Menu
Geri İrəli

Eldar Əzizov: “Sosial şəbəkədəki bir qrup insanın fikirləri hələ bütün cəmiyyətin fikirləri demək deyil”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2013 • Baxış sayı: 614 dəfə • 3 şərh
Share Button

Sumqayıtın icra başçısı Eldar Əzizovun Press24.az-a esklüziv müsahibəsi
- Eldar müəllim, Quba və İsmayıllı hadisələrinin Sumqayıtda təkrar olunma ehtimalı varmı?
- Həm Qubada, həm də İsmayıllıdakı hadisə konkret hərəkətlərə görə baş vermişdir və siyasi xarakter daşımırdı. Belə hallar bütün dünyada baş verir, Sovet dövründə də olub. O ki, qaldı Sumqayıta hazırda bu gün belə hadisələrin baş verməsi üçün heç bir əsas yoxdur.- Başçı seçki yolu ilə müəyyənləşsəydi, mer olmaq şansınızı necə qiymətləndirərdiniz?
- Bu sualı əhaliyə vermək daha düzgün olardı. Şəxsən mən bu haqda heç vaxt düşünməmişəm və mənim tərəfimdən hər hansı birmənalı cavab qeyri-ciddi görünər.- Şəxsən siz prezidentin keçirdiyi son müşavirədəki çıxışı zamanı özünüz üçün nə nəticə çıxartdınız?
- Cənab prezident həmişə olduğu kimi bu dəfə də Azərbaycanın inkişaf perspektivlərini elmi cəhətdən əsaslandıran çox geniş nitq söylədi. Cənab İlham Əliyev inamla dövlətimizi və onun əsasını təşkil edən iqtisadiyyatımızı inkişaf etdirir. Bunu biz Sumqayıtın timsalında da görürük. Dövlət başçısı həmin toplantıda Azərbaycanın sürətli inkişafına mane ola biləcək nöqsan və problemləri də göstərdi. Çıxartdığım nəticələrdən biri bu oldu ki, məmurlar arasında neqativ hallara və korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmək lazımdır.

- Prezidentin həmin çıxışından sonra özünüzün, övladlarınızın həyat tərzində hansısa «korrektə»yə əl atacaqsınızmı?
- Övladlarım artıq özləri valideyndir, öz uşaqlarını tərbiyə edirlər. Olduqca təvazökardırlar. Bu, təkcə mənim fikrim deyil. Onların çalışdıqları kollektivlərdən də həmişə xoş sözlər eşidirəm. Hər biri mütaliəyə, idmanla məşğul olmağa, bir sözlə, sağlam və düzgün həyat tərzi keçirməyə üstünlk verir. Övladlarımın hərəsi bir neçə xarici dil bilir. Bir ata kimi onlardan çox razıyam. Mənim üçün də, uşaqlarım üçün də mənəvi dəyərlər hər cür maddiyyatdan üstündür.

Vaxtaşırı bəzi mətbu orqanlarıda Sumqayıtdakı söküntü-tikinti işlərindən bəhs olunur. İlk olaraq «söküntü» sözünü təsadüfən işlətmədim…
- Bizdə söküntü kütləvi xarakter daşımır. Söküntüdən söküntüyə fərq var. O obyektlər ki, qanunsuz tikilib, primitiv görünüşü ilə şəhərin memarlıq üslubuna xələl gətirir, onlar məhkəmə qərarı ilə sökülə bilər. O ki, qaldı vaxtaşırı bəzi mətbu orqanlarında Sumqayıtdakı söküntü işlərindən bəhs edən materillara, belə yazıları bir-iki adam sifariş edir. Bəzən görürsən ki, kiməsə 80 kv.m. yer ayrılıb, o da gedib hektar yarım, yaxud da 2 hektar ərazini zəbt edir. Təbii ki, belə hallara qarşı mübarizə aparılmalıdır.

