, tutaq ki, çörək iki dəfə bahalaşsa, sosial partlayış olacaq. Məsələ ondadır ki, hökümətin bu qiymətlərin çox yavaş qalxmasını təmin etmək üçün kifayət qədər imkanları var. Bu asılıdır imkanlardan istifadə etməyə ağılları və siyasi iradələri çatacaq, ya yox. Məsələn, istənilən bir məhsulu pomidoru götürək. Onun qiymətinin formalaşması tək neft məhsullarından asılı deyildir. Daha doğrusu, Azərbaycan şəraitində cəmi 5 faizi neft məhsullarından asılıdır. Məsələn, 1 ton pomidor yetişdirmək üçün müəyyən materiallar, kübrə, su və. s şeylər lazımdır. Məhsul hazır olandan sonra onlarla arayışlar məsələn, bu məhsul həqiqətən sənindir, keyfiyyəti normaya uyğundur və sair almalısan və onların hər birini almaq üçün rüşvət verirsən. Ondan başqa polisə, prokurora, yanğısöndürənə və başqa kimlərəsə rüşvət verməlisən Məsələn, 1 kq pomidor məsələn kəndçiyə 5 qəpiyə başa gəlirsə, bütün bu rüşvətləri üstünə gələndə çevrilib olur 30 qəpik. Üstünə gəl bahalaşmış neft məhsulları olur 35 qəpik. Bu 35 qəpiyin ancaq beş qəpiyi neftin bahalaşmasının payına düşür. Hökümət həmin bu pomidorun satışa çıxarılması prosesində həmin rüşvətlərin qarşısını alsa, onun qiyməti nəinki dəyişməz, hətta aşağıda düşə bilər. Ancaq bu işləri görmək üçün ağıl və siyasi iradə lazımdır. Bunlarda bir günün içində formalaşan keyfiyyətlər deyillər. Günel Türksoy

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın