Menu
Geri İrəli

Eldar Əzizov necə işləyir: yaxşı, yoxsa pis?

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2015 • Baxış sayı: 1,430 dəfə • 5 şərh

 

eldar ezizovAzVision.az yeni layihəyə başlayır. “İcra başçıları necə işləyir?” adlanan layihə çərçivəsində Azərbaycanın şəhər və rayonlarında söz sahibi olan icra başçılarının fəaliyyətindən bəhs edəcəyik. Ölkə başçısının etimad göstərdiyi icra başçılarının fəaliyyətinə, gördükləri işlərə, yol verdikləri nöqsanlara həmin bölgədən olan tanınmışlar qiymət verəcəklər.

Layihəmizin ilk “qonağ”ı Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovdur. İlk öncə Eldar Əzizovun tərcümeyi-halına nəzər salaq:

-Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində işləyib. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı olub.

1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyb.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

E.Əzizov 28 iyun 2000-ci ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, 2003-cü ildə həmin vəzifədən azad edilərək, Gəncə şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib. 2011-ci ildə bu vəzifəsində də azad edilən E.Əzizov ölkə başçısının sərəncamı ilə Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Sumqayıtdan olan məşhurlar Eldar Əzizovun işindən razıdırlar, yoxsa narazı?

Tanınmış skripka ifaçısı Maestro Ceyhun işləri ilə əlaqədar hazırda Sumqayıtda yaşamasa da, tez-tez şəhərə gedib, orada yaşayan yaxınları ilə əlaqə saxladığını deyir.

O, Eldar Əzizovdan narazı olmadığını qeyd edir:

“Şəhərimizin 65 yaşı tamam olub. Sumqayıtda həmişə böyük sənaye, zəhmətkeşlər və gənclər şəhəri olub. Gəncə necə gözəlləşibsə, eləcə də Sumqayıt günü-gündən inkişaf edir .Doğma şəhərimin coğrafi relyefi digər şəhərlərə nisbətən daha maraqlıdır. Dənizin qırağı , genişlik, yaşıllıqlar, ağaclar, çox əlverişlidir.

İcra başçımız çox sağ olsun, şəhəri gözəl düzəldib. Hər yerdə asfaltlar, mərmər səkilər, binaların fasadları hər yeri qaydasındadır. Eldar Əzizovla şəhər tədbirlərində iştirak edəndə görüşürük. Ancaq özünə hansısa problemlə bağlı yaxınlaşmamışam. Ona görə çox sağ ol deyirəm ki, şəhərimizi gözəlləşdirir, yaradır, biz də gəzirik, baxırıq ürəyimiz açılır”.

Keçmiş “Yuxu” rok- qrupunun bass gitaristi, roker İbrahim Emin doğma şəhərində razı və narazı qaldığı məqamlardan danışıb.

“Məhlə daxili işıq dirəklərində çox vaxt işıqlar yanmır. Mikrorayon daxilində yol örtüyü bir o qədər ürəkaçan deyil. Asfalt bərbad gündədir. Mənim belə bir şikayətim ola bilər ki, bunlar düzəltsinlər. Hər il söz verirlər, etmirlər. Kim edəcək, haçan edəcək bilinmir. Hər yer palçıqdır. Magistral yollara sözüm yoxdur, onlar qəşəngdir. Ancaq elə ki, məhəlləyə girirsən, yolların bu gözəlliyi orada görmürsən.

Düzünü desəm, icra başçısı ilə görüşüb, qarşılaşmamışam. Ancaq daha çox yadımda bayramlarda müxtəlif ölçülərdə şirniyyat bişirtdirməsi ilə qalıb. Şəxsən tanış deyiləm, nə deyə bilərəm ki? Vallah heç qarşılaşmaq da istəmirəm. Düzələr düzələr, düzəlməz də özləri bilər. O paxlava , tortun yerinə yolları düzəltsələr yaxşı olar. Lakin gözəl şeylər də var. Sumqayıtda parkı bərpa ediblər, körpünü dəyişdiriblər, indi də gözəl stadion tikirlər. Görünür ki, iş gedir”.