- Bakı metropoliteninin rəisi Tağı Əhmədov Press24.az-a müsahibəsində söyləmişdi ki, ölkədə yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmalıdır. Bu məsələ ilə bağlı sizin fikrinizi bilmək maraqlı olardı.
- Mən onun bu fikirləri ilə tanış deyiləm. Amma Tağı müəllimi şəxsən tanıyan bir adam kimi düşünürəm ki, o hər hansı konkret məsələ haqqında danışıb və ya başqa nəyisə nəzərdə tutub. Fikrimcə, yalnız təcrid olunmuş adada yaşayan “papuaslar” 100% təmizqanlı ola bilərlər. Belə bir elmi anlayış var – etnogenez. Etnogenez nəticəsində xalqlar bir-birinə qarışır, qarşılıqlı zənginləşir və nəticədə yeni xalqlar yaranır. Bu, çoxəsrlik bir prosesdir. Bizim ərazidə də belə olub. Müxtəlif dillərdə danışan albanlar olub, sonra ərəblər, monqollar gəliblər. Uzun sürən prosesin nəticəsi olaraq vahid xalq yaranıb. Azərbaycan çoxmillətli ölkədir. Burada yaşayan bütün insanlara konstitusiyası ilə bərabər hüquqlar verilir. Başqa bir məsələ bu gün bizim təbii düşmənimiz olan Ermənistan dövləti. Hesab edirəm ki, millətlərarası münasibətlər və etnogenez məsələləri daha çox peşəkar siyasətçilərin və elm adamlarının mövzusudur.

- Ordu ətrafında gedən söhbətlərə və əsgər ölümləri ilə bağlı mitinq cəhdlərinə münasibətiniz necədir?
- Çox pis. Ordu dövlətin dayaqlarından biridir. Bizim 20 faiz torpaqlarımız işğal altındadır. Elə məsələlər var ki, onu beynəlxalq müzakirəyə çıxartmaq olmaz. Dünyada elə bir ordu yoxdur ki, orada hər şey ideal olsun. Amerika Birləşmiş Ştatlarının ordusunun 200 yaşı var, Rusiyanın ordusunun yaşı yüzilliklərlə ölçülür. Məgər bu ordularda problemlər yoxdur? İnternet saytlarına baxmaq kifayətdir ki, oradakı neqativ hallar haqqında kifayət qədər məlumat alasan. Bizim ordumuzun 20 yaşı var. Azərbaycan ordusu inqilabdan əvvəl çox qısa bir müddətdə mövcud olub. Təbii ki, orduda müəyyən problemlər ola bilər.

Son illər ərzində cənab prezidentin siyasəti, Müdafiə Nazirliyinin səyləri nəticəsində ordumuz çox qüvvətlənib. Bu gün Azərbaycan ordusunda mövcud olan aviasiya, zirehli texnika, raket qurğuları ən müasir tələblərə cavab verir. Sonuncu hərbi parad bunu bird aha sübut etdi. Əgər bir qrup gənc «Ya Qarabağ, ya ölüm» şüarı ilə yığışsaydı, bunu başa düşərdim. Amma ordudadkı müsbət dəyişiklikləri görməmək, yalnız problemləri qabartmaq başadüşülən deyil.

- Sizcə sosial şəbəkələrdə fəallığın artması və buradakı müəyyən əhvali-ruhiyyə nə ilə əlaqədardır?
- Sosial şəbəkədəki bir qrup insanın əhvali- ruhiyyəsi və ya fikirləri hələ bütün cəmiyyətin əhvali-ruhiyyəsi və ya fikirləri demək deyil. Ola bilər ki, kimsə dini radikalizm ideyalarının tərəfdarıdır, kimsə dünyəvi dövlət… Hər hansı bir qrupun tələbi xalqın fikri demək deyil. Digər tərəfdən, əgər bu gün müəyyən hadisələr baş verirsə, deməli, bu, kiməsə lazımdır. Bir məqamı qəbul etmək lazımdır – bu gün prezidentin apardığı siyasət nəticəsində Azərbaycan post-sovet məkanındakı qonşularımızdan fərqli olaraq, sözün əsl mənasında müstəqil dövlət kimi çıxış edir, inkişaf edir və güclənir. Bu da müəyyən qüvvələri qane etmir. Təəssüf ki, bizim özümüzdən başqa güclü Azərbaycan heç kəsə lazım deyil. Ona görə də cəmiyyətimizdəki vəziyyətə sosial şəbəkələr vasitəsilə və digər vasitələrlə təsir cəhdləri həmişə olacaq.