Sumqayıtdan olan tanınmış meyxanaçı İntiqam Rüstəmov isə icra başçısına meyxana qoşduqlarını deyir.

“Eldar müəllimdən biz çox razıyıq. Xalqın gözü tərəzidir. Şəhərin gözəlliyinə özünüz də baxa bilərsiniz. Şəhərin inkişafına, yaşıllığına, irəli getməyinə söz ola bilməz. Çox gözəl insandır. Sakinlərlə görüşür. Biz dəfələrlə onun qəbulunda olmuşuq. Nailiyyətlərimizə çox sevinib. Bizə deyib ki, ölkəni təmsil edirsiniz. Bu yaxınlarda Sumqayıt haqqında yeni musiqili meyxanamız olacaq. Ona aid klip də çəkiləcək. Orada Eldar müəllimin də adı var.

Layiqli xidmət edir dövlətə Eldar müəllim
Döndərib Sumqayıtı cənnətə Eldar müəllim

İstəyirik ki, bunu doğma şəhərimizə bir hədiyyə kimi ərmağan edək.

Sumqayıt haqqında köhnə bir film var, ona baxıram, hər dəfə baxdıqca da şəhərin nə qədər dəyişildiyni, gözəlləşdiynin şahidi oluram. İstiyərdik ki, şəhərimiz daha da gözəlləşsin, nəzarət çox olsun”.

“Yeni Azərbaycan” qəzetində çalışan sumqayıtlı jurnalist Pərviz Saday Eldar Əzizovdan narazı deyil:

“Bu gün ölkəmizdə yüksək abadlıq-quruculuq işləri gedir. Sumqayıt da bu inkişafdan öz töfhəsini almaqdadır. Ölkə Prezidenti tərəfindən imzalanan regionların sosial inkişafını özündə ehtiva edən Dövlət Proqramlarının uğurlu icrası bizim gənc şəhərimizdə də əsaslı dəyişikliklərin olmasına yol açıb. Məsələn, binaların fasadlarının yenilənməsi şəhərə xüsusi gözəllik bəxş edir. digər tərəfdən, şəhərimizdə yolların genişləndirilməsi istiqamətində görülən işlər, parklarda əsaslı yenidənqurmaların aparılması, şəhərin Cümə Məscdinin əsaslı şəkildə təmir edilməsi olduqca müsbət haldır. Sumqayıt şəhərinin İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da bu mənada xidmətlərini dəyərləndirmək gərəkir. Bir faktı qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyev son bir neçə ildə mütəmadi şəkildə Sumqayıt şəhərində olub və bütün işlərlə yerində tanış olub. Bu olduqca sevindiricidir. Şəhər sakini olaraq mənim fikrimcə, İcra Hakimiyyətinin başçısı kimi də Eldar müəllim işinə olduqca məsuliyyətli yanaşır. Çünki mən şəxsən dəfələrlə İcra Hakimiyyəti başçısının tikinti gedən ərazilərə baş çəkməsinin, gedən işlərlə tanış olmasını şahidinə çevrilmişəm. Hər zaman şəhər sakinləri ilə ünsiyyətdə olur, problemləri dinləyir, köməkliklər göstərir. Belə demək mümkündürsə, bir İcra Hakimiyyəti başçısı kimi Eldar Əzizovun fəaliyyətini yüksək qiymətləndirirəm.

Eldar müəllimdən öncəki icra başçısı, 2011-ci ildə mədəniyyət və turizm nazirinin müavini vəzifəsini yerinə yetirən Vaqif Əliyevin də şəhərimizin inkişafında özünəməxsus xidmətləri olub. Həm bir jurnalist, həm də şəhər sakini kimi Vaqif müəllimin də fəaliyyətini yüksək dəyərləndirirəm. Amma Eldar Əzizovun gəlişi ilə şəhərimizdə aparılan işlər daha sürətlənib desək, daha doğru olardı. Bütün işlərdə bir dinamizm hiss olunur. Bu isə şəhərin gözəlləşməsini daha da sürətləndirir.

Şəhərmizdə ən əsası gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün müəyyən işlərin görülməsini istərdim. Digər tərfədən, ailəvi istirahət mərkəzləri baxımından daha çox işlərin görülməsinə ehtiyac var. İstərdim ki, şəhərimizin Dram Teatrının fəaliyyətində dönüş olsun və bu teatrın əvvəlki şöhrəti qayıtsın. Yeni filmlərin nümayişi məsələsi öz həllini tapsın. Bu gün demək olar ki, şəhərimizdə yeni filmlərin nümayişi məsələsi çox durğun vəziyyətdədir. Bundan başqa, şəhərin dəniz kənarı istirahət məkanlarının abadlaşmaya ehtiyacı var. bir haşiyəyə çıxıb bildirmək istəyirəm ki, Sumqayıt dünyanın nadir şəhərlərindəndir ki, çirmərlik şəhərin içində yerləşir. Bu mənada, fikrimcə, qaşıdakı illərdə şəhərin içində yerləşən çimərliyin daha da gözəlləşdirilməsi, orada turizm məkanlarının salınması məsələsinə baxmaq olar. Bu həm iqtisadi cəhətdən, həm də inkişaf baxımından şəhərimizə xüsusi üstünlüklər qazandırar. Mən də bütün sumqayıtlılar kimi öz şəhərimi sevirəm və şəhərimizin gələcək inkişafında da bir Sumqayıt sakini olaraq əlimdən gələni etməyə hər zaman hazıram…”

Şahanə RƏHİMLİ

Facebook Şərhləndirmə:

“Eldar Əzizov necə işləyir: yaxşı, yoxsa pis?” yazısına 5 cavab

  1. ilham deyir:

    Xalqın gözü tərəzidi. İmkan olsa şərq bazarı ətrafına gəlin.başçının və bazarın nə gündə olduğunu bilərsiz.

  2. ilham deyir:

    Xalqın gözü tərəzidi. İmkan olsa şərq bazarı ətrafına gəlin. Camaatdan soruşun. Tam qədim biləcəksiz.

  3. Saxta insan deyir:

    Sumqayita bir terefden zibil iysi gelir deniz terefdenden kanalizasiya iysi ha bu millet nece boynu skocludu bu boyboyda sheyleri danirlar ha bulara boyuk skoc alib vermek lazimdi.Vallah bulara sozum qalmadi.Allah (c.c) belalarini versin belke bela gelende bu mesele onlara catar.

  4. Sehruz Zakirov deyir:

    2011-ci ildən Sumqayıt şəhərində abadlıq işləri aparılmağa başlanılıb.Əvvəllər bərpa və təmizlik işləri məhəllə və mikrarayonlarda aparılırdısa indi Sumqayıtın mərkəzi yol və yaşayış sahələri tanınmaz halda gözəlləşdirilib.Maşın yolları genişləndirilib və yeni asfalt örtüyü çəkilib.Müəsisələrə nəzarət iş yerlərinin artırılması yeni müəsisələrin açılması işin keyfiyyətinə nəzarət gücləndirilmişdir.Yəqin ki bu işlər davamlı olacaq və bu işlərin aparı lmasında icra başçısı Eldar Əzizovun əməyi vardır.

  5. Samir deyir:

    Eldar Əzizov Gəncəyə necə baxırdısa , Sumqayıtada elə baxır. Men müsahibe verenlere deyirem kişi olun düzün düyin. Sumqayıtdan zibilli Şəhər var? Bütün köhnə binaların padvalı su içindədi. Həyət yolları bərbad maşında keçə bilmir. Uşaxların istirahəti üçün binaların qarşısında heçnə yoxdu. İnanın yazmaqınan qurtarmaz. Bir onu bilirəm yaxşı şirniyat və alkopan ustasıdır.

Şərhinizi yazın