- İnsanların yaşayış səviyyəsi, o cümlədən də gənclər arasında işsizlik problemi haqda nə deyə bilərsiniz?
- Birmənalı söyləyə bilərəm ki, insanlar bu gün dünənkindən daha yaxşı yaşayır. Azərbaycan dövlətinin inkişaf perspektivləri barədə konkret konseptual baxış mövcuddur. Cənab İlham Əliyev bu gün çox nadir dövlət başçılarındandır ki, 3 aydan bir xalq qarşısında çıxış edir, əldə edilən nailiyyətləri və gələcək inkişaf strategiyasını təqdim edir. Amma unutmamalıyıq ki, biz də dünyanın tərkib hissəsiyik və dünyada baş verən proseslər bu və ya digər dərəcədə bizə də təsir göstərir. Dünyada insanların sayı artır, təbii ehtiyatlar isə getdikcə azalır. Dünyanın maliyyə kredit sistemi köhnəlib. Avropa ölkələri artıq uzun müddətdir ki, iqtisadi böhrandan çıxa bilmirlər. Bu gün İspaniyada hər iki gəncdən biri işsizdir. İtaliyada işsizlərin sayı 40 faizə çatır. Mən hələ Portuqaliya və Yunanınstan haqqında danışmıram. Məğribdən Pakistana, Əfqanıstana qədər olan ölkələr ciddi siyasi böhran keçirirlər. Bütün bu proseslərin fonunda o qədər də böyük olmayan Azərbaycanda həmin problemlər çox da hiss olunmur. Hələ nəzərə alsaq ki, 20 ildən bir az artıq müddətdir ki, biz bir siyasi sistemdən digərinə keçmişik, iyirmi faiz torpaqlarımız işğal altındadır, 1 milyondan artıq qaçqın və köçkünümüz var, onda bugünkü nailiyyətlərin əhəmiyyəti daha da artmış olar. Elə ölkələr var ki, adambaşına düşən neft və qaz ehtiyatları bizdəkindən çoxdur. Amma biz bu ölkələrdə nə şəhərsalma sahəsində, nə iqtisadiyyatda, nə regionların inkişafında özümüzdəki nailiyyətləri görə bilmərik. Bu uğurlar elə-belə əldə edilmir. Bütün bu nailiyyətlər tarixi xarakterlidir və cənab İlham Əliyevin intelektinin, yüksək peşəkarlığının nəticəsi kimi qəbul olunmalıdır.

- Novruz bayramı yaxınlaşır. Bu il də böyük paxlava olacaqmı, sakinlər paxlavanı gözləyirmi?
- Bu paxlava hər il Gəncədən, Türkiyədən və Sumqayıtdan olan eyni bir qrup iş adamının təşəbbüsü ilə hazırlanır. Burada heç bir dövlət resursundan istifadə olunmur. Onlar bu il də belə bir təşəbbüslə çıxış ediblər. Novruz bayramında paxlavanın ətrafına, burada təşkil olunan bayram şənliklərinə 10 minlərlə adam toplaşır. Onlar əylənirlər, paxlavanın dadına baxırlar. Bu tədbir zamanı əlində paxlava olan minlərlə adamı görə bilərsiniz. İnsanlarda xoş əhvali-ruhiyyə yaranır. Belə tədbirlər insanları bir-birinə daha da yaxınlaşdırır, şəhərlərinə məhəbbət hissini daha da yüksəldir. Bilirsiniz, şəhərin kreativ şəhər kimi çıxış etməsi üçün belə maraqlı tədbirlər mütləq olmalıdır. İspaniyada hər il tomatina deyilən məşhur pomidor döyüşü, Brazilyanın Rio-de-Janeyro şəhərində məhşur karnaval keçirilir, İtaliyada dünyanın ən böyük pizzası hazırlanır. Belə tədbirlərə çoxsaylı turistlər gəlir. Bu cür mərasimlər şəhəri dünyaya daha da tanıdır.

Yaşar, Press24.az

Facebook Şərhləndirmə:
Share Button

“Eldar Əzizov: “Sosial şəbəkədəki bir qrup insanın fikirləri hələ bütün cəmiyyətin fikirləri demək deyil”” yazısına 3 cavab

  1. Elmir deyir:

    Pulsuz paxlava – qardaş nə istəyirsiz, çay, şirniyyat, konsert hamısı bir yerdə ləzzətli atmosfer yaranır.

  2. Ramin deyir:

    Bir söznən yeyib işmək olajağ.

  3. Fariz deyir:

    Bir şeyi qeyd etmək istərdim ki. ən azından bu cür tədbirlər Sumqayıtı daha da məşhurlaşdırır. Kim nə deyir desin.

Şərhinizi yazın